Cənubi Qafqaz müdafiədə

Regionun sabitliyi 3 ölkə üçün prioritet məsələdir

 
Cənubi Qafqazda artıq bir ildir ki Azərbaycan, Gürcüstan və Türkiyənin iştirakı ilə yeni təhlükəsizlik sisteminin qurulması sürətlənir. Bu, vaxtilə muxtar rejimdə mövcud olan milli hərbi doktrinaların uyğunlaşdırılmasını göstərir.
Müdafiə nazirlərinin aprelin 2-də Gürcüstanda keçirilmiş son üçtərəfli görüşü göstərdi ki, regionun sabitliyi məsələsi görüş iştirakçıları üçün prioritet məsələdir. “Üçtərəfli görüşümüz regionda sülh və təhlükəsizliyin möhkəmləndirilməsinə yönəlib”, deyə Gürcüstanın müdafiə naziri Mindiya Canelidze bildirib. Türkiyənin milli müdafiə naziri Ismet Yılmaz nazirlər formatını “regionda sabitlik üçün yaxşı mexanizm” adlandırıb. Baxmayaraq ki, Canelidze əməkdaşlığın kiməsə qarşı yönəlmədiyini qeyd etsə də, Azərbaycanın müdafiə naziri Zakir Həsənov Ermənistanı regionun sabitliyini pozan ölkə adlandırıb: “Bu gün o, regionda üçüncü ölkələrə ərazi iddiaları irəli sürən yeganə dövlətdir. Biz bu istiqamətdə işi davam etdirəcəyik”.
Praktiki olaraq, ötən ilə qədər ölkələr ikitərəfli əsaslarla əməkdaşlıq həyata keçirirdilər. Əməkdaşlığın əsas vektoru Türkiyə-Azərbaycan, Türkiyə-Gürcüstan münasibətləri idi. Bu əməkdaşlığa qarşılıqlı maraq Cənubi Qafqazın təkcə postsovet məkanında deyil, dünyada sözün əsl mənasında ən qaynar nöqtəyə çevrildiyi nəticələnən SSRI-nin dağılmasından sonra yaranıb. Hərbi əməkdaşlığın intensivliyi 1994-cü ildə Azərbaycan və Gürcüstanın NATO ilə Sülh Naminə Tərəfdaşlıq proqramını (SNTP) imzalamasından sonra kəskin şəkildə artıb. Bu proqram Şimali Atlantik alyansın standartlarına keçidi nəzərdə tutur. Bu mənada alyans üzvü kimi Türkiyənin Cənubi Qafqazda rolu xeyli artıb. Həm Türkiyə ərazisində hərbi təlim və təkrar təlim komponentindən, həm də Azərbaycan və Gürcüstanın hərbi təhsil sisteminin NATO standartlarına uyğunlaşdırılmasından ibarət olan hərbi kadr hazırlığında Ankaranın fəallığını xüsusilə qeyd etmək gərəkdir. Türkiyənin maddi-texniki, dost orduların arxa cəbhə təminatı üzrə yeni sistemin yaradılmasında rolunu xüsusi vurğulamaq gərəkdir.
Həsənovun bəyanatını hərfən anlamaq lazım deyil və bu, heç də o demək deyil ki, hər üç ölkənin potensial düşməni potensial olaraq zəif olan Ermənistandır. Onun Rusiya ilə zəif müttəfiqlik münasibətləri var və Moskvanın himayəsi altında olan bütün təhlükəsizlik qurumlarına daxildir. Son 10-15 il ərzində Yerevanın hərbi ərazi iradları xeyli zəifləyib və yox olmaq üzrədir ki, bu da daxili iqtisadi tənəzzül, erməni cəmiyyətində Qərbyönlü əhval-ruhiyyənin güclənməsi, Rusiyanın iqtisadi və xarici siyasi itkiləri, Moskvanın Ankara və Bakı ilə xüsusi iqtisadi münasibətləri kimi amillərlə şərtlənir.
Həmçinin, formalaşan hərbi alyansın gizli şəkildə son illər, Gürcüstan və Ukraynada olduğu kimi, postsovet məkanında öz maraqlarının müdafiəsi üçün açıq-aşkar hərbi alətdən istifadə edən Rusiyaya qarşı yönəldiyini də hesab etmək doğru olmazdı. Hər iki böhranda Türkiyə yalnız Kremli tövsiyələr və istəklər yolu ilə sülhə dəvət edən tərəfdən başqa heç nə deyildi. Hətta Krım tatarları kimi Türkiyə üçün çox əhəmiyyətli olan məsələdə belə Ankara Vladimir Putinin Krımdakı hərəkətlərinə təmkinlə yanaşdı. 2008-ci ildə Gürcüstanda baş nazir Ərdoğan prezident Putini “Qafqazda sabitlik paktı” təşəbbüsü ilə sakitləşdirməyə çalışdı. Azərbaycanın da başına buna bənzər bir şey gəlsə, Ankara birmənalı olaraq Moskva ilə qarşıdurmaya gətirib çıxaracaq həddi aşmazdı.
Baxmayaraq ki, Kreml 2008-ci ildə Gürcüstan müharibəsi zamanı xüsusilə qabarıq şəkildə özünü büruzə verən NATO-nun Cənubi Qafqazda genişlənməsi ehtimalından qıcıqlandığını gizlətmir, ümumilikdə Türkiyənin Cənubi Qafqazdakı tərəfdaşları ilə inkişaf etməkdə olan hərbi əməkdaşlığını və Bakı və Tbilisinin NATO ilə genişlənməkdə olan münasibətlərini neytral izləyir. Osmanlı Imperiyasının dağılmasından sonra özünü Rusiyanın maraqlarını nəzərə alan, əvvəlcədən nə edəcəyini proqnozlaşdırmaq olan tərəfdaşı kimi göstərən Ankaranın rolu Moskvanı qane etməyə bilməz.
Son iyirmi ildə Şimali Qafqazda baş verən hadisələr (zəif dövlət institutları olan Cənubi Qafqazdan müxtəlif növ sabitlik pozan xarici qrupların Rusiya ərazisinə nüfuz etməsi üçün istifadə olunması) Moskvanın Zaqafqaziyada sabitliyin gücləndirilməsində və Türkiyə, Azərbaycan, Gürcüstanın köməyi ilə sabitlik pozan əsintilərə maneələr yaradılmasında maraqlı olduğunu göstərib. Bu mövzu gündəlikdən çıxarılmayıb, hətta Rusiyada sabitlik üçün təhlükə yaratmaması mümkün olmayan SSRI-nin cənub sərhədlərində və bütünlükdə Qafqazda radikal islamın güclənməsi fonunda aktuallığını artırıb. Həm də, çətin ki, Moskvanın səssiz razılığı olmadan üç ölkə üçtərəfli hərbi format yaratmaq üzrə addım atardı. Bu, Kremlin Cənubi Qafqazda formalaşan hərbi təhlükəsizlik sisteminə marağının olmasa da, yumşaq baxışının göstəricisidir.ÿ
Digər tərəfdən, NATO-nun Cənubi Qafqazda SNTP üzrə tərəfdaşları ilə münasibətlərində forsaj elementləri olmayan təmkinli siyasətini müşahidə etmək olar. O, Əfqanıstana yük və insan tranziti, Qərbə gedən kommunikasiyaların – TANAP, Bakı-Tbilisi-Qars dəmir yolu və s. kimi kəmər və nəqliyyat kommunikasiyalarının müdafiəsi və əlbəttə ki, regionda sabitlik maraqları ilə məhdudlaşır.
Rusiya və NATO-nun regionda status-kvosunun müvəqqəti xarakter daşıması və gələcəkdə gərginliyə gətirib çıxara biləcəyi ehtimalı çox azdır. Rusiyanın Iranın nüvə proqramı üzrə danışıqlarda konstruktiv iştirakı, marşrutların diversifikasiyası vasitəsilə Avropanın enerji təhlükəsizliyi sisteminin formalaşdırılması və neft qiymətlərinin ucuzlaşmasından irəli gələrək, Rusiyanın qlobal iqtisadiyyata cəlb olunması prosesinin sürətləndirilməsi, xarici kapitalın geniş iştirakı ilə daxili islahatlara hazırlıq, FTX rəhbəri Aleksandr Bortnikovun zorakı ekstremizmə qarşı mübarizə üzrə Vaşinqton sammitində iştirakı kimi, təhlükəsizlik sahəsində Qərb tərəfdaşları ilə birgə fəaliyyət buna dəlalət edir.
“Turan” Analitik Xidməti