İran prezidenti Qərblə anlaşmadan danışdı
İran prezidenti Həsən Ruhani ölkəsinin Qərblə əldə etdiyi ilkin razılaşmaya münasibət bildirib.
O, İranın dövlət televiziyasına müsahibəsində deyib ki, nüvə proqramı ilə bağlı beynəlxalq birliyə verdikləri vədi yerinə yetiriblər və indi Qərbdən sanksiyaların götürülməsini gözləyirlər. Ruhani qeyd edib ki, əldə edilən razılaşmanın yerinə yetirilməsi ilə İrana qarşı bütün sanksiyalar və qərarlar aradan qaldırılacaq bə beləcə, bütün dünyayla yaxşı əlaqələr üçün yeni bir dönəm başlayacaq.
Ruhani bildirib ki, ölkənin ali dini lideri Xamneyiyə və İran xalqına danışıqları aparan nümayəndə heyətinə verdikləri dəstəyə görə təşəkkür edir. “Biz bütün dünya ölkələri ilə əlaqələrimizi yaxşılaşdırmaq və əməkdaşlıq etmək istəyirik. Hansı ölkə ilə əlaqələrimiz yaxşıdır, qoy daha yaxşı olsun, hansı ilə soyuqdursa, istiləşsin, gərginlik olanla gərginlik aradan qalxsın. Əlaqələr etimad, inkişaf və əməkdaşlıq olmadan mümkün deyil”, – deyə İran prezidenti vurğulayıb.
Ruhani əlavə edib ki, bəziləri “Ya savaşmalıyıq, ya da təslim olmalıyıq” deyə düşünür. Lakin üçüncü yol da var – dünya ilə yaxşı məqsədlər üçün əməkdaşlıq etmək. İran prezidenti vurğulayıb ki, ölkəsi uranı sadəcə özünün inkişafı üçün zənginləşdirir, qonşularını və ya başqa ölkələri təhdid etmək üçün yox.


