Geni dəyişdirilən Azərbaycan

xanbahadir@mail.ru
 
I
 
Son günlərdə göz görümü ilə bağlı polikilinikada, eləcə də Göz institutunda olmuşam. Iki-üç gündə gördüklərimlə həkimlərdən, yaxşı-yaman həkim davranışlarından yazmayacam. Pasientlərdən yazacam – göz pasientlərindən. Bizə ölkədə baş verənlərlə bağlı nağıllar danışırlar. O nağıllara inansaq, biz dünyanın ən demokratik, ən qanunçu, ən gəlişimli ölkələrindən birində yaşayırıq. Prezident adlanan adam televiziyaları ilə birgə xalqa gecə-gündüz belə nağıllar söyləməkdədir. Biz “Ilk Avropa oyunları” adına keçirilən “filial” oyunlara gələnlər deyilik: o oyunlara gələnlər kimi üzdən bəzək vurmaqla “Potyomkin kəndinə” çevirdikləri Bakıyla, Azərbaycanla bizi də aldatmaq olmaz, olamaz! 
Bir neçə ay qabaq bir dostumuzun yaxını Gömrük hospitalına düşmüşdü. Hospitala götürülmək üçün (tanışlıqla!) o, bəri başdan 5 min manat ödəməli olmuşdu. Sonra da baxımsızlıq üzündən çıxıb Neftçilər xəstəxanasına qaçmışdı. Ona dəyməyə getmişdik. Başdan başlayıram: xəstəxananın ağzına çatanda elə bildim mitinq keçirilir – adam əlindən tərpənməli deyildi. Elə san o gün bütün ölkə Neftçilər xəstəxanasına axışmışdı. Soruşdum, dedilər hər gün belədir. Bayırdakı tünlük xəstəxana palatalarının doluluq göstəricisiydi. Xəstəmizlə görüşəndə hamı kimi biz də ona necə baxıldığını soruşduq. Sevinə-sevinə: “Gömrük xəstəxanasından min qat yaxşıdır, – dedi, – orda adamı eləcə soyurlar, burda soyurlar da, baxırlar da”. Baxın, görün “bizim dövlətimiz sosial dövlətdir” deyən Ilham Əliyev bu xalqı nəylə sevindirir: “soyurlar da, baxırlar da!”. Sizə elə gəlməsin I.Əliyev xəstəxanalardakı açıq soyğunçuluqdan soraqsızdır. Başqa xəstəxanalar bir yana, Gömrük xəstəxanasındakı soyğunçuluq bütün Gömrük sistemindəki hər ay milyonları ötən soyğunçuluğun ardı-sürəsidir. Bütün başqa alanlarda olduğu kimi, o soyğunçuluğun başında da birbaşa dövlətin başında duranlar durur. Milyonlarla manat pul Gürcüstan sınırlarındakı Kür suyu deyil, gəlib Gömrük “dəyirmanının” böyür-başından axıb gedə; o pullar yığılıb-toparlanıb başlıca bir yerə axır – o yerin adı dövlət büdcəsi deyil, bəlli bir qrupun, ən başlıcası, bəlli bir Ailənin büdcəsidir.
Yaxınlarımızdan birini “tezyardımla” aparıb 1 saylı “mərkəzi” xəstəxananın reanimasiya “şöbəsinə” qoymuşdular. 6 (altı) gündə ordan 6 ölü çıxardılar. Niyəsi çoxlarının düşünəcəyi kimi “əcəl” deyildi, həkimlərin özlərinin biliksiz-yararsızlıqdan gerçək ƏCƏLƏ çevrilmələri faktı idi. Həkimlərin (həkimkimilərin) özlərinin dediklərinə görə, xəstəni tərpətmək olmazdı. Ancaq tomoqrafiyasız da olamazdı. Onlarda (“1 saylı mərkəzi xəstəxanada”) gərəkən aparat olmadığından, tanışlıqla başqa yerdən aparat gətirmək gərəyi yarandı. Aparat böyük çətinliklə gətirildi, xəstənin başı aparata salındı, həkim oyu verildi: “Əla, gözəl, hər şey qaydasındadır!” Hə, “hər şey qaydasında”, ancaq xəstə ölüm ayağında. Bu biri yandan da balacana palatada gündə bir ölü. Hələ mən gündəlik də yox, gün uzunu vəhşicəsinə soyğunçuluğu demirəm. Nə etməli? Uzun uzadı axtarışlardan sonra başqa bir yerdən tomoqrafiyanı yetərincə “oxuya” bilən həkim tapıldı. Həkim durumun ağır olduğunu, düzgün müalicə aparılmadığını bildirdi. Xəstəni ünlü bir özəl klinikaya köçürmək gərəkirdi. Köçürüldü. Burada ona gerçəkdən yüksək düzəydə baxılırdı. Çox keçmədən yaxşılaşma başladı. Çox gözəl, ancaq bu klinikanın bir gecə-gündüzü bilirsizmi neçəyədir? Bir həkimin, bir müəllimin BIR ILLIK AYLIĞI! Yox, onların bir illik aylığından bir az… az! I.Əliyev xalqı aldadaraq buna “sosial dövlət” deyir, ancaq bu, sosial dövlət deyil, yurddaşa yağı, faşist ideologiyalı soyğunçu dövlətdir!
Bəs o dövlət xəstəxanasından qat-qat yüksəkdə duran, eləcə də gecə-gündüz yüksək pullarla aşıb-daşan gözəl klinika kimindir? Dövlətdə yüksək yer tutan nuvorişlərdən birinin! Aylıqlar 150-200 manat olan ölkədə soyğunçu xəstəxanalar, bir gecə-gündüzü bir illik aylığa tən klinikalar!..