
Bəs, azad olmayan adam xoşbəxt ola bilərmi..?
Corc Qruellin illər öncə yazdığı “1984” romanı indi janr, üslub və forma baxımından orjinallığını qoruyub saxlaya bilməsə də mövzu və məzmun baxımından çağdaş dövrlə səsləşən çox aktual bir əsərdir. Məhz, aktuallığına görə də indiyə qədər 70-dən çox dilə tərcümə olunub. Bu, bir müəllifin eyni adlı əsərinə müraciət baxımından ingilis ədəbiyyatı üçün rekord göstərici sayıla bilər. Nə qədər ki, dünyada totalitarizm və avtoritarizm mövcuddur, təbii ki, “1984” əsəri hələ uzun müddət öz aktuallığını qoruyub saxlayacaq. Əsər mürəkkəb olduğu qədər də sadədir: şüşədən düzəlmiş evlər, 24 saat kamera nəzarəti, şəxsi həyatın hər sahəsinə girmək haqqı olan polis və təhlükəsizlik ordusu, gecə-gündüz bezib-usanmadan təbliğat aparan böyük ekranlar, yalançı və saxtakar mətbuat, yalançı ideologiyalar, saxtalaşdırılmış tarix, idarə edənlərlə idarə olunanlar arasındakı dərin uçurum, bir ovuc dövlət məmurundan başqa hər kəsin yadından çıxmış və taleyin ümidinə buraxılmış qara camaatdan- “ prollar”dan bəhs edən bir romandır. Hadisələr 1984-cü ildə, totalitar Okeaniya dövlətinin əyalət şəhərlərindən birində-Londonda cərəyan edir. Amerikanı, Böyük Britaniyanı, Cənubi Afrikanı, Avstraliya və Okeaniya adalarını öz tərkibində birləşdirən, sərt və amansız qanunlarla idarə olunan bir fövqəldövlətdir. Piramidal quruluşa malik olan Okeaniya cəmiyyəti Daxili Partiya və Kənar Partiya üzvlərindən, habelə həqarətlə prol adlandırılan proletariatdan-yoxsul təbəqədən ibarətdir. Piramidanın zirvəsində dayanan, dar oliqarxik dairədə birləşərək hakimiyyətin bütün qollarını nəzarət altında saxlayan Daxili Partiya əhalinin 2 faizini, əl buyruqçusu və qulluqçusu olan Kənar Partiya 13 faizini “prollar” adlanan kütlə isə 85 faizini təşkil edirlər. Böyük Qardaş sanki partiya üzvlərinin Allahıdır. Okeaniyada bizim klassik mənada qəbul etdiyimiz Allah, Tanrı anlayışları yoxdur. Sadəcə, qadağan olunub. Okeaniyada yalnız və yalnız Böyük Qardaşın ilahiləşdirilmiş obrazı var: cismən heç harda görünməsə də, amma ruhən hər yeri dolaşır, prolları izləyir və sınayır. Ölkədə ancaq bir fikir hakimdir: O, bizim üçün çalışıb-vuruşur. Ona qarşı nə isə düşünən insan fikir cinayəti törətmiş olur və dərhal Sevgi Nazirliyində islah olunmalıdır. Böyük Qardaşa qarşı heç bir şəkk-şübhə ola bilməz. Yaşasın, Böyük qardaş! Özünün təsdiqini əvvəlkilərin inkarı üzərində quran Böyük Qardaşın portretləri bütün küçə və meydanların, idarə və müəssisələrin, hətta yaşayış evlərinin belə divarlarını bəzəyir. Gözəgəlimli yerlərdə onun nəhəng heykəlləri ucaldılbdır. Sakinlər ayaq basdıqları hər yerdə Böyük Qardaşın sərt və sınayıcı nəzərlərini öz üzərlərində hiss edirlər. “Böyük Qardaş sənə baxır!” Böyük Qardaş səni izləyir! Böyük Qardaş səni sınayır! Okeaniya əhalisini daim əqib edən və qara-qorxu içərisində saxlayan əsas fikir budur! Əslində, əsərdə adı çəkilən, özü isə heç bir konkret epizodda görünməyən Böyük Qardaş öz təəbələrini çiddi nəzarət altında saxlayan, daim təqib edən və təzyiqlərə məruz qoyan despotların ümumiləşdirilmiş bir obrazıdır. Ölkə əhalisi, əsasən də Daxili və Kənar Partiya üzvləri üzərində total nəzarət teleekran vasitəsi ilə həyata keçirilir. O, hər yerdə-mənzillərdə, idarələrdə, əsas küçə və meydanlarda quraşdırılmış bir kanallı televiziya və videokameradan ibarətdir. Videokameranın fasiləsiz çəkilişləri nəticəsində isə ölkə sakinlərinin sifətlərinin ifadəsindən tutmuş danışıqlarına qədər hər şeyi izləmək, yaddaşa köçürmək və lazımi məqamda fakt kimi istifadə etmək mümkündür. Okeaniyada sərbəst düşünmək, müstəqil fikir yürütmək, azad söz söyləmək çinayət hesab olunur. Burada söhbət hər hansı bir cinayət əməlinin törədilməsindən deyil, sadəcə onun haqqında düşünməkdən gedir. Məsələn, əgər kimsə Böyük Qardaş haqqında xoşagəlməz bir şey fikirləşirsə, artıq o, cinayətə yol vermiş olur. Ona görə də Boyük Qardaş, ümumiyyətlə fikirləşməyin özünü yasaq edir və fikir cinayətlərinin aşkara çıxarılması üçün, xüsusi olaraq Fikir Polisi yaradır. Hələ bu harasıdır, iş o yerə catır ki, Bğyük Qardaş dözümlü prolların səbrindən sui-istifadə edib müstəqil fikrin, sərbəst düşüncənin və azad sözün hüdudlarını daraltmaq üşün yeni dil lüğəti hazırlatdırır. Dil mütəxəssisləri mövcud ideologiyaya yad olan fikir və anlayışları luğətdən çıxarmaq üçün dildə aramsız ixtisarlar aparırlar, beləliklə sözlər azaldıqca fikirləşmək imkanları da azalıb minimuma endirilir. Cəmiyyət elə bir formaya gəlib çıxıb ki, tarix hər gün dəyişdirilir, yenidən yazılır, saxtalaşdırılır, sənədlər məhv edilir və yeniləri yaradılır. Burada dövlət hər zaman haqlıdır, sülh nazirliyi müharibə, sevgi nazirliyi işgəncələrlə məşğul olur, iqtisadi rifah nazirliyi isə şişirtmə rəqəmləri kütləyə təqdim edərək onları keçmiş dövrdən daha yaxşı yaşadıqlarına inandırmağa cəhd edir. Okeyaniyada yaşayan siyasi mənsubiyyəti olan- olmayan bütün toplum manqurtlaşdırılır. Sevgi Nazirliyində işləyən kiçik məmur Uniston isə hələ də sərbəst düşünür, müstəqil fikir yürüdür və azad söz deyir. Sərbəst düşünmək, müstəqil fikir yürütmək və azad söz demək isə ən ağır çinayət-fikir cinayəti sayılır. Uniston tezliklə özü kimi azad və sərbəst düşünən bir xanımla tanış olur və sevgi macərası yaşayır. Bundan sonra onlar əl-ələ verib despotizmə qarşı mübarizə aparırlar. Amma uğur qazana bilmirlər. Buna baxmayaraq Uniston öz-özlüyündə çıxış yolu kimi tez-tez düşünürdü ki, “nə qədər zombiləşdirilsələr də yenə ümid prollara qalıbdır.” Baxmayaraq ki, prollar azadlıqla xoşbəxtlik arasında seçim etməyə hələ tələsmirlər. Amma gec-tez bu seçimi etmək zorundadırlar, yoxsa həyat mənasını itirib büsbütün məhv ola bilər. Corc Oruelldən roman haqqında da müəllif kimi onun fikrini soruşan tənqidçilərə belə cavab verib: Mən bu cür cəmiyyətin nə vaxtsa ortaya çıxmasına tam inanmıram, amma belə bir despotik rejimin yaranması ağlabatandır, çünki siyasi ambiçiyozların şüuraltında totalitar və avtoritar ideyalar daim mövcud olur və əllərinə keçən ilk fürsətdə bu ideyalardan istifadə edirlər.70 il bundan əvvəl Corc Qruellin ağlına gələnlər indi bizim başımıza gəlir: Axı bizim də əzəli və əbədi olan Böyük Qardaşımız var, axı bizim də hər şeyə sahib olan Daxili partiyamız, əl buyruqçusuna və qulluqçusuna çevrilən Kənar partiyalarımız var, axı bizim zombiləşdirilmiş prollarımız var! Axı bizim də neftimiz qazımız, anoloqsuz inkişafımız var!
Ey gidi dünya…Gör, haralardan hara gəldik: ötən il siyasi müxalifəti tarixin arxivinə göndərən hakimiyyət bu il, həmən müxalifəti dialoqa dəvət edir. Özü də, nəinki, dəvət edir, hətta təhrik və təkid edir. Söhbət, təbii ki, AXCP və Müsavat cütlüyündən, İ.Əliyevin təbirincə desək “milli ünsürlər”dən gedir. O, ünsürlərdən ki, 93-cü ildən üzü bəri AtaBala tərəfindən təqib olunur: bir yarısının ömrü zindanlarda çürüyür, bir yarısı qərib ölkələrdə mühacir həyatı yaşayır, bir yarısı da qeyri-bərabər şaraitdə, ağır şərtlər altında yorulmadan, usanmadan haqq və ədalət uğrunda mübarizə aparır. O zaman ortaya sadə bir sual çıxır: Görəsən nə baş verir?! Xeyir ola, düz 20 il dil-boğaza qoymadan AXCP və Müsavat cütlüyünü söyüb təhqir edən, yaş yuyub quru sərən hakimiyyət indi durub dururkən həmən cütlüyə minnətçi düşüb -namə dalınca namə, elçi dalınca elci göndərir?!