
Vergilər Nazirliyinin əməkdaşları sığorta agentlərinə zəng vuraraq verginin 4% deyil, 20% dərəcəsi ilə ödəməli olduqlarını bildirirlər.
“Marja”nın məlumatına görə, bu narazılığı Sığorta Agentlərinin 3-cü Milli Forumunda sığorta agentləri dilə gətiriblər.
Agenlər Dövlət Sığorta Nəzarəti Xidmətinin və Azərbaycan Sığortaçılar Assosiasiyasının rəhbərliyinə müraciət edərək onlardan kömək istəyiblər.
Sığorta agentləri bildiriblər ki, vergi orqanlarının əməkdaşları onlara dövriyyələrindən 4% deyil, 20% dərəcəsilə vergi ödəməli olduqlarını bildirirlər. Vergilər Nazirliyi bunu sığorta agentlərinin fəaliyyətinin sığorta fəaliyyəti kimi göstərilməsilə əlaqələndirirlər.
Azərbaycan Sığortaçılar Assosiasiyasının sədri Orxan Bayramov bildirib ki, bu məsələ Vergilər Nazirliyi ilə müzakirə ediləcəkdir:
“Ümid edirik ki, bu məsələni danışıqlar yolu ilə həll edəcəyik”.
Qeyd edək ki, sığorta agentləri satdıqları sığorta şəhadətnamələrinə görə sığorta şirkətlərindən komisyon haqqı alırlar. Agentlər 4% dərəcəsilə sadələşdirilmiş vergini ödəmələrinin tərəfdarıdırlar.