Bu ölkədə yazılmamış qanunlardan biri də budur ki, xalqa nə qədər çox yaxın olsan, hökumətin də nifrətini bir o qədər çox qazanarsan. AXCP və Milli Şura olaraq, xalqımızın maraqlarından çıxış edərək, üzərimizə məsuliyyət götürüb silsilə "Talana son!" mitinqlərini təşkil edirik. Sosial tələblərlə keçirilən mitinqləri hər dəfə icra hakimiyyəti ilə razılaşdırırıq ki, hökumətin xalqa qarşı zor işlətməyə bəhanəsi olmasın.
Bu mitinqlər xalq arasında xeyli populyardır. Əvvəla, son illərdə ilk dəfədir ki, dinc etiraz mitinqlərinə bu qədər çoxlu sayda heç bir siyasi partiyaya üzv olmayan insan qatılır. İkincisi, Milli Şuranın mitinqləri haqda xəbərlər həm mətbuatda, həm sosial şəbəkələrdə ən çox izlənilən material olur. Təkcə "Azadlıq" qəzetinin saytından mitinq xəbərlərini hər dəfə 120-130 min oxucu izləyir. Əminəm ki, hazırda düzgün istiqamətdə hərəkət edirik. Bu proses müxalif fikri daha geniş auditoriyaya yayır, getdikcə real müxalifətin sosial bazası genişlənir, xalqın daha geniş kəsimi öz taleyinə sahib olmaq haqda düşünür, daha çox insan ölkənin problemlərinin həlli üçün köklü demokratik dəyişikliklərin "olmazsa, olmaz!" olduğu qənaətinə gəlir. Və bütün bunlar rejimin AXCP-yə nifrətini artırır.
5 aprel mitinqimiz uğurla keçdiyinə görə bizdən rəsmən qisas alırlar. Artıq 3 nəfər AXCP fəalını şərləyib həbs ediblər. AXCP Səbail rayon təşkilatının sədri Saqif Qurbanov şərlənərək 25 sutka, AXCP Gənclər Komitəsi İdarə Heyətinin üzvü Türkel Azərtürk 30 sutka, AXCP Gənclər Komitəsi Məclisinin üzvü Ruslan Nəsirli isə 20 sutka müddətinə həbs edilib. Hər üç partiya funksionerimiz olduqca bacarıqlı və əqidəli insandır. Təbii ki, bu cəzalar onları nə qorxuda, nə də mübarizə yolundan döndərə bilər.
Amma söhbət heç bundan da getmir axı. Söhbət ondan gedir ki, bizi hansı təfəkkürlü insanlar idarə edir? Milyonlarla pul xərcləyib beynəlxalq tolerantlıq, humanizm konfransları keçirənlər niyə anlamır ki, müxalifətdə olmaq, o cümlədən hökumətin əleyhinə mitinqlər təşkil etmək hər bir şəxsin konstitusiya hüququdur. Buna görə adamları şərləyib həbs etmək vicdansızlıq, üstəlik də cinayətdir!
Əziz xalqımıza isə demək istəyirəm ki, ötən ilin oktyabrından başlayaraq, Milli Şuranın keçirdiyi mitinqlərin təşkilatçılığını etdiyi üçün yalnız bu son aylarda AXCP-nin 16 nəfər fəal funksioneri şərlənərək həbs olunub. Onlardan 11 nəfəri inzibati, 5 nəfəri isə cinayət məsuliyyətinə cəlb olunub (siyahını şərhdə əlavə edərəm). Partiya rəhbərliyində olan hər bir şəxs, partiya funksioneri bilir ki, hər gün şərlənib həbs oluna bilər. Bunu sizlərlə həm də ona görə paylaşıram ki, bu ölkədə müxalifətin hansı şəraitdə mübarizə apardığına diqqətinizi cəlb edim. İstəyirəm bunu da biləsiniz: bu mərd, mübariz insanlar çox məmnundular ki, öz həbsləri bahasına olsa belə, sizlərin dinc və təhlükəsiz şəkildə mitinqlərə gəlib hüquqlarınızı hökumətdən tələb etməyinizə şərait yaradırlar. Bu imkanlardan istifadə etmək, hökumətə narazı olduğumuz barədə mesajları daha kütləvi şəkildə çatdırmaq lazımdır.
Hə, bir də bu həbslər potensial mitinq iştirakçılarını qorxutmasın. Mitinqdə iştirak edən minlər deyil hədəfdə, mitinqin təşkilatçılarıdır. Yenə də heç bir nəticəyə nail ola bilmirlər. Sadə mitinqçini tutmurlar, ona görə ki, onu tanıyan yoxdur və belə tanınmamış vətəndaşın həbsi rezonans (və həm də qorxu) yarada bilməz. Mitinqin təşkilatçıları və partiya funksionerləri isə böyük amallarla yaşayan insanlardır, millətimizin bu durumdan çıxması naminə hər cür riskləri gözə alıblar. Heç həbsləri də birinci dəfə deyil.
Beləliklə, bu həbslər yalnız bir şeyi ifadə edir – rejimin bu mitinqlərdən qorxusunu. Siz qorxmağınızda olun, biz də növbəti mitinqi hazırlamaqda!


