Rəsulzadənin büstü ilə bağlı metropolitendən rüsvayçı izahat

Bakı Metropoliteninin “Bakmil” stansiyası yaxınlığında, depo ərazisində Məmməd Əmin Rəsulzadənin 1992-93-cü illərdə qoyulmuş büstünün dağıdıldığı və yerində Heydər Əliyevə büst qoyulduğu barədə "Azadlıq" qəetinin yaydığı xəbər ciddi ictimai rezonans doğurdu.

Metropolitenin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Publika.az-a açıqlamasında məsələyə guya aydınlıq gətirib. N.Paşayev deyib ki, büst dağıdılmayıb, stansiya ərazisində aparılan təmir işləri ilə əlaqədar götürülüb. Onun sonrakı izahatı isə ümumiyyətlə, ciddi sayıla bilməz və törədilən əmələ ictimai qınaq qarşısında necə bəraət qazandırmaq axtarışından başqa bir şey deyil.
 
“Həmin büst uzun müddət əvvəl qoyulub və keyfiyyətsiz materialdan hazırlanmışdı. Artıq yararsız hala düşmüşdü. Uzun müddətdir ki, depo ərazisində təmir aparılır. Həmin işlər  çərçivəsində büst oradan götürülüb, amma dağıdılmayıb. Yarasız büstün orada qalması M.Rəsulzadənin ruhuna hörmətsizlikdir. Büstün bərpa edilməsinə çalışdıq, amma bu mümkün olmadı. Təmir işləri tam başa çatandan sonra yeni büstün hazırlanıb ora yerləşdirilməsi isə hələ ki planda yoxdur", – deyə N.Paşayev bildirib.