Ərdoğanı tənqid edənə 23 aylıq cəza verildi

Türkiyənin cənub şərqində bir jurnalist prezident Recep Tayyip Erdoğan-ı facebook səhifəsində tənqid edən şərhi bəyəndiyi üçün şərti həbs cəzası alıb. Məhkəmə həmin tənqidin «təhqir» olduğunu bildirib. Doğan xəbər agentliyinin məlumatına görə, Qaziantep vilayətində 19 saylı Birinci İnstansiya Cinayət Məhkəməsi jurnalist Yaşar Elma-nı «dövlət qulluqçusunu təhqir etməkdə» təqsirli bilib. Aprelin 4-də keçirilən məhkəmədə Erdoğan-ın vəkili də iştirak edib. 
 
Məhkəmə əvvəlcə Elma-ya 28 ay həbs cəzası nəzərdə tutub, sonradan onu 23 ay şərti cəzayla əvəzləyib.
 
«Sadəcə, cənab prezident barədə bir şərhi «Like» etmişdim. Yarım saatdan sonra pozmuşdum, ancaq polis gəldi və məhkəmənin ikinci dinləməsində məhkəmə haqqımda hökm çıxardı». Elma şərhi bəyənməyin cinayət olduğunu bilmədiyini də sözlərinə əlavə edib. 
 
Vəkili Dilber Demirel qərardan apelyasiya veriləcəyini deyib və söyləyib ki, hökm tək bircə sözü təhqir sayıb, ancaq vəkil həmin sözü açıqlamayıb.
 
Erdoğan ötən ilin avqustunda prezident seçiləndən Türkiyədə 70-dan çox adam onu «təhqir etdiyi» üçün mühakimə olunub. Baş nazir postunda olanda yüzlərlə oxşar iş açılmışdı. 
 
Vyanada mənzillənən Beynəlxalq Mətbuat İnstitutunun Türkiyə Milli Komitəsi fevralda bildirib ki, ölkədə jurnalistləri hədəfləyən, böhtan və təhqirlə bağlı məhkəmə işlərinin artmasına qarşı kampaniya başladacaq. İnstitut martın 27-də Türkiyə üzrə xüsusi hesabatında bildirib ki, jurnalistlərə qarşı böhtan iddiaları və həbslər Türkiyədə demokratiyanı zərbə altında qoyur.