Fevral ayının 5-də ölkə başçısı Ilham Əliyevin fərmanı ilə ləğv edilən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin səlahiyyətlərinin 3 dövlət qurumu arasında bölgüsü hələ də başa çatdırılmayıb. Strateq.az xəbər verir ki, fərmana əsasən, ləğv edilən komitənin səlahiyyətlərinin 3 dövlət qurumu – Əmlak Məsələləri Dövlət Komitəsi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Dövlət Sərhəd Xidməti arasında iki ay ərzində bölünməsi bitməliydi.
Ancaq aprel ayının 5-də aydın olub ki, ləğv edilən komitənin səlahiyyət bölgüsü ilə bağlı işləri yekunlaşdırmaq mümkün olmayıb: “Məhz buna görə də komitə üzrə yaradılan ləğvetmə komissiyası Prezident Administrasiyasına müraciət edərək, əlavə bir ay da vaxt istəyib. Razılıq verildikdən sonra isə komissiya üzvləri bu müddətin bir ay uzadılması haqqında ümumi razılığa gəliblər. Beləliklə, təhvil-təslim işləri prezident fərmanında göstərilənlərin əksinə olaraq, may ayının 5-də başa çatdırılacaq”.
Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin səlahiyyətlərinin bir hissəsinə sahiblənən Əmlak Məsələləri Dövlət Komitəsi xəbəri təsdiqləyib.
Qeyd edək ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin keçmiş sədri Qərib Məmmədov Prezident Administrasiyasının (PA) rəhbəri Ramiz Mehdiyevin kadrı kimi tanınır. Bu qurumun ləğv edilərək Qərib Məmmədovun “oyundan kənar vəziyyətə” salınması da Ramiz Mehdiyevə zərbə kimi qiymətləndirilirdi. Özü də bu baş verənlər PA rəhbərinin səhhətilə ilə əlaqədar görünməz olduğu dövrə təsadüf edir. Ramiz Mehdiyev artıq işinin başına qayıdıb və məlum olur ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsilə bağlı təhvil-təsdim işləri hələ başa çatmayıb. Məlumat üçün deyək ki, bir müddət əvvəl təhsil şöbələrinin ləğvi və onların bazasında regional idarələrin yaradılması barədə Ilham Əliyev sərəncam vermişdi. O zaman bu, Ramiz Mehdiyevə rəqib qruplaşmanın təhsil şöbələrini icra başçılarının nəzarətindən çıxarmaq və bununla da PA rəhbərinin bu sahəyə təsir imkanlarını azaltmaq niyyəti ilə izah edilirdi. Lakin az sonra bu sərəncamın icrası qeyri-müəyyən vaxta saxlanıldı. Faktiki olaraq sərəncam olaraq geri oxundu. Bu da Ramiz Mehdiyevin səylərinin nəticəsi kimi dəyərləndirildi. Oxşar olay Dövlət Torpaq və Xəritəçəkmə Komitəsilə ilə bağlı baş verə bilərmi? Iddia etmirik, amma buna oxşar halın olduğunu da qeyd etməyi lazım bilirik.


