AXCP fəalını oğurlayıb həbsə göndərdilər

AXCP Gənclər Komitəsi İdarə Heyətinin üzvü Türkel Azərtürkə 15 yox, 30 sutka inzibati həbs cəzası verilib. Bu barədə onun qardaşı Eltac Əlisoy facebook-da xəbər paylaşıb.
Eltac Əlisoy yazır ki, Türkel ünvansız söyüş söyməkdə ittiham olunub. Onu aprelin 6-ı saat 17 radələrində Xətai rayonu ərazisində, general Ə.Şıxlinski küçəsində avtobusa minərkən Xətai Rayon Polis İdarəsi və 35-ci polis bölməsinin əməkdaşları tutublar. Polislər Türkeli 35-ci bölməyə aparıblar və orada ona fiziki zor işlədiblər. Türkel elan olunan ittihamlarla razılaşmadığını deyib, protokola imza atmaqdan imtina edib. Buna görə də ona fiziki zor işlədiblər və zorla protokola imza atdırıblar.

***

09.20

Yaxınlarından aldığımız xəbərə görə, Türkel Azərtürk 15 sutka inzibati həbslə cəzalandırılıb. Qərar aprelin 6-ı axşam saatlarında Xətai rayon məhkəməsində çıxarılıb. Türkel Azərtürk 310-cu maddə ilə (polisin qanuni tələbinə əməl etməmək) günahlandırılıb. Onun cəzalandırılmasının əsl səbəbinin siyasi fəaliyyəti ilə bağlı olduğu isə şübhə doğurmur.

***

6/04/2015

AXCP fəalı Türkel Azərtürk yoxa çıxıb. Bu barədə redaksiyamıza onun yaxınları məlumat verib. "Türkel bir tanışı ilə görüşməyə gedib. Lakin indi həmin şəxs deyir ki, Türkel onunla görüşməli olsa da, görüşməyib. Haradadır bilmirik. Telefon nömrəsinə də zəng çatmır", – deyə AXCP fəalının yaxınları bildirib.