“Avropanın ölməz diktaturaları”

Avropa Birliyi Lukaşenko və Əliyevə görə ittiham olundu

Bu yaxınlara qədər Belarusda siyasi məhbus həyatı yaşamış Ales Bialiatski Avropa Birliyini diktatura rejimlərinə adekvat münasibət göstərmədiyinə görə tənqid edib. Onun bu haqda hazırladığı geniş həcmli məqalə elə Avropa Ittifaqının fəaliyyətindən bəhs edən “observer.com” saytında yayımlanıb. “Avropanın ölməz diktaturaları” başlıqlı məqalənin tərcüməsini təqdim edirik:
***
Mənim adım Ales Bialiatskidir. Əgər beynəlxalq ictimaiyyətin, xüsusən Avropa Ittifaqının yorulmaz səfərbərliyi olmasaydı, bəlkə də mən indi bu cümlələri Belarusun cənub şərqindəki Bobrusk həbsxanasının dəmir barmaqlıqları arxasından yazardım.
Mən 2014-cü ilin iyununda azadlığa çıxmışam. Amma başqa siyasi məhbuslar Avropa həbsxanalarında, xüsusən Azərbaycan və Belarusda əvvəlki kimi bu gün də saxlanılmaqda davam edir. Mənim ölkəm dəfələrlə “Avropanın sonuncu diktaturası” adlandırılıb. Lakin belə görünür ki, bu məyusedici ad uğrunda rəqabət var. Belarusda ifadə, birləşmə, toplaşma azadlıqlarının məhdudlaşdırılması halları kifayət qədər çoxdur. Həmçinin siyasi motivli inzibati həbslərə, əsassız tutulub saxlanılma hallarına da tez-tez rast gəlinir. Hakimiyyətin tabeliyində olan məhkəmə sisteminin qərarı ilə ötən il üç ölüm hökmü icra olunub. Hazırda daha iki ölüm hökmünə baxılır. Bu ilin noyabrında keçiriləcək seçkilərdən heç bir demokratik dəyişiklik gözləntisi yoxdur.
Azərbaycanda da hakimiyyət xüsusən 2014-cü ildən demokratiya tərəfdarlarına qarşı repressiyaları gücləndirib. Onlarla hüquq müdafiəçisi, jurnalist, vəkil həbsxanaya salınıb. Bu ölkədə dondurulmuş bank hesabları vasitəsilə boğulan vətəndaş cəmiyyəti tamamilə məhv olmaq üzrədir.
Öz vətəndaşlarına qarşı ən qəddar tədbirlərə əl atan Lukaşenko və Əliyev eyni zamanda, beynəlxalq ictimaiyyətin diqqətini cəlb etmək üçün səylər göstərir.
Belə görünür ki, Lukaşenko Ukrayna ilə bağlı danışıqlarda vasitəçi rolunda iştirak eləməklə tədricən Avropa liderlərinin sırasına qoşulur. Əliyev də iyunda Bakıda keçiriləcək Avropa Oyunları vasitəsilə nüfuz qazanmağa ümid edir. Yeri gəlmişkən, Avropa Oyunları bir sıra beynəlxalq təşkilatların Azərbaycandakı real mənzərəni, vətəndaş cəmiyyətinə qarşı repressiyaları beynəlxalq aləmə nümayiş etdirmək üçün “Insan haqları naminə idman” kampaniyası təşəbbüsünə qoşulmasına səbəb oldu.
Bəs bu cür hallara qarşı Avropa Ittifaqının mövqeyi nədən ibarətdir?
Belarusla bağlı məsələdə dəfələrlə Avropa Birliyi münasibətlərin normallaşmasına imkan yaratmaq baxımından siyasi məhbusların azadlığa buraxılmasına təkid edib.
 
Bu vacibdir, lakin kifayət deyil
 
Avropa Ittifaqı vətəndaş cəmiyyətinə qarşı təqiblərə son qoyulması, ölüm hökmünün dayandırılmasını münasibətlərdə ilkin şərt kimi qoymalıdır.
Azərbaycana gəlincə, mayda Avropa Birliyinin “Şərq Tərəfdaşlığı” proqramının sammiti keçiriləcək. Sammitə qədər Avropa Birliyi Azərbaycan hökumətinə çatdırmalıdır ki, orada strateji tərəfdaşlıq razılaşmasının imzalanması məsələsi bu ölkədə insan haqları məsələsindən asılı olacaq.
Siyasi məhbuslar azadlığa buraxılmağa necə ümid edə bilərlər ki, Avropa Birliyinin üzvü olan ölkələr demokratiya, insan hüquq və azadlıqlarına hörmətlə bağlı üzərlərinə götürdükləri öhdəliklərə heç də həmişə əməl etmirlər?!
 
Şərq Tərəfdaşlığı təzyiq altında
 
Son aylarda Şərq Tərəfdaşlığı getdikcə daha da artan təzyiq altındadır. Ukraynada Maydanda, Krımda və Donbassda törədilən cinayətlər, Ermənistanın Gömrük Ittifaqı çərçivəsində Rusiyaya birləşmək qərarı, Azərbaycan hökumətinin vətəndaş cəmiyyətinə qarşı repressiyaları gücləndirməsi – bütün bunlar “Şərq Tərəfdaşlığı” proqramının qarşıya qoyduğu məqsədlərə ciddi problemlər yaradır. Halbuki, bu proqram bütün şərq qonşularında insan hüquqları sahəsində inkişafa nail olmağı qarşıya məqsəd qoymuşdu.
Belə çətin vəziyyətdə belə, Avropa Ittifaqı “Şərq Tərəfdaşlığı” proqramının üzvü olan ölkələrdə insan hüquqlarına hörmət məsələsində geri çəkilməməlidir.
Avropa Ittifaqı Azərbaycanın, Ukraynanın işğal olunmuş ərazilərilə bağlı məsələni də diqqətdən kənarda saxlaya bilməz. Belarusda, Azərbaycanda və Şərqi Avropanın digər ölkələrindəki demokrat fəallar Avropa Ittifaqına strateji planda insan hüquqları ilə bağlı uzun müddəti əhatə edəcək proqramlar təqdim etməlidir.
Əgər Avropa güclü olmaq istəyirsə, bütün ölkələrdə xalqların insan hüquqları və demokratiya ilə bağlı tələblərini dəstəkləməli, onların hamısına bərabər münasibət bəsləməlidir. Geostrateji vəziyyət nə qədər çətin olsa da, demokratiya və insan haqları məsələsi hər şeydən daha çox əhəmiyyət kəsb edir.