Mətləb Mütəllimli
Əziz Əbülhəsən müəllim! Biz sizinlə fərqli ixtisaslar üzrə oxusaq da, eyni ali təhsil məktəbini – Bakı Dövlət Universitetini bitirmişik. Mən də vaxtilə elm sahəsində çalışmaq arzusu ilə dissertant kimi bütün zəruri imtahanları verdim, lakin Azərbaycanda başlayan Milli Azadlıq Hərəkatı buna imkan vermədi və mən bu müqəddəs mücadilədə sıravi əsgər kimi missiyamı yerinə yetirməyi daha vacib bildim. Ona görə də mən indi sizin kimi nə fəlsəfə üzrə professor, nə də 200-dən artıq elmi əsərin müəllifi deyiləm. Bununla belə, ağır həyat universiteti keçmiş və rus yazıçısı M.Qorkinin təbirincə desək, həyatın dibindən gəlmişəm.
Siz də ucqar kənddən gələrək öz zəhmətinizlə elmdə nailiyyətlər əldə etmisiniz, mən də millətə gücüm çatan qədər az-çox xidmət etməyə çalışmışam. Necə deyərlər, bir çox mənada taleyimiz az-çox oxşardır. Bununla belə, dünyagörüşümüzdə bir sıra əhəmiyyətli fərqlər vardır ki, məhz bu fərqli xüsusiyyətlər sizin bir neçə gün bundan qabaq mətbuatda gedən “Sanki kökəltmə məntəqəsindən çıxmış buğa-düyələr kimi fınxıran…” yazınıza cavab verməyə məni məcbur etdi. Söz yox ki, bu yazınız da əksər əsərləriniz kimi nəzəri mövzulara həsr edili,, lakin bir sıra məsələlərə yanaşmalarda, fikrimizcə, qeyri-obyektivliyə yol verilib.
Gəlin, konkret faktların dili ilə danışaq. Yazınızın əvvəlində hamını maraqlandıran belə bir həyat əhəmiyyətli sual qoyursunuz: “Yaranmış tarixi şəraitdə Azərbaycan özünü necə aparmalı, hansı yolla getməlidir”. Lakin çox təəssüf ki, qoyduğunuz sualın cavabını 5 səhifəlik yazının 4 səhifəsində tapa bilmirik. Yazınızın sonuna yaxın oxuculara, illərdir azadlıq uğrunda canından keçmiş insanlara yeni nə təklif edirsiniz? Yazırsınız: “Pis-yaxşı parlamentimiz var, pis-yaxşı ona hesabat verən hökumətimiz var, kimlərdənsə geridəyiksə də, çoxlarından öndəyik, olana şükür eləyək! Afrikanın qaradərili, Latın Amerikasının qırmızıdərili, lap Ukraynanın ağdərili aboregenlərindən də pis vəziyyətdə deyilik ki?”
Ah, Əbülhəsən müəllim, Əbülhəsən müəllim. Əgər Siz 200-dən artıq elmi əsər yaradandan sonra belə qüsurlu müqayisəyə gedirsinizsə, daha sizə sözüm yoxdur. Məgər bilmirsiniz ki, nümayəndəsi olduğunuz Azərbaycan xalqının özünün seçdiyi parlament yoxdur, mövcud olan parlament siyahı ilə təyin olunan şəxslərdir? Məgər xəbərsizsiniz ki, ölkədə heç bir hökumət yoxdur, ölkə ancaq bir nəfərin iradəsi ilə idarə olunur? Siz nə vaxtsa görmüsünüzmü, dediyiniz “pis-yaxşı hökumətimiz” xalqa hansısa hesabat versin? Məgər, xatirinizdən çıxıbmı, illər bundan öncə hökumətin hesabatına haqlı iradlarını bildirən Milli Məclisin deputatı Hüseyn Abdullayevin başına necə torba keçirilib zindana aparıldı? Bu analoqsuz rüsvayçılıqdan sonra istinad etdiyiniz “pis-yaxşı” parlamentdən siz yenə nəsə umursunuz? Yoxsa, əslində adı var, özü yox iflic hökumətin baş naziri, 80 yaşlı qoca, tam fəaliyyətsiz olan Artur Rəsizadədən nəsə gözləyirsiniz?
Cənab filosof! Dünyanın hansı ölkəsində, hansı guşəsində insanlar dərisinin rənginə görə müstəqilliyə, azadlığa can atır ki, canından keçir? Məgər Azərbaycanın müstəqilliyi, azadlığı üçün həyatını qurban vermiş on minlərlə mərd oğul və qızlarımız ona görəmi həyatlarını qurban veriblər ki, siz onları “tutu-xutu, sudan-somali, cad-niger”lərlə müqayisə edəsiniz? Bir də ki, dərindən fikirləşəndə, sizi o qədər də qınamağa dəyməz, çünki, hazırın naziri olanlar, Azərbaycanı indi idarə edənlər kimi siz də müstəqillik üçün can qoymamısınız, ölümdən keçməmisiniz, dəfələrlə ölüb dirilməmisiniz.
Hələ bu da hamısı deyil. Yazınızın sonunda, vəd etdiyiniz çıxış yolu əvəzinə, yavaş-yavaş əsas məsələ üstünə gəlirsiniz, dolayısı ilə deyil, birbaşa indiki iqtidarı tərifləyir, təbliğ edirsiniz, müxalifəti aşağılayırsınız. Yazırsınız: “Vacibdir ki, hamımız cəbhəçi jarqonunda danışaq, od-alov püskürək, nəzəriyyəsiz-filansız mükəmməl ideya-siyasi prinsiplər (əməli-praktiki səriştəni, peşəkarlığı və mənəvi saflığı bir yana qoyuram!) olmadan meydanları tapdaq edək, mitinqlər adı ilə hay-həşir toplantıları keçirək, beş-altı gənci başdan eləyib dustaqxanalara salaq, sonra da onların taleyi üzərində siyasət, alış-veriş quraq?”
Hörmətli Əbülhəsən müəllim! Səmimi etiraf edim ki, bu sözləri hamıdan, hətta, siyavuş novruzovlardan, zahid oruclardan, çingiz qənizadələrdən, kimlərdən, kimlərdən gözləmək olardı, şəxsən sizdən yox. Birincisi, “vor zakon”da olduğu kimi, hansı cəbhəçi jarqonlardan söhbət gedir, zəhmət olmazsa deyin, biz də bilək. Ikincisi də, hansı nəzəriyyədən, ideya-siyasi prinsiplərdən, mənəvi saflıqdan danışırsınız, YAP-ın nəzəriyyəsindənmi, ideya-siyasi prinsiplərindənmi, saflığındanmı? Şəxsən siz uzun müddətdir baş-ayaq çevrilən bu prinsiplərin əsas tənqidçilərindən biri olmamısınızmı? Bu gün YAP-ın ancaq və ancaq bir nəzəriyyəsi, bir prinsipi var: Illərlə, damla-damla dünyada yaradılmış bütün nəzəriyyələrə, demokratik prinsiplərə bir loppağ tüpürmək, ziyalılarımızı ac-yalavac saxlamaqla öz qanunsuz əməllərinə əl çaldırmaq, qarşı tərəfi aşağılamaqda sizlərdən istifadə etmək. Millətinə qan udduran, say-seçmə oğullarını zindanlara dolduran, ölkənin sərvətlərini talayıb insanları səfalətdə saxlayan bu hakimiyyətə elə belə mövqeli, daha doğrusu, belə mövqesizlik, xaraktersizlik lazım deyilmi? Indiki, xalqına düşmən münasibət sərgiləyən pulgirlər hakimiyyətini ayaqda saxlayan əksər ziyalılarımızın öz gödənini güdməsi, şəxsi məqsədləri üçün hakimiyyətə “ləbbeyk” deməsi bizim şəxsi mənafelərini güdən, ziyalı adına ləkə gətirən ziyalıların xaraktersizliyi deyilmi? Bax, bu yerdə, siz daha yaxşı bilərsiniz, fransız filosofu C.Dalamberin belə bir ifadəsi yada düşür: “Adam nə qədər xaraktersizdirsə, cəmiyyət üçün bir o qədər təhlükəlidir”.
Yazınızda meydanları tapdağ etməkdən, beş-altı gənci başdan eləyib dustaqxanalara salmaqdan yazırsınız, onların taleyi üzərində siyasi alış-veriş qurmaqdan bəhs edirsiniz.
Hörmətli Əbülhəsən müəllim! Siz, doğrudanmı siz və sizin kimi düşünən ziyalılardan fərqli olaraq ədalətsizliklərə susmayan, haqsızlığa, qanunsuzluğa, talançılığa qarşı keçirilən mitinqləri, insanları lağa qoyursunuz, ələ salırsınız? Doğrudanmı bilmirsiniz yaşlı, xəstə, ancaq sınmayan Leyla Yunus; cəsur, cəsur olduğu qədər də millətini sevən, onun haqları uğrunda cavan həyatını təhlükəyə qoyan Xədicə Ismayıl; hüquqçu Intiqam Əliyev və yüzə qədər qeyrətli oğul və qızlarımız nəyə görə şərlənərək həbs edilib? Axı, onlar özləri üçün yox, sizin, mənim, milyonların haqqını qorumaq üçün canlarını fəda ediblər. Belə igid, cəsur insanları, onların müqəddəs işlərini lağa qoymağa sizi vadar edən nədir? Əlbəttə, onların heç biri sizin kimi 200-dən artıq elmi əsərin müəllifi olmayıb. Amma bununla belə, bu gün, ədalətsizliklərə qarşı ədalətsiz mövqeyinizə görə, mən də sizin 200-dən çox əsərinizin yanından təəssüflə keçib lağa qoyduğunuz azadlıq mücahidlərinin hər birinin qarşısında ehtiramla baş əyirəm. Rim filosofu, siz daha yaxşı bilərsiniz, Seneka deyirdi: “Insanlar var ki, məqsədsiz yaşayırlar, çayda ot çöpü kimi həyata gəlirlər: onlar getmirlər, onları aparırlar”.
Gözləmək olardı ki, tanınmış, hörmətli, heç nəyə bulaşmamış sizin kimi alim hazırda ölkədə törədilən haqsızlıqlara dözməyəcək, millətin səsinə səs verən mitinqləri lağa qoymadan haqq səsini ucaldacaq, haqq üçün ölüm-dirim savaşına çıxan insanlara mənəvi dayaq olacaq, onları daha qiymətli sözlərlə ruhlandıracaq. Özünə, öz nəfsinə qalib gələn bu mübariz insanlara dəstək olmaqla bərabər, siz, zəif, iradəsiz insanlara da Buddanın bu müdrik kəlamını xatırladardınız: “Əgər kimsə döyüşdə min nəfərə min dəfə qalib gəlirsə, başqası isə özü-özünə qalib gəlirsə, məhz o, döyüşdə ən böyük qalibdir”. Bəs, siz neynirsiniz? Yazınızın sonunda bütün fəlakətlərimizin baiskarlarından biri akademik Ramiz Mehdiyevi “ustad administrator” adlandırır, onu bizə nümunə göstərirsiniz. Ölkəni dubinka ilə idarə edənlərin ilhamçısı R.Mehdiyevi nümunə kimi göstərməyiniz nə məqsədlə edilir, hansı nəzəriyyəyə söykənərək səsləndirilir, deyə bilmərəm. Imanımı yandıra bilmərəm, amma, bəlkə də bu, yaxınlaşan parlament seçkilərinin əsən küləklərinin əlamətidir, ya akademiyaya seçilmək istəyindən irəli gəlir, ya da vəzifə eşqindən? Axı, elə şöbə müdiri olduğunuz akademiyadan eşitdiyim qədər, siz savadlı alim, sərbəst mövqeli, demokratik düşüncəli insan olduğunuza, hakimiyyətə əyilmədiyinizə görə uzun müddət layiq olduğunuz işlərə irəli çəkilməmiş, daha yüksək vəzifələrə seçilməmisiniz. Indi nə olub ki, bizim həyatımızda yaxşılığa doğru nə dəyişib ki, sizin prinsipal mövqeyinizdə sapmalar baş verib? Əgər belə bir mövqe dəyişikliyi varsa, buna şübhə yoxdur, onun səbəbi nədir? Hər bir halda, Ramiz Mehdiyevi “ustad administrator”, müxalifətin yerinə işləməyə borclu olmayan adam kimi təqdim etməyiniz, sizin bu zərərli nümunəniz indiyə qədər təmsilçisi olduğunuz demokratik düşərgə, azadlıq sevərlər, addımbaşı haqları tapdalanan insanlar üçün qəbuledilməzdir. Ən azı, özünüz elə bu yazınızda da yazdığınız kimi, “ölkənin kütləvi oliqarxlaşmasının, sərvətlərin azlığın əlində cəmləşməsinin, yoxsulların daha da yoxsullaşmasının” səbəbkarı, baiskarı mən yox, siz yox, elə tərifini göylərə qaldırdığınız ustad administratorlardır.
Yazınız sonunda daha bir nəfərə – həyatın bütün acılarını görmüş, cavan vaxtından, əqidəsinə görə, nə az, nə çox – düz sərasər səkkiz il günahsız yerə zindan həyatı yaşamış tanınmış hüquqşünas Qurban Məmmədova fəlsəfə dərsi keçməyi də unutmursunuz. Yazırsınız: “Düzü, mən elə bilirdim ki, o (Qurban Məmmədov), çoxdan cəbhəçilik xəstəliyindən qurtarıb, siyasi fəaliyyətini tam yeni məcrada gerçəkləşdirmək istəyir. Ancaq dalbadal bir sıra mülahizələrini, çağırışlarını oxuduqca çox təəssüfləndim. Görünür, çarəsizlik hərdən ağıllı adamı da çaşdırır”. Mən sizin bu sözlərinizə, elə Qurban bəyin ləyaqətli, mərd, cavanlığından məhrumiyyətlərə dözməyə məcbur olan xanımının sözləri ilə cavab vermək istəyirəm. Qurban bəy növbəti dəfə siyasi mövqeyinə görə şərlənərək həbs ediləndə biz, bir qrup hüquqşünas onların evinə getdik və ailəyə təsəlli vermək istədik. Lakin Qurban bəyin xanımı bizi qonaqpərvərliklə qarşılayıb, yaşına xas olmayan müdrikliklə dedi: “Biz artıq buna öyrəşmişik. Bir də, valideyinləri təsadüfən onun adını ”Qurban" qoymayıblar ki, onu xalqına qurban veriblər".
Budur bizim mübariz gənclərimizə, sözün böyük mənasında kişilərimizə əlavə güc verən qeyrətli xanımlarımız! Budur reallıqda millətə fayda verməyən elmi əsərlərin, heç bir dərdimizə yaramayan çürük nəzəriyyələrin fövqündə duran ləyaqətli həyat prinsipləri.
Indi əlinizi ürəyinizin üstünə qoyub səmimi deyin, cənab professor, Çaşan kimdir?


