
ATƏT təmsilçisinin, Avropa komissarının Bakı səfərlərinin arxasında nə dayanır?
Gültəkin Hacıbəyli: «Azərbaycana intensivləşən səfərlər Riqa sammiti ərəfəsində hakimiyyətlə dialoqu dərinləşdirməyə xidmət edir»
Aprel ayı xarici diplomatların Azərbaycana səfərləri baxımından zəngin oldu. Bu səfərlər sırasında ATƏT-in Demokratik Təsisatlar və Insan Hüquqları üzrə Bürosunun direktoru Maykl Linki göstərmək olar. Bu günlərdə reallaşan səfər çərçivəsində M.Link rəsmi şəxslərlə bir sıra görüşlər keçirib. Səfər zamanı ATƏT-Azərbaycan münasibətləri müzakirə olunub.
Aprelin 7-dən 9-na qədər də Avropa Qonşuluq Siyasəti və Genişlənmə Danışıqları üzrə Komissarı Yohannes Haan Bakıda səfərdə olub. Səfər zamanı əsas diqqət Avropa Qonşuluq Siyasətinin nəzərdən keçirilməsi istiqamətində davam edən məsləhətləşmələr, qarşıdan gələn “Şərq Tərəfdaşlığı” Riqa Sammiti və AB-Azərbaycan ikitərəfli münasibətlərinin müzakirələrinə ayrılıb. Bu, Haanın Avropa Qonşuluq Siyasəti və Genişlənmə Danışıqları üzrə Komissar vəzifəsinə təyin olunduğundan sonra Azərbaycana ilk səfəri olub.
Avropa Şurası baş katibi Torborn Yaqlandın xüsusi nümayəndəsi, qurumun siyasi işlər üzrə şöbə müdiri Aleksandr Gessel də Azərbaycan rəhbərliyi ilə aprelin 8-də mühüm müzakirələr aparıb.
Riqa sammiti ərəfəsində belə intensivliyin yaşanması təsadüfi qiymətləndirilmir. Ekspertlər hesab edir ki, buna səbəb beynəlxalq birliyin Azərbaycan hakimiyyətinin mövqeyini dəyişmək istəyidir.
Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli hesab edir ki, bu səfərlər AB ölkələrinin növbəti sammitinə hazırlıq məqsədi daşıyır. Ona görə də Avropa strukturlarının “Şərq Tərəfdaşlığı” olan ölkələrlə təmasları intensivləşdirdiyini düşünən G.Hacıbəyli bildirdi ki, bu proqramın üzvü olan 6 ölkənin üçü ilə artıq AB-ın heç bir sualı qalmayıb. G.Hacıbəylinin sözlərinə görə, Gürcüstan, Ukrayna və Moldova gələcəklərini birmənalı şəkildə Avropa ilə bağlayıblar: “Şərq Tərəfdaşlığı” proqramı çərçivəsində AB ilə əməkdaşlıqlarının səviyyəsini dəqiqləşdirməyən digər üç ölkə ilə danışıqlar davam edir. Amma Avropa Birliyi Azərbaycan, Ermənistan və Belarus arasından birinci ilə müəyyən nəticələr əldə olunacağına ümid var. Belarus ilə Ermənistan tamamilə fərqli hərbi-siyasi blokun üzvüdür. Bu dövlətlərin Rusiya ilə dərinləşən münasibətləri var. Amma görünən odur ki, bu üçlükdə Avropanın perspektivdə gördüyü ölkə Azərbaycandır. Azərbaycan hakimiyyəti öz maraqlarından çıxış edərək Avropaya inteqrasiyanı yubatmağa çalışır. Amma buna baxmayaraq Azərbaycan bu kursdan imtina etməyib".
Azərbaycanın AB-dan başqa seçiminin də olmadığını deyən G.Hacıbəyli bildirdi ki, çünki ölkəmizin Avrasiya Ittifaqına üzvlüyünə yol bağlıdır. Çünki işğalçı Ermənistanın təmsil olunduğu qurumda Azərbaycan özünü görə bilməz: “Hakimiyyət nə qədər də öz maraqlarından çıxış etsə də, iqtidar anlayır ki, gələcəyini Rusiyaya bağlamaq həm hakimiyyət üçün perspektiv vəd etmir, həm də ölkə maraqlarına uyğun deyil. Rusiya Azərbaycana müsbət heç nə vəd edə bilməz. Rusiyanın üzləşdiyi böhran, qarşıdurma dünyada güc nisbətini açıq formada ortaya qoyur. Bu mənada aydındır ki, Azərbaycan siyasi rəhbərliyi də gözəl anlayır ki, Azərbaycanın Avropadan başqa yolu yoxdur. Amma Avropaya inteqrasiya siyasətini iqtidar tam fərqli təsəvvür edir. Onlar fikirləşirlər ki, biz Avropa ilə bir yerdə ola bilərik, ancaq bir şərtlə ki, Avropa Azərbaycandan insan haqları və demokratiya ilə bağlı addımlar tələb etməsin. Və əməkdaşlıq da yalnız enerji və təhlükəsizlik məsələləri ilə bağlı getsin”.
G.Hacıbəylinin sözlərinə görə, Azərbaycanın təklif etdiyi variant isə AB üçün məqbul sayılmır. Brüssel dəfələrlə bəyan edib ki, insan haqları standartlarından geri çəkilməyəcək: “Ona görə Azərbaycana intensivləşən səfərlər Riqa sammiti ərəfəsində hakimiyyətlə dialoqu dərinləşdirməyə xidmət edir. Azərbaycanın bəhanələri də əlindən çıxır. Bu gün Iran Qərblə əməkdaşlığa çox yaxındır. Sanksiyalarla üzləşən Rusiyanın isə vəziyyəti göz önündədir”.
G.Hacıbəyli hesab edir ki, bu səfərlər başqa bir məqamı da ortaya qoyur. AB-ın Azərbaycandan demokratik islahatlar tələb etdiyi bir zamanda ölkəmizdə insan haqları, siyasi azadlıqlarla bağlı vəziyyət daha da pisləşib.
Xəyal