Son bir ayda Mərkəzi Bankın maliyyə bazarına müdaxilə etdiyi valyutanın məbləği ilə bağlı dəqiq məlumat açıqlanmır. Açıqlanan rəqəmlər isə üst-üstə düşmür. Belə ki, deputat Vahid Əhmədov Mərkəzi Bankın martda manatın dollara nisbətdə sabit saxlanması üçün maliyyə bazarına 600-700 milyon dollarlıq müdaxilə etdiyi deyir.
Bu rəqəm isə Mərkəzi Bankın idarə heyətinin sədri Elman Rüstəmovun açıqlaması ilə ziddiyyət təşkil edir.
Xatırladaq ki, fevralda Mərkəzi Bankın rəhbəri martın ilk günlərində valyuta ejtiyatlarının 11 milyrad dollar təşkil etdiyi açıqlamışdı. Aprelin ilk günlərində isə valyuta ehtiyatlarının təxminən 10 milyard dollara yaxın olduğunu açıqlayıb. Bu da o deməkdir ki, son bir ayda Mərkəzi Bank bir milyard dollardan artıq vəsait xərcləyib. Çıxışlarının birində Elman Rüstəmov özü də bunu etiraf edib. O bildirib ki, Azərbaycan Mərkəzi Bankı manatı kəskin ucuzlaşdırdıqdan sonra dollara tələbatı ödəmək üçün valyuta bazarına 1 milyard dollardan çox pul çıxarıb. O bunu ölkədə dollarlaşma prosesinin getməsi ilə izah edib.
Bununla yanaşı baş bankir ilin sonuna qədər valyuta ehtiyatlarının nə qədər olacağı ilə bağlı proqnoz vermir. Ancaq valyuta ehtiyatlarının növbəti aylarda da azalacağı gözlənilir.
azadlıq.info