Demokratik hərəkatın parlaq uğur hekayəsi

Dostlar, bu gün ölkəmizdə demokratiya uğrunda apardığımız mübarizənin bir parlaq uğur hekayəsindən yazmaq istəyirəm. Bu uğurlu layihə həm də ona görə diqqətəlayiqdir ki, cəbhəçi dostlarım bu işi Türkiyədən və Cənubi Azərbaycandan olan dostlarla birlikdə – onların iştirakı və dəstəyilə reallaşdırdılar. Əlbəttə ki, söhbət bugünlərdə 3 yaşı tamam olan "Azərbaycan saatı" televiziya proqramından gedir.
 
Bəli, demokratik hərəkatın bu uğur hekayəsi növbəti dəfə sübut edir ki, demokratiya qurucularının təşəbbüskarlığı, fədakarlığı, şəxsi bacarıq və siyasi iradəsi tələb olunan resursların içində ən vacib olanlardır. Dostum Qənimət Zahid mənə "Yox, belə olmaz, bizə mütləq alternativ televiziya lazımdır, gedirəm xaricdə televiziya açmağa" deyib, ölkəni tərk edəndə, nə şəxsən onun, nə də arxalandığı siyasi komandanın televiziya açmaq üçün tələb olunan heç bir resursu yox idi.
 
Sonrasını bilirsiniz, əvvəlcə Ankarada kiçik bir studiya quruldu. Türkiyənin bir televiziya kanalından "Azərbaycan saatı"nın yayılmasına razılıq alındı. Sonra da Bakıda kiçik bir studiya quruldu. "Azərbaycan saatı" ölkə tamaşaçıları arasında ciddi şəkildə populyarlaşdı. Hökumət ciddi şəkildə narahat oldu. Proqramı durdurmaq üçün bütün vasitələrə baş vurdu. Nəhayət, ona nail oldu ki, proqramın yayıma ilk başladığı "Kanal Avropa" "Azərbaycan saatı"nı efirə verməkdən imtina etdi.
 
Amma "Azərbaycan saatı" susmadı. Qənimət bəy Türkiyənin başqa bir kanalı ilə "Azərbaycan saatı"nın yayımını razılaşdırdı. Proqram yenidən efirə qayıtdı. Hökumət yenidən müdaxilə edib, yayımı dayandırdı. Rejim "Azərbaycan saatı"nı susdurmaq üçün heç nəyi əsirgəmirdi. Səmadakı peykimizdən tutmuş, Türkiyədə ayrı-ayrı qurumlara müxtəlif vasitələrlə təsirlərə qədər bütün yollara baş vuruldu. Amma qarşısında yenilməz iradə var idi. Qənimət bəy və dostları proqramı yaşatmaqda israrlı idilər. Onlar yayımı bu dəfə də başqa kanaldan davam etdirdilər. Bu kanal da susduruldu, onlar başqa kanala keçdilər. Beləliklə, "Azərbaycan saatı" 3 ildə 6 kanal dəyişərək, bugünlərdə "Can Ərzincan" kanalından yayımlanmaqdadır.
 
Ölkə daxilində isə proqramın populyarlığı günü-gündən artmaqdadır. Proqram ən çox Azərbaycanın rayonlarında populyardır. Qəzetin gedib çıxmadığı, internetin, sosial şəbəkələrin zəif inkişaf etdiyi bölgələrdə "Azərbaycan saatı" doğrulardan xəbər tutmağın yeganə vasitəsidir. "Azərbaycan saatı" internet üzərindən də
 
böyük tamaşaçı auditoriyası toplaya bilib. Onun proqramlarına təkcə "Youtube" üzərindən 10 minlərlə, bəzən 100 minlərlə tamaşaçı baxır. Ona görə də hökumətin proqrama təzyiqləri heç vaxt səngiməyib. Rejim ilk növbədə "Azərbaycan saatı"nın Bakıdakı azsaylı kollektivini hədəf seçdi. Proqramın aparıcısı, istedadlı və cəsarətli jurnalist Seymur Həzi sırf bu proqramın susdurulması üçün şərlənərək 5 il müddətinə azadlıqdan məhrum edildi. Proqramın digər aparıcısı, daha bir istedadlı və cəsarətli jurnalist Natiq Ədilov da hədəfdə idi. Əvvəlcə Natiq bəyin qardaşı Murad Ədilovu şərləyib həbs etdilər. Onun susmadığını görüncə, özünü hədəf seçdilər. Artıq Natiq bəyin xaricə getməsinə qadağa qoyulmuşdu, şərlənib həbs edilməsi də gün söhbəti idi. Bakıda "Azərbaycan saatı" üçün çalışan üçüncü şəxs olduqca təvazökar və əqidəli jurnalist Xalid Qarayev də şərlənərək 30 günlük inzibati həbsə məhkum edildi. Beləliklə, Bakıdakı studiya zorla susduruldu.
 
İndi tam zamanıdır ki, o ağır günlərdə "Azərbaycan saatı"nın susmaması üçün özlərinin də həbs olunma təhlükəsini gözə alaraq, nümayişkəranə şəkildə proqrama dayaq olan, həbs edilmiş Seymur Həzinin əvəzindən aparıcılıq edən Azərbaycanın cəsur, istedadlı və müstəqil jurnalistlərinə – Xədicə İsmayıla (Allah qapısını açsın), Təhminə Tağızadəyə, Sevinc Vaqifqızına, Şahvələd Çobanoğluna, Çingiz Sultansoya, Laçın Məmişova hamımız birlikdə, ürəkdən təşəkkür edək!
 
Proqramın ərsəyə gəlməsində, ayaqda qalmasında dost dəstəyini əsirgəməmiş, hər cür əziyyətlərə qatlaşmış Türkiyədəki qardaşlarımız Aydın Taşa, Ərtoğrul Akmana, Cənubi Azərbaycandan olan soydaşımız Vahid Azərə, hər zaman proqramın yanında olmuş ağsaqqal dostlarımız Turqut Ərə, Cahit Kılıca təşəkkür borcumuz var. Hazırda verilişlərin ərsəyə gəlməsində Qənimət bəyə ciddi kömək edən proqramın aparıcısı Natiq Ədilovu, əməkdaşları Fikrət Hüseynli və İdrak Abbasovu da ürəkdən təbrik edirəm.
 
Heç şübhəsiz ki, bu gün ən xoş sözlərin ünvanı dostum Qənimət Zahiddir. Qənimət bəy 3 ilə yaxın siyasi məhbus həyatı yaşadıqdan sonra azadlığa çıxdıqda həyatın sınağa çəkdiyi hər kəsə örnək olacaq bir yol seçdi. Mübarzəsinə sadəcə qaldığı yerdən davam etmədi. Daha da əzmlə, daha böyük iradə və qarşısıalınmaz bir şövqlə özünü mübarizəyə həsr etdi. Son 3 ildə o, faktiki mümkün olmayanları etdi. Çox şadam ki, bu yolda öz mübariz ailəsindən hər zaman dəstək aldı. Rejim onu tam təkləyib, taqətdən salanda həyat yoldaşı Ayəndə xanım, qızı Aysel ona (həm də ümumi mübarizəmizə) arxa oldular. Həmin o ağır sınaq günlərində, keçən il sentyabrın 7-də səhifəmdə yazmışdım ki, hökumətin ağlı olsa, Bakıdakı studiyanı dağıtmaqla Qənimət bəyi proqramı təkbaşına aparmağa məcbur etməz. Hökumətin ağlı olmadı və mən haqlı çıxdım. Qənimət bəy yarım ildən artıq müddətə proqramı təkbaşına aparmağa məcbur olsa da, proqramın populyarlığı və kəsəri nəinki azalmadı, hətta artdı.
 
3 yaşınız mübarək, əziz dostlar! Yaxşı ki, varsınız. Yaxşı ki, öz mübarizənizlə 100 minlərlə soydaşımızı həqiqətlərdən xəbərdar edib, azadlıq, ədalət və ləyaqətli mübarizəyə səsləyirsiniz!