Geni dəyişdirilən Azərbaycan (III yazı)

xanbahadir@mail.ru
 
Istər Poliklinikada, istərsə də Göz institutunda gördüklərimin – mənə bu yazını yazdıran başlıca nədənin üzərinə gəlirəm. Hər ikisində çoxlu ana uşağını pis görmək üzündən həkimə gətirmişdi. Burada iki ilginc görsəniş vardı: uşaqların çatışmazlığı gözündə, anaların çatışmazlığı özlüyündə-özündə: demək olar, hamısı balaca, arıq. Bir-birindən balaca, arıq analar! Xalqın canlı cırlaşma, cılızlaşma görsənişləri!! Özülü 70-ci illərdən qoyulan antixalq siyasətlər, xalqın başına tökülən bir-birindən qorxunc ağular, toprağa verilən min tonlarla petsisidlər, üstəlik, son 20 ilin antixalq siyasətləri bizi bu sayaq cırlaşmaya, cılızlaşmaya gətirib çıxarıb!!!
Korrupsiyanın dövlət siyasətinə dönüşdürülməsi üzündən Azərbaycanın sınırları açıq kimidir. Üstəlik, dövlətin başında duranlar ölkədə korrupsiya-monopoliya rejiminin başında durduqlarından yararsız ərzaq, yararsız dərman başda olmaqla ölkəyə nə istəyirlər, gətirirlər. Sonra da əllərindəki hakimiyət rıçaqlarından yaralanaraq gətirdiklərini yüz qat bahasına xalqa sırımaqla bir yandan xalqı soyur, o biri yandan xalqın sağlamlığına, gen fonduna sağalmaz yaralar vururlar. Çoxillik antixalq siyasətlərinin sonucu göz önündədir: cırlaşan, cılızlaşan, sısqalaşan, çoxu sinir krizi yaşayan ölüvay xalq! Almaniya kimi gəlişmiş ölkələrə buraxılmayan geni dəyişdirilmiş ürünlər (GDÜ) Azərbaycan bazarlarını başa-baş doldurur. Heyvana yediriləcək kartofu da gətirib bizə dəyərindən qat-qat baha qiymətə sırıyırlar. Bildik-bilmədik, alıb yeyirik. Təki bu acgöz, soyğunçu oğru hakimiyətində bizim də bir az qarnımız doysun! Sonra o kartof kimi dəyərsiz dərmanların dalınca apteklərə sürünürük, sonra da poliklinikalara, xəstəxanalara…
Az qala 2 milyard adamın yaşadığı, əl-ayağı geniş uzadıb kefin istəyən kimi yatmağa yer çatmayan Çində dövlətin yürütdüyü planlı, düzgün ƏRZAQ siyasətinə uyğun olaraq xalqın boyu 20 ildə 10 sm uzadılıb! Bizdə 2011-ci ildə GDÜ ilə bağlı qanun çıxarılıb: ölkəyə geni dəyişdirilmiş ürün gətirmək olmaz! Qanun gözəl qanundur, ancaq başdan-ayağa korrupsiyaya bulaşmış bir dövlətdə belə qadağa-qanunlar kağız parçasından uzağa gedərmi?! Bir dövlətin bu başından o başına 3 ton heroin daşına… belə yerdə qanunsuz kartof-soğan bazarı açmağa nə var?! Çində bir fermer inək tullantısından yağ almağa başlamışdı. Çin hökuməti onu öldürdü. Sağ qalsaydı, onun peyindən düzəltdiyi yağ başqa Çin malları kimi bütün Azərbaycanı bürüyəcəkdi. Bilməyərəkdən yox, bilərəkdən; daha böyük qazanc güddüyündən. Bilməliyik: Çindəki 10 sm-lik boyuzatma uğuru yalnız düzgün ərzaq siyasəti yürütməklə qazanılmayıb: bu yöndə böyük, çoxillik, sistemli işlər görülüb. Sağlam Ərzaq siyasəti ilə yanaşı, bir də sağlam Təhsil siyasəti yürüdülüb, bunlarla yanaşı, sağlam Sağlamlıq (səhiyə) siyasəti yürüdülüb. Bütün bunlara görə Çin bu gün dünyanın intellektual baxımdan ən qabaqcıl, ideya-siyasi baxımdan ən güclü dövlətlərindən birinə çevrilib. Burasını ayrıca vurğulamaq gərəkir: Çində yuxarılardan başlamaqla ardıcıl olaraq korrupsiya ilə çarpışma aparılır.
Böyüklüyü üzündən kimsə Çinlə tutşdurmanı yersiz sayar, onda gəlin balaca Sinqapura baxaq. Bir adam – Li Kuan Yu – bu ölkəni az bir arada üçüncü dünya ölkəsindən istər intellekt, istər texnologiya, istərsə də valyuta resursları baxımından dünyanın bir neçə ən üstün ölkəsindən birinə çevirdi. Ölkəsində rüşvətin, korrupsiyanın kökünü kəsən Li deyirdi: “Arındırmanı, dezinfeksiyanı sistemli olaraq ən yuxarılardan başlayıb, ən aşağılaradək aparmaq gərəkdir – sizin anladığınız kimi, mən tarakanlardan deyil, korrupsionerlərdən danışıram – elə onlar da tarakandırlar”. Yüksək Təhsil göstəricilərinə görə Sinqapur bu yaxınlaradək dünyada birinci yeri tuturdu, indi birinci yeri Çin tutur. 2014-cü ildə Azərbaycanda ali məktəblərə girmək istəyənlərin yüzdə 65-i 200-dən aşağı bal toplayıb – gen dəyişikliyinin daha bir göstəricisi!