Dollar 6 milyardımızı yedi

Mərkəzi Bankın ehtiyatları sürətlə «əriyir»; Neft Fondunun gəlirləri də azalıb

Martın 31-i üçün Mərkəzi Bankın rəsmi valyuta ehtiyatları 9 milyard 472.1 milyon dollar təşkil edib. Bankın yaydığı xəbərdə deyilir ki, mart ayında valyuta ehtiyatları 1 milyard 532,3 milyon dollar azalıb. Fevralda isə Bankın valyuta ehtiyatları 11 milyard 4.4 milyon dollar olub. Marja.az-ın məlumatına görə, bankın valyuta ehtiyatları ötən ilin iyununda 15 milyard 193.4 milyon dollara çıxmşdı. Beləliklə, son 8 ayda valyuta ehtiyatları 5 milyard 721,3 milyon dollar “əriyib”.

Valyuta ehtiyatlarının azalması Mərkəzi Bankın manatın məzənnəsin saxlamaq üçün həyata keçirdiyi valyuta müdaxilələri və ehtiyatların saxlanıldığı bir sıra valyutaların dollar qarşısında dəyərdən düşməsilə bağlıdır.

Bir aya təxminən 1 milyard azalmanın olduğunu nəzərə alsaq, parlament seçkilərinə qədər Mərkəzi Bankın ehtiyatlarının tükənəcəyini söyləmək olar.

Valyuta ehtiyatları:
 
Tarix mln. ABŞ dolları
31.03.2015 9472.1
28.02.2015 11004.4
31.01.2015 12680.8
31.12.2014 13758.3
30.11.2014 14996.3
31.10.2014 15033.6
30.09.2014 15042.4
31.08.2014 15190.9
31.07.2014 15193.4
30.06.2014 15163.2
31.05.2014 15091.3
30.04.2014 14871.1
31.03.2014 14715.7
28.02.2014 14444.8
31.01.2014 14219.3

Dövlət Neft Fondunun da gəlirləri də azalıb. Qurumdan marja.az-a verilən məlumata görə, 2001-ci ilin əvvəlindən cari ilin aprelin 1-dək Xəzərin Azərbaycan sektorundakı “Azəri-Çıraq-Günəşli” neft-qaz yataqları blokunun işlənməsi layihəsinin reallaşdırılması çərçivəsində 112 milyard 215 milyon dollar gəlir əldə edib.

Qeyd edilib ki, cari il yanvarın 1-dən aprelin 1-dək “Azəri-Çıraq-Günəşli” layihəsi çərçivəsində Fonda 2 milyard 65 milyon dollar vəsait daxil olub. Bu isə ötən ilin üç ayı ilə müqayisədə 1 milyard  821 milyon dolar və ya 46,86 faiz azalma deməkdir.
2014-cü ilin ilk üç ayında Neft Fondu 3 milyard 885 milyon 800 min ABŞ dolları gəlir əldə etmişdi.

Bu ilin ötən üç ayında Fonda “Şahdəniz” yatağının işlənməsindən 79,5 milyon dollar vəsait daxil olub. Ötən ilin eyni dövründə bu məbləğ 115,6  milyon  dollar idi.

2007-ci ildən cari il aprelin 1-dək Neft Fondu “Şahdəniz” yatağının işlənməsi layihəsindən 2 milyard 199 milyon dollar gəlir əldə edib.