Mərkəzi Bank terror təşkilatlarını yeni tanıyır?

Beynəlxalq aləmin terror qruplaşmaları tanıdığı təşkilatlar niyə indi siyahıya salınıb?
 
Azərbaycan Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidməti BMT-nin Təhlükəsizlik Şurasının “Taliban” Sanksiya Komitəsinin 27 mart 2015-ci il və “Əl-Qaidə” Sanksiya Komitəsinin 31 mart 2015-ci il tarixlərində qəbul edilmiş qərarlarına uyğun olaraq aprelin 6-da Ümumi Siyahını yeniləyib.
Maliyyə Monitorinqi Xidmətindən APA-ya verilən məlumata görə, Ümumi Siyahı milli qanunvericiliyə və beynəlxalq müqavilələrə uyğun olaraq müəyyən edilmiş fiziki və hüquqi şəxslərin Ölkədaxili Siyahısından və Beynəlxalq Siyahısından ibarətdir. Ümumi Siyahının son versiyası Maliyyə Monitorinqi Xidmətinin rəsmi internet səhifəsində (http://www.fiu.az/aze/umumi-siyahi/) yerləşdirilib, habelə aidiyyəti nəzarət orqanlarına, monitorinq iştirakçıları və monitorinqdə iştirak edən digər şəxslərə göndərilib.
“Cinayət yolu iləəldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Qanuna uyğun olaraq, monitorinq iştirakçıları və monitorinqdə iştirak edən digər şəxslər Ümumi Siyahıda göstərilmiş fiziki və ya hüquqi şəxslərin pul vəsaitlərini və ya digər əmlakını aşkar etdikdə, qanunla müəyyən edilmiş qaydada belə pul vəsaitləri və ya digər əmlakla hər hansı əməliyyatı icra etməməli və bu barədə məlumatı Maliyyə Monitorinqi Xidmətinə təqdim etməlidirlər.
Adı çəkilən terror təşkilatları dünya ölkələri siyahısına uzun illər öncə daxil olsa da Azərbaycan hökumətinin niyə məzh hazırki dövrdə belə bir qərar verməsinə Milli Məclisin Təhlükəsizlik Komitəsinin üzvü Zahid Oruc aydınlıq gətirib.
Zahid Oruc “Azadlıq”a bildirib ki, terror qruplarının işini şaxələndirən onların çirkli pul dövriyyəsidir. Bu baxımdan da bir çox ölkələr kimi, Azərbaycan da mənbəyi şübhə doğuran maliyyə vəsaitlərinin bank sektoruna yol tapmaması, barterlərin şəffaflığı üçün müəyyən öhdəliklər götürüb: “2001-ci il 11 sentyabr hadisəsindən sonra dünyada terrorizmə qarşı mübarizə, eyni zamanda hüquqi sistemin təkmilləşdirilməsi istiqamətində işlər görüldü. Azərbaycan tərəfi də uzun illərdir ki, terrora qarşı milli mövqedən çıxış edən ölkələrdən biridir. Beynəlxalq aləmdə elə bir hesabat yoxdur ki, müxtəlif məsələlərdə ölkəmizi tənqid edən qurumlar Azərbaycanı terror qruruplarını himayə etməsilə bağlı tənqid etmiş olsun. Çünki Azərbaycan dövləti terror heç bir zaman qəbul etməyib.
“Niyə uzun illərdir bu istiqamətdə lazımi addımlar məhz indi atıldı?” sualına gəlincə, hesab edirəm ki, adıçəkilən terror təşlilatlarının ölkəmiz üzərindən narko-ticarət, mütəşəkkil silah qaçaqmalçılığı, mütəşəkkil cinayətkarlıq, dəniz qurdurluğu və s. fəaliyyəti qeydə alınmadığı üçün bu istiqamətdə real addımlar atılmayıb. Düşünürəm ki, bu günkü gerçəklikdə hansısa faktlar meydana çıxdığı üçün Azərbaycan tərəfi bu məsələni gündəmə gətirib".
Emil