Ötən bazar günü Braziliyada 700 min insan hakimiyyət əleyhinə təşkil edilən aksiyalarda iştirak edib. Etirazlar Braziliyanın ayrı-ayrı ştatlarındakı 220-yə yaxın şəhərdə təşkil edilib. Paytaxtda isə 25 min aksiyaçı Milli Konqresin binasına yürüş edib. Ən çox insan San-Pauludakı nümayişlərdə olub. Burada küçələrə 275 min etirazçı çıxıb. Aksiyalarda əsas tələb prezident Dilma Ruselffin istefası olub. İnsanlar dövlət neft şirkəti «Petrobras»da yol verilən kütləvi korrupsiya hallarına da etiraz ediblər. Prezident Ruselff 2003-cü ildən 2010-dək bu şirkətin rəhbərliyində olub. Şirkətdəki əsas korrupsiya halları da məhz həmin dövrə təsadüf edir. Ölkədə keçirilən sosioloji sorğu müəyyən edib ki, əhalinin yarıdan çoxu prezidentin impiçmentinə tərəfdardır. Qeyd edək ki, ötən ay Braziliyadakı etiraz aksiyalarına 2 milyon insan çıxmışdı.
Gültəkin


