Yaşlı və orta nəslin nümayəndələri, yəqin, sovet dövrünün tibb müəssisələrində daima qaynayan iynə qazanlarlarını yaxşı xatırlayar. O zaman “birdəfəlik şpris” biz tərəflərə gəlib çıxmamışdı. Bir iynə az qala bütöv bir nəsli yola salırdı, onu sınana qədər işlədirdilər. Kimin yanına, kimin qoluna, kimin damarına, fərq etməz, iynə eyni idi, qazanda qaynayan idi. Bu gün o “əbədi” iynəni xatırladacaq çox az şey qalıb həyatda.
Yazının başlığına baxıb buraya qədər oxuyanlara elə gəlməsin ki, söhbətin nədən getdiyi onlara məlumdur, xeyr, elə deyil. Yazım təkcə yeddi rayonun qaytarılması haqda dezinformasiyaların mənbəyi və məqsədi haqda deyil, həm də erməni dəyirmanını su təchizatı ilə bağlı “çalışmalara” azacıq da olsa işıq salmaqdır. Məsələnin mahiyyətinə, yeddi rayonun hansı alçaldıcı şərtlər müqabilində bizə verilmə ehtimalına keçmədən, onun “iynə” təyinatından (!) başlayaq?
Hakimiyyətə yarınan və onun sədəqələri ilə işıq üzü görən KIV-lər bu mövzuya, yəni “yeddi rayonun qaytarılması” dezinformasiyasına bir “vəfa borcu” kimi yanaşırlar. Ölkədə narazılıqlar, bahalaşma, kütləvi evsökmə əməliyyatları, orduda qeyri-müharibə şəraitində həlak olan əsgərlərimizin sayı artanda “yeddi rayon” mövzusu manşetləri bəzəyir. Son bir neçə ildə bu mövzu savadsız və axmaq formada analitik yazılarla müşayiət olunur. Bunu hətta dünya birliyindəki yerimiz və ölkədə gedən analoqsuz inkişafla bağlayırlar. Əslində bu tip dezinformasiyaların bir məqsədi var – narazı xalqın başını qatmaq və lazım gələrsə, ona minnət qoymaq. Loru dildə desək, təxminən belə səslənər “Hakimiyyət hazırda Qarabağı qaytarmaqla məşğuldur, siz isə erməninin dəyirmanına su tökməklə məşğulsunuz, bir az dözün, görək nə olur” Lap loru dildə desək, “qarnınıza şiş batsın” kimi çıxır. Bax belə.
Bu dedi-qodu ( mən buna başqa ad verə bilmirəm – (X.Ə.) növbəti dəfə Milli Şuranın mitinqi ərəfəsində gündəmə gəldi. Qəzetlər və saytlar yenidən “yeddi rayon qaytarılır” başlıqlı informasiya yaymağa başladı. Budəfəki dezinformasiyalarda Rusiya prezidentinin də adı keçdi. Guya onun Ermənistan prezidenti S.Sərkisyanla arası dəyib, qisasını onu devirməklə yox, yeddi rayonu Azərbaycana qaytarmaqla almaq istəyir…
Bu cür informasiyalar kütlələrin şüuruna təsir edirmi?. Maraqlı sualdır, deyilmi? Kiçik bir haşiyə çıxmaq istəyirəm.
Hazırda ölkədə elə vəziyyət yaranıb ki, məmur rüşvət istəməyəndə insanlar narahat olmağa başlayırlar. Təsəvvür edirsinizmi, həkim əməliyyatdan çıxır və ona pul uzadan xəstənin yaxınlarına deyir ki, ölkədə səhiyyə pulsuzdur. Xəstənin yaxınlarının o durumdakı vəziyyətini, yəqin, təsəvvür edirsiniz. Oxşar paralelllərlə sizi yormaq istəmirəm, odur ki, yeddi rayonun qaytarılması xəbərinin necə effekt verə biləcəyini xəyalınızda canlandırın.
Etiraf edim ki, beş-altı ilə qədər insanlar doğrudan da bu haqda eşidəndə həyəcanlanırdılar. Lakin hazırda bu xəbərin şitini o qədər çıxarıblar ki, get-gedə “yalançının evi yandı” məsəlinə oxşamağa başlayıb.
Ən maraqlı, ən ağlasığmaz məqamlardan biri də odur ki, həmin KIV-lər eyni zamanda kütləni… qalan torpaqlarımızın alınması ilə də qorxutmağa çalışır. Adını çəkmək ismədiyim bir qəzet, 7 rayonun qaytarılması söhbətinin sabahı günü… Putinin GÜAM ölkələrinə mümkün təcavüzündən bəhs edən analitik (!) yazı edir…
Gələn yeddi rayonun qaytarılmasının ağır şərtlərinə. Əslində yeddi yox, beş rayondan söhbət gedir…
2007-ci ildə Azərbaycan və Ermənistan Xarici Işlər nazirlərinin Madriddə ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşündə tövsiyə xarakterli layihənin bəndlərindən biri Qarabağın ətrafındakı işğal olunmuş rayonların azad edilməsi idi… Laçın və Kəlbəcər üçün xüsusi, yəni erməniləri razı salacaq şərtlər daxil olmaqla…
Bu prinsiplərdə bizdən çox işğalçı ölkənin maraqlarına cavab verən məqamlar olduğundan qanınızı qaraltmaq istəmirəm. Yalnız onu deyə bilərəm, yeddi rayonun qaytarılması mexanizmində “qeyd-şərtsiz”, ya da buna bənzər ifadə yoxdur. Əslində yeddi (beş – X.Ə.) rayonun qaytarılması Qarabağı “de-yure” tanınmasına xidmət edir…
Bu informasiyanı “həftə səkkiz, mən doqquz” verənlər kimin dəyirmanına su tökür, onu da zəhmət çəkin, özünüz müəyyən edin…