Düşünülmüş siyasətin fəsadları

Yaxud «çürük meyvə»ni bəhər saymaq olarmı?

 
Azərbaycan uzun illərdi “saxta optimist”lərin əsarətindədir. Ölkə ildən-ilə geri düşür, sosial-iqtisadi vəziyyət böhran həddinə çatıb, qeyri-neft sektoru yox vəziyyətindədir, təhsil, səhiyyə, hüquq sistemi məhv edilib, aparılan xarici siyasət ölkəni dünyadan təcrid olunmuş vəziyyətə salıb. 
Amma bütün bunlara baxmayaraq ölkə başçısı və onun ətrafında olanlar analoqsuz inkişafdan, uğurlu daxili və xarici siyasətdən danışırlar. Vətəndaş real vəziyyəti gördüyü halda, ağır vəziyyəti öz həyatında hiss etdiyi halda vətəndaşa sübut etmək istəyirlər ki “sən cənnətdə yaşayırsan”. Artıq yalan danışmaq, yalan rəqəmlər səsləndirmək, yalan təbliğat yürütmək dövlət siyasətinin əsas tərkib hissəsinə çevrilib.
Deməli, aprelin 10-da ölkə başçısı Ilham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclas keçirildi. Bu iclasada da ənənəvi vədlər, inkişaf nağılları səsləndirilib, dərmanların qiymətinin baha olmasından söhbət açılıb, yalançı rəqəmlər  istehsal edilib.
Bu iclasdan sonra da “saxta optimist”lər “bəh-bəh” nəğmələrinə start veriblər. Guya, Ilham Əliyevin müşavirədə səsləndirdiyi fikirlər, gördüyü işlər məqsədyönlü, uzaqgörən, dahiyanə siyasətin göstəricisi imiş. Hətta “Azərbaycan” qəzeti “Düşünülmüş siyasətin real bəhrələri” adlı məqalə də dərc edib.
Bəli, biz bu “düşünülmüş” siyasətin çürük meyvələrini dəririk, bunlar bunu bəhrə kimi təqdim edirlər. Məqalədə  kənd təsərrüfatı, enerji, nəqliyyat və digər sahələrdəki uğurlardan söhbət açılır. Sonda isə bildirilir ki, dövlət heç vaxt vətəndaşı problemlərlə təkbətək qoymur. 
Sadəcə olaraq, bu analoqsuz yalanlara “əl çalmaq” lazımdır. Çünki, bunun özü də istedad tələb edir.
Əslində Azərbaycanın bugünkü vəziyyəti həqiqətən də  düşünülmüş və məqsədyönlü siyasətin nəticəsidir.
Uzun illər ərzində məqsədli şəkildə qeyri-neft sektoru inkişaf etdirilmədi, bütün sahələrdə monopoliya hakim oldu, azad sahibkarlıq sıradan çıxarıldı, vətəndaş cəmiyyəti institutları məhv edildi, iqtisadiyyat neftdən asılı vəziyyətə salındı və korrupsiya dövlət siyasətinə çevrildi.  Bəli, Azərbaycan vətəndaşının işsizliklə, yoxsulluqla sınağa çəkilməsi, 2.5 milyon vətəndaşın kredit borcu ödəməsi, 2 milyondan artıq vətəndaşın dolanışıq üçün ölkəni tərk etməsi, düşünülmüş siyasətin “bəhrə”sidir. 
Indi 12 ildən sonra hakimiyyət ayılıb ki, kənd təsərrüfatını inkişaf etdirmək, isarfçılığa son qoymaq, valyuta ehtiyatlarından səmərəli istifadə etmək, dərman pereparatlarının qiymətini aşağı salmaq lazımdır. Ancaq bu vədlərə də əməl olunmur və bütün bu neqativlərin başında hakim komanda dayanır.
Görünür, mənasız bir yarışmaya 8 milyard xərcləmək, ermənilərə hesab ödəmək, sosial vəziyyətin ağır olduğu bir vaxtda “Gül bayramı” adı altında israfçılıq etmək də düşünülmüş və məqsədyönlü siyasətin davamıdır. 
Bundan sonra da bu “düşünülmüş” siyasət Azərbaycanı ağır vəziyyətə salmağa davam edəcək. Çünki, hakimiyyət korrupsiyadan, yalandan və talandan əl çəkmək fikrində deyil.
Bir sözlə, biz də təsdiqləyirik ki, Azərbyacanın bugünkü  dəhşətli vəziyyəti düşünülmüş siyasətin bəhrəsdir. Hökumət təmsilçiləri isə hesab edir ki, iqtisadiyyatı, hüquq sistemini, təhsili, səhiyyəni bərbad vəziyyətə salmaq  müdrik siyasətdir.
Azərbaycan vətəndaşları bu düşünülmüş və məqsədyönlü siyasətin qurbanlarıdır.
Azad