“Ölkəmizi məhv edən korrupsiyadır”

Tanınmış hüquqşünas Aslan İsmayılov Nobel prospektində aprelin 10-da yanan binayla bağlı öz facebook səhifəsində status paylaşıb. Statusu diqqətinizə çatdırırıq: "200 manat rüşvət alan, 10 min manat mənimsəyən iş icraçısı haqqında dərhal cinayət işi qaldırıb, xüsusi bəyanatla çıxış edən Zakir Qaralovun başçılıq etdiyi Azərbaycan Respublikası Baş Prokurorluğunun aprelin 10-da Xətai rayonu, Nobel prospekti, Məhəmməd Hadi küçəsində çoxmərtəbəli yaşayış binasında baş vermiş dəhşətli yanğın hadisəsi ilə bağlı susduğundan bəzi məqamları yadlarına salmaq istəyirəm.
Baş vermiş yanğın hadisəsi sıradan bir cinayət deyil. Söhbət tək milyonlarla manatlıq dövlət vəsaitinin yanmasından getmir. Şükürlər olsun ki, bu dəfə də insan tələfatı olmadı. Təsəvvür edin ki, insanlar əşyalarını mənzillərindən çıxararkən pilləkənlərdə qarışıqlıq, panika yaransaydı diri-diri yanıb külə dönən insanların sayı onlarla olardı…
Evsiz, eşiksiz, gündəlik tələb olunan əşyalarından mərhum olumuş insanların minimum yaşayışını təmin etmək üçün yenidən dövlət büdcəsindən on milyonlarla manat silinəcək, hələ nə qədər də mənimsəniləcək.
Yanmış binanın yenidən təmiri də milyonlarla manata başa gələcək, yenə də kimlərinsə cibindən deyil, Bizim, vergi ödəyicilərinin büdcəyə ödədiyi pullardan olacaq.
Normal cəmiyyətdə orada yaşayanların hamısı birinci növbədə psixoloji reabilitasiya keçməli, yanğın zamanı ayrılan zəhərli tüstünün təsirinə məruz qalmış hər bir insan isə toksoloji müayinədən keçirilməlidir. Bu müayinələr də külli miqdarda vəsait tələb edir.
Yəni tək bu yanmış bina ilə dövlətə on milyonlarla ziyan dəymişdir. Hələ həmin binalarda yaşayan insanların sağlamlıqlarına hər dəqiqə vurulan dəhşətli ziyandan danışmıram.
Ən acınacaqlısı da odur ki, əsas təhlükə bu binaların yanacağında deyil, həmin gah alkapon, gah penoplast, gah penapoliuretan, gah prefabrik fasad, gah penopolistirol və başqa cür adlanan material polistirol tərkiblidir. Tikintidə istifadə olunan istənilən material eyni zamanda beş prisipial tələbə – kimyavi, fiziki, bioloji, yanğın, mexaniki təhlükəziliyə cavab verməlidir. Bu material isə sadalanan tələblərin heç birinə cavab vermir. Ən dəhşətlisi isə onun ekoloji göstəriciləridir. Onun tərkibi polistiroldan ibarətdir. Polistirol termodinamik cəhətdən möhkəm olmayan polimerdir və o hər dəqiqə stirol-monomer buraxır. Stirol-monomer isə insan həyatı üçün ölümcül təhlükəlidir və insanlarda sürətlə xərçəngi inkişaf etdirir. 2001-ci ildən artıq bütün dünya bunu etiraf edib. Bu isə artıq öz millətinə qarşı yönəlmiş soyqırımdır!
Hal-hazırda bu cür yanmağa növbədə olan yüzlərlə bina vardır. Deməli minlərlə insanın həyatı hər dəqiqə təhlükədədir.
Havalar istiləşdikcə bu təhlükələr daha da artacaq. Çünki həmin qaplama materialları tez bir zamanda, heç bir kənar müdaxilə olmadan belə həddindən artıq isti hava şəraitində də alışıb yana bilər. Yəni bizi qarşıda yüz milyon manatlarla ölçüləcək maddi ziyan və Allah eləməsin çoxsaylı insan itkisi gözləyə bilər.
Bütün sadaladığım hallar baş verməyə bilərdimi, qanun bunu tənzimləyirdimi, yoxsa bu təbii fəlakətdir? Əsla yox! Heç bir təbii fəlakətdən söhbət gedə bilməz. Bu hamısı ölkəmizi məhv edən KORRUPSIYADIR. Əgər Baş Prokururluq və cavabdeh strukturlar vəzifələrini layiqincə yerinə yetirsəydilər bu biabırçılıqlar baş verməzdi.
AR Prezidenti İlham Əliyevin 28 fevral 2006-cı il tarixli sərəncamı ilə AR Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yaradılmış, 25 iyun 2010-cü il tarixdə isə AR Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Yanında Şəhərsalma Şurasının 12 nəfərdən ibarət tərkibi təsdiq edilmişdir. Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Memarlıq və Şəhərsalma Baş idarəsi yanında Bakı şəhər Reklam və İnformasiya idarəsi və Şəhər ərazisinin tikinti-planlaşdırma idarələri də fəaliyyət göstərir.
Bütün bu təşkilatlar Bakı şəhərinin planlaşdırılmasına və tikilməsinə rəhbərlik edir, tikintinin məqsədəuyğun və əlverişli yerləşdirilməsini, yeni yaşayış və sənaye rayonlarının planlaşdırılmasını və tikintisini, eləcə də əhalinin məişət, istirahət və əmək şəraitinin daha əlverişli şərtlərini təmin etməkdən ötrü mövcud yaşayış və sənaye rayonlarının yenidən qurulmasını təmin edir, onlara nəzarət edir. Tikinti, yenidənqurma, bərpa, əsaslı təmir, abadlıq, yaşıllaşdırma məsələlərini tənzimləyən tikinti qaydaları və başqa sənədlərin layihələndirmə və tikinti normalarının təkmilləşdirilməsi üzrə təkliflər tərtib edir. Yazının həcmini böyütməmək üçün çoxsaylı nəzarətedici (əslində isə rüşvət yığan) orqanları sadalamıram. Əgər Baş Prokurorluq öz vəzifəsini layiqincə yerinə yetirsəydi son hadisə ilə bağlı dərhal onlarla vəzifəli şəxs haqqında cinayət işi qaldırar, onları məsuliyyətə cəlb edər, həmin təhlükəli qaplamaların dərhal sökülməsini təmin edər, dövlətə vurulmuş ziyanı günahkar vəzifəli şəxslər hesabına ödətdirərdi".