Türkiyə baş nazirinin müavini Bülənt Arınçla prezident Rəcəb Tayyib Ərdoğan arasında bir müddətdir «soyuq savaş» gedir. Arınç çıxışlarının bir çoxunda Ərdoğanı açıq və dolayı yolla tənqid etməkdən çəkinmir. Bu tənqidlərə Ərdoğandan birbaşa reaksiya gəlməsə də, prezidentin yaxın ətrafından Arınça əks-ittihamlar səsləndirilir. Məsələn, Ankaranın bələdiyyə sədri Melik Gökçek prezidentə ünvanlanan tənqidlərə cavab olaraq Bülənt Arınçın Fətullah Gülənin adamı olduğunu bildirmişdi. Arınç isə bunun yalan olduğunu və ona ünvaladığı ittihamlara görə Gökçeyin cavab verəcəyini demişdi.
M.Gökçeyin oğlu Osman Gökçeyin AKP-dən millət vəkilliyinə namizəd veriləcəyi barədə xəbər çıxandan sonra tərəflər arasında növbəti gərginlik yaşanıb. Yaxın ətrafının yerli mətbuata verdiyi məlumata görə, Arınç bu qərara qarşı çıxaraq «Bu partiyada azacıq hörmətim varsa, Melikin oğlu namizəd edilməyəcək» deyə AKP-yə mesaj göndərib. Bu gün AKP-nin siyahısı açıqlanarkən məlum oldu ki, hakim partiyanın namizədləri arasında Osman Gökçeyin adı yoxdur.
Görünür, AKP Ərdoğanla onsuz da isti münasibətləri olmayan Arınçı növbəti dəfə narazı salmaq istəməyib. Maraqlıdır ki, Arınç özü Türkiyə mediasının yaydığı bu xəbəri təsdiqləməyib. «Twitter» hesabından açıqlama verən baş nazirin müavini belə bir söz işlətmədiyini bildirib.
Gültəkin


