«Hər şey hökumətin elan etdiyi rəqəmlərlə eynidirsə, nəyə görə iş yerləri itirilir, istehsal aşağı düşür, problemli bank kreditləri artır»
Hökumət təmsilçiləri yenə ənənəvi yalan bəyanatlarını işə salmağa başlayıblar. Ölkənin hazırda ağır durumda olduğu bir zamanda iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev bildirib ki, son on ildə ölkədə yoxsulluq 8 dəfə azaldılıb. Bu fikirləri Ş.Mustafayev Azərbaycanda səfərdə olan Serbiya Respublikasının baş naziri Aleksandr Vuçiçin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə söyləyib: “Ölkəmizdə makroiqtisadi və maliyyə sabitliyi və davamlı iqtisadi inkişaf təmin olunub. Son 10 ildə ÜDM-in 3, dövlət büdcəsinin gəlirləri 12,2, xarici ticarət dövriyyəsi 4,3 dəfə artıb. Yoxsulluq səviyyəsi isə 8 dəfə azalıb, işsizlik 4,9 faiz təşkil edib”.
Açıqlanan rəqəmlər nə dərəcədə həqiqətə uyğundur? Manatın devalvasiyasından sonra ölkədə durumun daha da ağırlaşdığı, 2.5 milyon nəfərin banklara kredit borcu olduğu niyə nəzərə alınmır? Neftin qiymətinin düşməsinin fonunda Azərbaycanda da işsizliyin sayı buna uyğun olaraq isə yoxsulluq artıb. Amma bu göstəricilər nəzərə alınmır.

Iqtisadçı Nemət Əliyev bildirdi ki, son on il müddətində həqiqətəndə ÜDM-də artım olub. Bu proses ümumi şəkildə götürəndə əhalinin pul gəlirlərinin artımında da özünü göstərmişdi. Amma ölkə daxilində başqa paralel proseslər də gedirmiş. Ölkədə qiymətlərin də sürətlə artdığını deyən N.Əliyev bildirdi ki, hazırda dövlət büdcəsi artaraq 21 milyard dollara çatıb: “Amma son dövrlər baş verənlər, yüksək templə müşahidə olunan proseslər öyünməyə əsas vermir. Ölkə iqtisadiyyatının təhlili, dinamikalar üzrə aparılan müşahidələr onu göstərir ki, Azərbaycanda yüksək artım templəri təbii resurslarının xam şəkildə yerin altından çıxarılaraq xaricə satmaq hesabına baş verib. Bu, Azərbaycanda iqtisadi sistemin qurulması anlamına gəlmir. Neftin qiymətinin aşağı düşməsinin fonunda ölkə iqtisadiyyatında hansı silkələmənlərin baş verdiyinin şahidi oluruq”.
2010-cu ildə ÜDM-də baş verən 26 və 35 faizlik artımların səviyyəsinin daha sonra aşağı düşdüyünü deyən N.Əliyevin fikrincə, bəlli oldu ki, ÜDM-in artımında real sektorun kəskin aşağı düşüb. N.Əliyev vurğuladı ki, hazırda baş verənlərin fonunda Azərbaycanın itkiləri milyardlarla hesablanır: “Iki aylıq müddətdə mədən çıxarma sənayesinin itkisi 1.7 milyard dollar olub. Mərkəzi Bankın valyuta ehtiyatları son iki ayda 3.2 milyard dollar itki verib. Təxminən hər aya 1.6 milyard dollar itki düşür. Və yaxud iki aylıq dövrdə məlum oldu ki, ölkədəki qiymətlərin artım sürəti əmək haqqının artım sürətini 180 dəfəyə yaxın üstələyib. Yəni əhalinin alıcılıq qabiliyyəti kəskin şəkildə aşağı düşüb. Emal sənaye sahələrində kəskin şəkildə tənənzül var. Ölkənin bütün iqtisadi göstəriciləri itkiyə doğru hərəkət edir. Ölkənin bank sistemi çox ağır günlərini yaşayır. Qısa zaman kəsiyində 14 bank kreditləşmə prosesində iştirak etməyəcəyini bəyan edib. Bundan sonra bankların perspektivi ilə bağlı açıq-aydın gələcək görsənmir”.
N.Əliyev bildirdi ki, əgər hadisələrin inkişafı bu templə davam edəcəksə, ölkə iqtisadiyyatında ciddi fəsadlar daha da dərinləşəcək. “Neft gəlirlərindən əldə olunan müəyyən nailiyyətlərə baxıb qürrələnməyə dəyməz. Yoxsulluq səviyyəsi ilə bağlı hökumət elan edib ki, yoxsulluq və işsizliyin səviyyəsini 5 faizə çatdırıb. 2000-ci illərin əvvəlində yoxsuluğun səviyyəsi 49 faiz elan edilmişdi. Bu gün Azərbaycan hakimiyyəti 49 faizlik yoxsulluğu 5 faizə endiribsə, o zaman alternativ sual ortaya çıxır. Nəyə görə həmin 5 faizi də ləğv etmirsiniz? Məsələ burasındadır ki, bunların dedikləri, apardıqları hesablamalarla əhalinin real yaşam səviyyəsi arasında kəskin fərq var”, deyə N.Əliyev vurğuladı.
Ekspertin sözlərinə görə, əgər hər şey hökumətin elan etdiyi rəqəmlərlə eynidirsə, nəyə görə iş yerləri itirilir, istehsal aşağı düşür, problemli bank kreditləri artır. Ona görə N.Əliyev hesab edir ki, Ş.Mustafayevin açıqlamaları ictimaiyyətin gözünə kül üfürməyə hesablanıb
Xəyal


