Azərbaycan Finlandiya ola bilərmi?

elnurastanbeyli@gmail.com
 
Bu günlərdə türk qəzetçilərdən birinin (Vahap Munyar, “Hurriyet” qəzeti yazarı) Finlandiya gəzisini anladan yazısını oxudum. Yazıda iki məqam daha çox diqqətimi çəkdi.
O mənada ki, hər iki məqam Finlandiyanı gəlişdirən səbəbləri ortaya qoyur, onları oxuduqca YAP rejiminin Azərbaycanı hansı yanlış, hansı qorxunc yolla və hara sürüklədiyinə işıq tutur.
***
Bir: Finlandiyanın keçmiş baş naziri Esko Aho ilə söhbətində əhalisinin sayına görə kiçik olan ölkəsinin iqtisadi gücünü onun intellektual potensialı ilə izah edir.
Finlandiyanın əhalisi 2014-cü ilin statistikasına görə, 5 milyondan bir qədər artıqdır. Yəni Azərbaycan əhalisindən hardasa iki dəfə azdır. Ərazisinə görə isə dünyanın 64-cü ölkəsidir.
Finlandiya respublika olaraq bizimlə yaşıddır: 1917-ci ildə elan edilib. Dünyanın ən azad, demokratik, eyni zamanda firavan ölkələrinin sıralamasında onun adı ilk yerlərdə gəlir. Burada adambaşına düşən ÜDM 35 min dollardan artıqdır (yəni neft və qazla zəngin Azərbaycanın rəsmi  statistikası ilə müqayisəyə gəlməz dərəcədə çox).
2013-cü ildə 200 milyard dolları haqlayan, cəmi ÜDM-ə görə dünyada 58-ci yerdə qərarlaşan Finlandiya bu yüksəlişə hər hansı təbii sərvəti olmadan, keçmiş baş nazirinin də dediyi kimi, intellektual potensialı ilə, insan ağlının və əməyinin gücünə arxalanaraq, nail ola bilib.
Indi gələk özümüzə. Əliyevlərin Azərbaycanı seyid cəddinə arxayın olan kimi, neft və qazdan gələn milyardlara güvənərək ölkəni faktiki olaraq, uçurumun bir addımına gətirib çıxardı. Bu milyardların nəhəng hissəsi “infrastruktur layihələri” adı altında mənimsənildi, şəxsi ciblərə yönəldildi. Təsəvvür edin, təkcə son beş ildə nəqliyyat infrastrukturuna rəsmi rəqəmlərə görə, 10 milyard manatdan çox pul xərclənib, ölkə yollarının vəziyyəti isə göz önündədir.
Bu cəhənnəm. Ötən illər ərzində Azərbaycanın intellektual potensialı darmadağın edildi, elmin dəyərsizləşdirilməsi nəticəsində xaricə “beyin axını” gerçəkləşdi, alim adına ölkədə qalanlar isə hansısa ərəb müftisinə qoşulub yerin fırlandığına şəkk gətirir, hansısa falçı haqqında kitab yazır, mələyin uçma sürətini hesablayır, toylarda tamadalıqla məşğul olurlar. Məqsədli şəkildə aparılan kütləvi savadsızlaşdırma siyasəti Azərbaycanda yeni intellektual nəsilin yetişdirilməsini mümkünsüzə çevirir. Ölkə həbsxanaları yüksək təhsil almış, yeganə suçu tənqidçi və müxalif düşünmək olan insanlarla doludur. Xaricdə təhsil arxasınca gedənlərin böyük hissəsi geri qayıtmaq haqqında düşünmür. Geri qayıdanlar da karyera qurmaq üçün tələb olunan şərtlərə uymaq məcburiyyətindədir: onlar korrupsiya və yalan üzərində qurulan Sistemin vintciyinə və təkərciyinə çevrilərək “itib-batırlar”. 
Belədə, özünüz deyin, bizdən Finlandiya olmaq cəhənnəm, heç onun “f”si belə olarmı?! 
***
Iki: türk qəzetçi ilə söhbətində Finlandiyanın keçmiş baş naziri maraqlı bir faktı da yada salıb.
Deyib ki, 1800-cü illərdə onun ölkəsində oxumağı və yazmağı bacarmayanların evlənməsi yasaqlanıbmış. Səbəb də sadədir: valideynləri oxuma-yazma bilən uşaqların təhsilə marağının və öyrənmə vərdişlərinin daha yüksək olması! 
Bəs bunun üzərindən 200 il keçdikdən sonra bizdə – Əliyevlərin Azərbaycanında mənzərə necədir?
Oturub erkən nikahları müzakirə edirik, “qız uşaqları məktəbə getsin-getməsin” sualı ətrafında baş sındırırıq. 
Cəmi iki ay əvvəl TQDK sədri Məleykə Abbaszadə 9 və 11-ci sinifləri bitirənlər arasında yazıb-oxumağı bacarmayanların aşkarlandığını dedi. 
Hər il qəbul imtahanlarında ölkədə təhsilin səviyyəsinin hansı sürətlə gerilədiyi konkret rəqəmlərlə göz önünə sərilir.
Kitabxanaları kababxanalar əvəzləyib.
Məktəblər məscidlərin kölgəsində qalıb. 
Müəllim adı “süpürgəpulu”, “fondpulu”, saxta seçki ilə assosiasiya olunur. 
Cəhalətin miqyası sürətlə böyüyür, ələmuçuranlar, cinçıxaranlar, falçılar hər tərəfdə at oynadır. Seyid ocaqları, pirlər yenidən camaatın ən doğma ünvanına çevrilir.
Yaxşı, bundan sonra biz Finlandiya olmaq nədi, heç onun min ağac ötəsindən keçə bilərikmi?!