Birinci sitat:
Sumqayıt şəhər Icra Hakimiyyətinin başçısı Eldar Əzizov: “Şəki xanı Çələbi gürcü çarı ilə birləşirdi, yaxud Şamaxı xanı başqası ilə birləşib o birinə qarşı döyüşürdü… Bu gün isə Azərbaycan müstəqildir. Həmin xanlıqlar dövründən qalıb bu günkü ”haralısan" sualı. Onlar bizi bu günə salıb. Başqaları vahid dövlət yaradırdı, biz bir-birimizlə vuruşurduq. Bu dəfə isə cənab prezident sağ olsun, vahid dövlət yaratdı və dövlətimiz günbəgün möhkəmlənir" (“Azərbaycan xanlıqlar dövründə” mövzusunda ənənəvi elmi-nəzəri konfransında çıxışından, fevral, 2015).
***
Bu da ikinci sitat:
Hesablama Palatası: “Sumqayıt Şəhər Icra Hakimiyyətində maliyyə nöqsanları, qanunsuz struktur bölmələrinin yaradılması və muzdluların işlədilməsi, o cümlədən sənədləşmələrdə qanunsuz əməliyyatlar aşkarlanıb.
“Icra Hakimiyyətinin Informasiya və Reklam Departamentində audit nəticəsində müəyyən edilib ki, reklam yayımına icazə verilməsinə dair sifarişçilərlə bağlanmış müqavilələr əsas götürülməklə reklam daşıyıcılarının müvafiq meyarlar, o cümlədən tarix zonaları, sifarişçilər, ünvanlar, yerləşdirilmə yerləri, reklam daşıyıcılarının ölçüləri, reklam mövzuları və sair üzrə dislokasiyası tərtib edilməyib. Sifarişçilərlə bağlanmış müqavilələr üzrə debitor və kreditor borcların uçotu aparılmayıb. Debitor və kreditor borcların uçota alınması təmin edilməyib, eyni zamanda 169 əməliyyat üzrə 8450,0 manat məbləğində dövlət rüsumunun tutulması və dövlət büdcəsinə ödənilməsi təmin olunmayıb.
“Icra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Idarəsində aparılan yoxlama nəticəsində də məlum olub ki, Sumqayıt şəhərinin mövcud baş planının 1978-ci ildə təsdiq edilməsinə baxmayaraq yoxlama aparılan tarixədək yeni baş planı hazırlanaraq təsdiq edilməyib, memarlıq və tikinti işləri ilə bağlı şəhər Icra Hakimiyyəti başçısı tərəfindən verilmiş sərəncamların Idarəyə daxil olmasının, iş və xidmətlərə görə vətəndaşlardan və hüquqi şəxslərdən daxil olan ərizə və müraciətlərin qeydiyyatı, uçotu aparılmayıb…” (Hesablama Palatasının 2014-cü ildəki fəaliyyətinə dair hesabatından, aprel, 2015).
***
Indi də gələk mətləbə.
Ilk baxışda bu iki sitat arasında heç bir məntiqi bağlılıq yoxdur. Amma yalnız ilk baxışda.
Dərinə getdikdə isə bu sitatların biri digərinə çox aydın işıq salır.
Eldar Əzizov “dövlətin möhkəmlənməsindən” danışır, amma elə Hesablama Palatasının hesabatındanca əslində kimin, nəyin möhkəmləndiyi ortaya çıxır. Bunlar öz cibləri dolduqca, var-dövlətləri artdıqca elə bilirlər ki, dövlət də güclənir, möhkəmlənir, varlanır.
Digər tərəfdən, Eldar Əzizov günümüz Azərbaycanını xanlıqlar dövründən fərqləndirir, halbuki camaat Vasif Talıbovdan danışanda onun haqqında “Naxçıvan xanı”, Elmar Vəliyevdən söz düşəndə “Gəncə xanı” kimi bəhs edir.
Əzizov özü də daxil olmaqla, hər icra başçısı rəhbərlik etdiyi rayonu “kiçik padşahlığa” çevirib. Kəsdikləri başa sorğu-sual yoxdur. Büdcə pullarını yeyib-dağıtmaqdan və camaatın başında turp əkməkdən başqa heç nə ilə məşğul deyillər.
Hələ bu arasıdır? Rayonlar oliqarxlar arasında dədə malı kimi bölüşdürülüb. Hər nazirin az qala öz quberniyası var. Məsələn, Qəbələ deyəndə Kəmaləddin, Quba deyəndə Ziya Məmmədov yada düşür.
Yaxşı, bütün bunlardan sonra xanlıqlar dövrünə “mız qoymaq” nə qədər məntiqli, nə qədər ədalətlidir? 200 il öncəni təftiş etməkdənsə, eyiblər axtarmaqdansa, baxın görün 21-ci əsrdə Azərbaycanı nə günə qoymusunuz, onu hansı dəyərsizliklərə – yerlibazlığa, tayfabazlığa mübtəla etmisiniz!