Bakıda qəribə ölüm: intihar, yoxsa sui-qəsd?
MTN-nin əməkdaşı Bakının Nərimanov rayonunda, Həsənoğlu küçəsində yerləşən hündürmərtəbəli binadan özünü ataraq intihar edib. Hadisə dünən baş verib. Bu barədə Analitik.az saytı məlumat yayıb. Məlumata görə, intihar edən Azər adlı 35-37 yaşlarında olan bu şəxs MTN-nin baş idarəsində məsul vəzifədə çalışırmış. Onun intihar etdiyi, yaxud kiminsə tərəfindən öldürülməsi faktı araşdırılır. Ölüm faktı ilə bağlı cinayət işi açılıb, istintaq davam edir.
Nərimanov Rayon Prokurorluğundan intihar faktını təsdiq etsələr də bu barədə əlavə açıqlama vermək və mərhumun soyadını açıqlamaq istəməyiblər. Prokurorluqdan virtualaz.org saytına verilən məlumata görə, belə bir intihar hadisəsi doğrudan da baş verib. Prokurorluqdan o da bildirilib ki, faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (intihar həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb və araşdırma aparılır.
Lakin daha sonra Nərimanov prokurorluğundan virtualaz.org-a məlumat verilib ki, intihar edən şəxs MTN-nin polkovnik-leytenant rütbəli zabiti Azər Əliyevdir. Hazırda araşdırma aparılır və xüsusi xidmət zabitinin ölümünün təfərrüatları aydınlaşdırılır.


