Obama geri çəkildi, nüvə anlaşması riskə girdi

ABŞ prezidenti İrana qarşı sanksiyaları təkbaşına ləğv edə bilməyəcək
 

Uzun mübahisələrdən sonra ABŞ prezidenti Barak Obama geri addım ataraq Konqresin İranın nüvə proqramına dair tələbi ilə razılaşmalı oldu. Konqres prezidentdən tələb edirdi ki, hökumət və parlament nüvə proqramı ilə bağlı addımları onlarla koordinə etsin.
 
Obama yaxın vaxtlarda bununla bağlı sənəd imzalayacaq. Sənədə əsasən, ABŞ Konqresi İranla istənilən anlaşmanı rədd edə bilər. Bu halda, Obama İran üzərindən yalnız özünün qoyduğu sanksiyaları götürə biləcək. Konqresin qərarı ilə qoyulan sanksiyaları isə ləğv etməyə hüququ olmayacaq. Bu da o deməkdir ki, İranın nüvə sazişi yenidən təhlükə altına düşür. İran sanksiyaların tədricən deyil, sazişin imzalandığı gün aradan qaldırılmasını tələb edir. Və əks halda, heç bir sənədə imza atmayacağını bildirir. Konqreslə bağlı son qərar isə göstərir ki, bu qurum istəmədiyi təqdirdə, sanksiyalar aradan qalxmayacaq. Bir sözlə, sanksiyalar məsələsində yeganə qərarverici ABŞ prezidenti olmayacaq.
 
Xatırladaq ki, bir neçə gün əvvəl İranla «altılıq» ölkələri arasında nüvə proqramı ilə bağlı ilkin razılıq əldə olunub. Yekun sənədin isə bu ilin iyun ayında imzalanması planlaşdırılır.
 
Gültəkin