“Ukrayna geniş müharibəyə hazır olmalıdır”

Rusiyanın təhlükəli planları barədə xəbərdarlıq; Azərbaycanlı politoloq nə düşünür?

Moskvada artıq Ukrayna ilə müharibə qərarı veriblər. Bu barədə Ukrayna Milli Təhlükəsizlik Şurasının katibinin keçmiş müavini Stepan Qavriş bildirib (Virtualaz.org). Stepan Qavriş bunun “kəşfiyyat məlumatı olduğunu” deyib: “Kəşfiyyat Putinə onun xoşuna gəlməyən informasiyaları çatdırmır. Moskvada artıq Ukrayna ilə döyüşmək qərarı veriblər, ancaq hansısa detallara fikir verməyəcəklər, kəşfiyyatda bu haqda bilirlər”.
Stepan Qavriş Ukraynanın şərqində hərbi əməliyyatların üçüncü fazasının başlayacağı haqda danışan ilk mənbə deyil. Bundan əvvəl NATO-nun Avropadakı silahlı qüvvələrinin keçmiş baş komandanı Uesli Klark Donbasda apardığı araşdırmalara istinadən Rusiyadan dəstəklənən separatçıların aprelin ikinci yarısında – mayın əvvəllərində yeni hücum əməliyyatlarına başlayacağını açıqlamışdı.

Donbasda atəşkəsə dair Minskdə əldə edilmiş razılaşma əsasən yerinə yetirilsə də, son günlər Ukrayna qüvvələri ilə separatçılar arasında atışmaların intensivləşdiyi barədə məlumatlar var. Ukrayna silahlı qüvvələri təkcə aprelin 6-da 6 hərbçisini itirdiyini açıqlayıb. Daha təhlükəlisi isə budur ki, separatçıların nəzarətində olmayan cənub-şərq regionlarında – Mariupolda, Xarkovda, Odessada bir-birinin ardınca diversiyalar törədilir.
Ukrayna KİV-ləri xəbər verir ki, bu gecə Mariupolda partlayış törədilib, ölən və xəsarət alan yoxdur. Xarkovda isə Ukrayna bayrağının asıldığı dirək partladılıb. Gecə saatlarında baş verən partlayışın səsi bütün şəhərdə eşidilib. Həmçinin Xarkov vilayətində dəmir yollarında növbəti partlayış törədilib, qatarların hərəkəti dayandırılıb.

Qərbin  tədbiq edilən sanksiyalar nəticəsində ciddi iqtisadi geriləmə dövrunü yaşayan Rusiya yenidən müharibəyə başlaya bilərmi?

Politoloq Vəfa Quluzadə hesab edir ki, Rusiya ilə Ukrayna arasındakı gərginliyin qısa bir zamanda  aradan qalxacağı gözlənilmir. Politoloq bildirir ki, Rusiya müharibəni sona qədər davam etdirməyə çalışacaq:
“Rusiya prezidenti Vladimr Putinin planı Avropa İttifaqına bərabər bir qurum yaratmaqdır. Putin yaxşı bilir ki, Ukraynasız bu qurumun yaradılması mümkünsüzdür. Ukrayna faktoru eyni zamanda Rusiyanın daxilinə təsir edəcək bir məsələdir. Əgər Putin başladığı müharibəni davam etdirməsə, Rusiyanın daxilində ona qarşı ciddi narazılıqlar baş qaldıracaq. Bu baxımdan Ukrayna geniş müharibəyə hazır olmalıdır. Bu barədə Ukrayna hökuməti də dəfələrlə çıxış edib. İstər prezident Poroşenko, istər Baş nazir Yatsenyuk müharibə başlaya biləcəyinin anonsunu veriblər.
Rusiya hökuməti hələ də baş verən hadisələrə düzgün qiymət verə bilməyib. Sovet dövründə Rusiyada siyasi hakimiyyət var idi. Politbüro, Komminist Partiyası ölkəni düzgün idarə edə bilirdisə, Sovet ittifaqı dağılandan sonra hakimiyyət tamamilə Xüsusi Xidmət  Orqanlarının əlində cəmləşib. Bu gün Putin məhz bu orqanların təmsilçisi funksiyasını yerinə yetirir. Bu gedişlə görünən odur ki, Rusiyada uzun müddət fərqli siyasət müşahidə edilməyəcək.
Hesab edirəm  ki, bütün bunları istər AB istər ABŞ lazımınca başa düşür.  Rusiya Ukrayna sərhədində hər an Minsk razılaşmasını pozması və geniş müharibənin başlaması gözləniləndir.”

Emil