Geni dəyişdirilən Azərbaycan (II yazı)

xanbahadir@mail.ru
 
Düzünü desək, getdiyim poliklinikada, eləcə də Göz institutunda xəstəxanalrda baş alıb gedən soyğunçuluğu görmədim. Sözsüz, gördüklərim sayaq qanunçu həkim davranışı bəyəniləsi görsənişdir. Ancaq burasını da düşünmək gərəkir: doğal resurslar baxımından bir belə varlı ölkədə nə üçün həkim bir belə az aylığa işləməlidir? Indiki yaşayışla, bazar qiymətləriylə 160-200 manatla necə yaşamaq olar? Saat 9-dan 15-dək çalışan laboratoriya qızları 160 manat aylıq alır. Bu nə deməkdir? Eləsi Bakının o başından bu başına – Əhmədlidən Yeni Yasamala işə gəlib-gedən o qızların da diləkləri, istəkləri var, axı. 
Onlar çox nəsnə istəmirlər: normal aylıq almaqla normal yaşamaq, bir də uzaqbaşı özlərinə aydan aya cehizlik alıb yığmaq istəyirlər. Qoy bu dövlət həkimlərə 1000 manat, o laborant qızlara, tibb bacılarına da 500 manat aylıq versin. Bunu etmək çoxmu çətindir? Çətin deyil, gərək istək ola. Ancaq belə istəkdən qabaq dövlətin başında duranlarda xalqa sevgi, sayğı olmalıdır. Ilham Əliyev, Mehriban Əliyeva, yenicə getdiyiniz Kəbəyə and olsun, bir neçə gün gündəlik çalışmalarını gördüyüm o laborant qızlar sizin qızlarınızdan əskik deyil, 160 manat aylığa o sayaq çalışmalarda bulunan qızlarınızı gözünüzün önünə gətirin, eləcə gözünüzün önünə gətirin, görün ata-ana üçün uşağının indiki yaşayış minimumu – bazar qiymətlərilə 160 manata işləməyi dözüləsidirmi? Eləcə də qızlarınızı, oğlunuzu 200 manat aylığa işləyən yüksək təhsilli həkimin yerinə qoyun, görün dözüləsidirmi? Gerisini özünüz düşünün!
Gerisini özünüz düşünün, ancaq elə bəri başdan bunu da bilin: çiynində daş daşımaqla getdiyiniz Kəbəni tikən Məhəmməd peyğəmbər sizə, bizə, bütün qanan insanlığa belə buyurur: “Bir könül tikmək yüz Kəbə tikməkdən üstündür”. Mən din adamı deyiləm, ancaq insanın, insanlığın dəyərləndirildiyi yerdə varam! Mənim sizlərə bəlli olan-olmayan çoxillik çalışmalarım, gərgin əməyim tək özüm üçün deyil, yurddaşarımın onları sevən hökumətə, onlara qayğı göstərən dövlətə, dövlətçiliyə qovuşması üçündür.iBu isə oğru, mafioz, korrupsioner, xaraktercə qanunlara sayğısız hakimiyətlə gerçəkləşəcək görsəniş deyil. Biz tez-tez “bizim çox güclü dövlətimiz var” deyildiyini eşidirk. Bu bir yandan xalqı aldatmaqdırsa, o biri yandan özünü aldatmaqdır. Çağdaş dünya praktikasından gördüyümüz kimi, gerçək güclü dövlətlər yurddaşa sayğını, qayğını başlıca dövlət siyasətinə çevirən sosial yönümlü dövlətlərdir. Yurddaşa sayğının, qayğının başlıca dövlət siyasətinə çevrildiyi ölkələrdə biz hakimiyətin necə asanlıqla, ağrı-acısız, sarsıntılarsız bir əldən başqa ələ, bir qrupdan başqa qrupa keçdiyini görürük. Gördüyümüz kimi, dünya dağılmır: gələn gəlir, gedən gedir. Gələn xalqın içindən hakimiyətə gəlir, gedən gəldiyi yerə – xalqın içinə gedir. Gec-tez siz də gedəcək, getməli olacaqsız; bu ölkəyə, bu xalqa azacıqsa da sevginiz varsa, çalışın sonra çox uzaqlara gedəsi olmayasız!
Bir daha güclü dövlət faktoruna qayıdaq. Güclü dövlət böyük pullar tökməklə yaratdığı ordu-polis güclərinə arxalanan dövlət deyil, sayğıyla, qayğıyla yaşatdığı xalqa arxalanan dövlətdir. Güclü dövlət yurddaşları qoruyan, konstitusion hüquqlarını gerçəkləşdirməklə sağlamlıq, təhsil, əmək, eləcə də qocalıqla bağlı gərəklərini yüksək düzəydə qarşılayan, qarantiyalayan dövlətdir! Bu gün bizə Azərbaycanın “çox böyük iqtisadı uğurlara imza atdığını” deyən adam 2006-cı ildə, hakimiyətini çox da bərkitmədiyi çağlarda, deyirdi: “Güclü ictimai nəzarət və azad cəmiyyət formalaşmasa, iqtisadi uğurlarımızın da gələcəyi olmayacaq”. Biz indi “ictimai nəzarət”, “azad cəmiyyət” faktorlarının darmadağın edildiyi dönəmdə yaşayırıq. Adamdan soruşmaq gərəkir: dediklərinin hansında doğrusan? Bizə görə, doğruluq birincidədir. Ikinci yalandır. Bu baxımdan manatın indiki devalvasiyası 22 illik antixalq siyasətlərinin devalvasiyası faktıdır!