3 ildir “zəng çalan” “Azərbaycan saatı”

2-3 il əvvəl Bakıda bir beynəlxalq tədbir keçirilirdi. Tədbirin mövzusu keyfiyyətili tele-yayım idi. Xaricdən, daxildən çoxlu ekspert gəlmişdi. Onlar çox şövqlə danışırdılar ki, keyfiyyətli yayım necə olur, necə olmalıdır. Çoxlu təkliflər, təcrübələr bölüşüldü. Burada sözü keçən keyfiyyət texniki göstəricilərə dair idi. Yəni, televiziya dalğaları hansı formada yayılmalıdır ki, izləyicilərin gözünü oxşayan görüntü alınsın.

O zaman bütün tədbiri alt-üst edən fikiri “Azadlıq” qəzetinin redaktoru Rahim Hacıyev dedi. Rahim bəy bildirdi ki, siz həqiqəti göstərən bir televiziya verin, azərbaycanlılar ona hətta ağ-qara variantda da baxmağa hazırdı. Bu, Azərbaycanın efir məkanına dəqiq qiymət idi. Çünki, bizim insanların, tamaşaçıların dərdi ekran görüntülərinin keyfiyyəti yox, ekrana çıxarılan söhbətlərin, xəbərlərin keyfiyyətsizliyidir.

Belə bir ciddi problemin olduğu şəraitdə “Azərbaycan saatı” yarandı. Bir tele-layihə kimi onun şansı gətirib. Ona görə ki, yolun ən çətinini seçdiyimizdən, burda bizimlə demək olar, rəqabət aparan yoxdur. Bütün kəm-kəsirlərimizi, təcrübəsizlikdən, texnika çatışmazlığından yaranan problemlərimizi tamaşaçılarımız bir şeyə görə əfv edir, bizə heç irad da bildirmirlər. Bu da odur ki, biz illərdir insanların təşnə qaldığı həqiqəti deyirik, göstəririk.

Azərbaycanlılar, 90-ci illərin əvvəlində olan azadlıqlar dövrünü çıxmaq şərtilə, az qala televizya ilə tanışlıqdan bəri bu qutudan yalan izləyib. Bu qara qutu mavi efirindən ona cürbəcür rəngli, ağ-qara yalanlar təqdim edib. “Azərbaycan saatı” bu bozluğu darmadağın elədi. Yalnız həqiqətə istinad, düzgünlüyü insanlara çatdırmaq istəyi bizə cəsarət verir və buna görə də sonsuz çətinliklərə baxmayaraq, bu proqram 3 ildir ayaqdadır.

“Azərbaycan saatı”nın ilk günlərində məni və dostlarımı ruhdan salan, əlimi-qolumu sındıran bir məsələyə qısaca toxunmaq istəyirəm. Biz müxtəlif mövzularla bağlı insanlar arasında sorğu edirdik. Adamları danışdırına qədər canımız çıxırdı. Adamlardan sözü necə deyərlər, kəlbətinlə qoparırdıq. Adamlar dərdlərini danışmaq istəmirdilər. Belə hallarla tez-tez qarşılaşmaq məni sual qarşısında qoydu – bu özlərini lallığa vuran adamlara görə özümüzü oda-közə atmağa dəyərmi? Az keçmədi ki, həyat özü bu sualı cavablandırdı. Bəlli oldu ki, insanların bu susqunluğunun səbəbi inamsızlıq imiş. Çünki azərbaycanlılar illərdir belə görüb ki, ona ancaq yaltaqlıq səhnələrində rol almaq, tərif demək üçün miokrafon uzadılıb. Deyilən şikayətləri isə efirdən gözləyənlər “Kişi sözü” filmindəki Qasımın acı aqibətini, xəyal qırılqlığı yaşayıb. Deməli, bu susqunluq, insanların televiziyaya danışmaması əslində ölkədəki 7-8 telekanalın yalan siyasətinə dinc etirazdı. Bu, bizi sevindirdi və işimizə daha ürəklə bağlanmaq üçün vəsilə oldu.

İndi tam tərs bir vəziyyət yaranıb. “Azərbaycan saatı” tamaşaçılarının hamısını dinləmək problemi qarşısında demək olar, acizdir. Telefonlarımıza, emaillərimizə, facebook, youtube səhifəmizə gələn tamaşaçı rəyləri, şikayətləri onu deməyə əsas verir ki, ölkədə insanlar düzlə səhvi gözəl ayrıd edə bilirlər. “Azərbaycan saatı” ilə tamaşaçılar arasında etimad da düzgünlüyə xidmətə görədir. “Azərbaycan saatı”nın misalında həyat bir daha sübut elədi ki, düz əyrini həmişə kəsir. Proqramımıza da, izləyicilərimizə də daim düzgün və kəsərli olmaq arzusu ilə…