Bir neçə gün əvvəl Hesablama Palatasının 2014-cü il üzrə hesabatında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) da korrupsiya bataqlığına gömüldüyünü sübut edən faktların yer aldığı məlum oldu. Bu haqda xəbərdən belə məlum olurdu ki, Akademiyanın Işlər idarəsində növbəti illər üçün proqnoz rəqəmləri hazırlanarkən bəzi hallarda qanunvericiliyin tələbləri gözlənilməyib, cari və növbəti illər üzrə maliyyə təsərrüfat fəaliyyətinin nəticələri düzgün qiymətləndirilməyib, zərurət olmadan proqnoz rəqəmləri artırılıb, bir sıra xərc maddələri üzrə proqnozlar yalnız əvvəlki illərin baza göstəriciləri əsas götürülməklə tərtib edilib. AMEA-nın Rəyasət Heyətinin müvafiq qərarında qurumun mərkəzi aparatının mövcud strukturu və ştat cədvəli daxilində dəyişiklik edilməsi nəzərdə tutulduğu halda, təsdiq olunmuş ştat cədvəli üzrə ştat vahidlərinin ümumi sayı artırılıb, maddi yardımların ödənilməsi ilə bağlı vəsait nəzərdə tutulmadığı halda ayrı-ayrı işçilərə bu məqsədlə vəsait ödənilib.
Hesablama Palatasının hesabatında Akademiyanın institutlarındakı korrupsiya əməllərinə dair də faktlar var. Hamısını burada sadalamağa ehtiyac yoxdur. Maraqlananlar internet üzərindən axtarış aparıb bu haqda məlumat tapa, oxuya, ölkədə hətta elmin belə, haracan korrupsiyaya bulaşdığını öyrənə bilərlər.
Bəli, Azərbaycanda heç bir sahəni korrupsiyasız, yeyintisiz təsəvvür etmək mümkün deyil. Büdcədən oğurluq, sərvət talançılığı hər addımda, hər qarışdadır. Kim harda gəldi, çırpışdırır, yeyib-talayır. Çünki korrupsiya ölkədə özünə legitimlik qazanıb. Xalqın sərvətlərini, büdcə pullarını mənimsəmək ayıb-zad sayılmır. Hətta oğurlamayana, qul haqqı yeməyənə, məzlumun ahını almayana bizdə belə birtəhər baxırlar, bu cür adamları fərsiz, fərasətsiz hesab edirlər.
Amma istənilən halda, bir ölkədə korrupsiyanın hətta elmi də öz ağuşuna almasından böyük bədbəxtlik, faciə, utanc yoxdur. Təhsil və səhiyyəni də həmçinin. Polisin, yaxud prokurorun rüşvət almasına bəlkə hardasa dözmək mümkündür. Amma müəllimin öz şagirdinin, tələbəsinin, həkimin öz xəstəsinin əlinə baxması dəhşətdir, işıqlı, ləyaqətli bir gələcəyə dair ən xırda ümidin belə tükəndiyi, sözün bitdiyi yerdir.
“Elm məbədi” adlandırılan Akademiyada korrupsiyanın dərin kök salması da həmçinin. Alim də harama əl uzadırsa, daha biz Kəmaləddindən, Ziyadan, Rövnəqdən… nə gözləyək? Alim də büdcədən çırpışdırırsa, şükür eləyək, kəmaləddinlər, ziyalar, rövnəqlər büdcəni basıb yeməklə kifayətlənirlər, gəlib evimizdən televizoru, soyuducunu-zadı da çırpışdırmırlar.
Aydındır: Sistem ölkədə elə bir vəziyyət yaradıb ki, oğurlamadan yaşamaq çətin məsələdir. Bunu hər kəs bacarmır. Amma elm, təhsil və səhiyyə istənilən toplumun birbaşa varlığı ilə bağlıdır. Səhiyyə toplumun fiziki, bioloji, elm və təhsil əqli, mənəvi varlığına cavabdhedir. Bu sahələrdə çalışanların çirkaba bulaşmaq haqqı yoxdur. Heç nə əllərindən gəlmədikdə, heç olmasa alim adını, müəllim adını, həkim adını müqəddəs tutmaq üçün, ləkələməmək üçün özlərinə başqa bir iş, başqa bir çörək ağacı tapmalıdırlar. Unutmamalıdırlar ki, alimin, müəllimin, həkimin hörmətdən düşdüyü, dəyərsizləşdiyi ölkənin gələcəyinə ümid etməyə, o ölkəni gələcəkdə gözəl şeylərin gözlədiyinə inanmağa dəyməz.
Sistem nə qədər qansız, amansız olsa da, elmə, təhsilə, səhiyyəyə bağlı adamların dimdik dayanmaları, haramdan, yalandan, saxtakarlıqdan uzaq durmaları şərtdir. Əks halda düşdüyümüz bataqlıq daha da dərinləşməyə, sürükləndiyimiz qaranlıq daha da qatılaşmağa məcbur və məhkumdur.
Əslində, bəlkə də bu sətirləri yazmaq artıq gecdir, həm də çox gec. Ölkədə elm, təhsil, səhiyyə adına nə qalıb ki artıq?! Hamısı parodiyaya, karikaturaya çevrilib. Müəllim deyəndə seçki saxtakarlığı düşür yada, həkim deyəndə yanlış diaqnozlar, ucuz ölümlər. Alim deyəndə isə gözümüz önündə yerin fırlanmadığını söyləyən ərəb şeyxinə haqq qazandıranlar, falçı haqqında kitab bağlayanlar, cadu-piti yazanlar canlanır.
Bu ürəkağrıdan mənzərə qarşısında adamın könlündən dəli bir ağlamaqdan, bir də Azərbaycanı belə günlərə rəva bilənlərə lənət yağdırmaqdan başqa nə keçə bilər ki?!