Nemət Əliyev: «Tez-tez belə dəyişkənlik baş verəcəksə, o zaman topdan və pərakəndə ticarət şəbəkələrində sabitlik pozulacaq»
Manatın devalvasiyasından sonra milli valyuta dəyər itirməkdə davam edir. Fevralın 21-də əgər dolların kursu 1.05 manat müəyyənləşmişdisə, ötən müddət ərzində məzənnədəki dəyişiklik cüzi olsa da, bunun hər gün baş verməsi kiçik və orta sahibkarlara ciddi ziyan vurub.
Aprelin 13-də Azərbaycan Mərkəzi Bankı milli valyutanın dollara qarşı məzənnəsini 1 dollar – 1,0537 manat səviyyəsində müəyyən edib. Bu, şənbə günü olan 1,052 manat olan məzənnədən aşağıdır. Beləliklə, milli valyutanın “yumşaq” ucuzlaşması bir həftədir davam edir. Bu təmayül növbəti ajiotaja və dollar defisitinə səbəb olub. Bu arada, valyutadəyişmə məntəqələrində dolları 1,06 manata alırlar, 1,074 manata satırlar.
Bir müddət əvvəl Mərkəzi Bank manatın məzənnəsinin ucuzlaşmasını kursun bivalyuta səbəti – dollar və avro məzənnələri əsasında formalaşması ilə izah edib. Son günlər dolların avroya nisbətdə məzənnəsinin artması manatın məzənnəsinə təsir edir.
Bundan da əvvəl isə AMB elan edib ki, artıq milli valyutanın məzənnəsini süni şəkildə müəyyən səviyyədə saxlamayacaq.
Amma bir məqamı da nəzərə almaq lazımdır ki, gündəlik iri miqdarda valyuta dəyişən şəxslərə dollar heç də valyutadəyişmə məntəqələrinin tablolarında yazılan formada satılmır.
Digər tərəfdən, fevralın 21-də əgər 1000 dollar almaq üçün 1050 manat vəsait xərcləmək lazım idisə, hazırda buna görə 1070 manat pul vermək gərəkir. Bu isə sahibkarlar üçün sərf etmir. Çünki məbləğ artdıqca itkinin miqyası da artır. Çünki fevralın 21-dən ötən müddət ərzində 10 minlik dövriyyəsi olan sahibkar iki yüz, 100 minlik dövriyyəsi olan isə 2 min manat itkiyə məruz qalır. Bu isə biznes mühiti üçün xoşagəlməz haldır.
Iqtisadçı Nemət Əliyev bildirdi ki, hazırda görünən odur ki, manatın ucuzlaşması prosesi davam edir. Mərkəzi Bankın isə bu prosesin qarşısını almaqda acizlik nümayiş etdirdiyini deyən N.Əliyev bildirdi ki, MB yığılmış ehtiyatlarını xərcləmək istəmir: “Hazırda Mərkəzi Bank bir tərəfdən valyuta ehtiyatlarını xərcləyir, digər tərəfdən isə manatın ucuzlaşmasının qarşısını ala bilmir. Çünki bu vəziyyətin yaranmasını şərtləndirən səbəblər aradan qaldırılmayıb. Ona görə də manatın ucuzlaşması prosesi davam edəcək. Dörd gün bundan əvvəl 1 dollar 1.0517 indi isə məzənnə 1.0537 oldu. Manatın dollar qarşısında məzənnəsinin bu dərəcədə aşağı düşməsi ciddi narahatçılıq yaradır. Idxal olunan malların çəkisi artdıqca, o biri tərəfdən isə dollar manat qarşısında dəyərini itirdikcə, bu, bazarda qiymətlərin sürətlə artmasına rəvac verir. Eyni zamanda baş verənlər ticarət şəbəkəsində çalışanların sabit iş rejimini pozmağa ünvanlanıb. Əgər tez-tez belə dəyişkənlik baş verəcəksə, o zaman topdan və pərakəndə ticarət şəbəkələrində sabitlik pozulacaq. Burada sabitliyin pozulması da ağır fəsadlarla müşahidə olunacaq”.
N.Əliyevin sözlərinə görə, artıq şirkətlər mallarını bir neçə gün ləngidib daha sonra satışa çıxarmağa üstünlük verəcəklər ki, bununla bir qədər artıq qazanc əldə etməyə çalışacaqlar. Bu hal isə normal iş rejimini pozur. N.Əliyev hesab edir ki, manatın məzənnəsinin bu formada oynaması dolayı şəkildə istehsala zərbədir: “Manatın dollar qarşısında məzənnəsini bu dərəcədə itirməsi istər-istəməz idxala stimul verəcək. Azərbaycanda proseslər bu istiqamətdə inkişaf edir. Yanvar-fevral ayları ərzində ölkəyə idxal olunan malların həcmi 43 faizdən çox artıb. Idxalın ümumi ticarət dövriyyəsindəki çəkisini xeyli dərəcədə artırmaqla Azərbaycanın daxili bazarlarında da əmtəə dövriyyəsini artırırlar. Artıq idxal olunan malların çəkisi bazarlarda 50 faizin üstünə qalxıb. Əgər idxal olunan malların çəkisi manatın ucuzlaşmasının fonunda bu dərəcədə qalxırsa, bu, bütün ölkə üzrə malların qiymətinin qalxmasına təkan verəcək”.
Xəyal


