“Vətəndaşlar 5 aprel mitinqinə qatılaraq bu siyasətə son qoyulmasını tələb etməlidir”

Aprelin 5-nə təyin olunan “Talana son” mitinqinə ictimaiyyət nümayəndələrinin çağırışı davam edir. Ədliyyə Generalı, Milli Şura Koordinasiya Mərkəzinin üzvü Vidadi Mirkamal əhalini aksiyada fəal iştirak etməyə çağırır: 

“Azərbaycan hakimiyyəti uzun illər xalqı güclü iqtisadiyyat nağılları ilə yuxuya vermişdi. Ölkə iqtisadiyyatını 70-80 faiz neftdən asılı vəziyyətə gətib. Dünya bazarında neftin qiymətinin düşməsindən sonra bir daha aydın oldu ki, bu hakimiyyətin iqtisadi siyasəti yoxdur və ölkə iqtisadiyyatının 80 faizindən çoxunu neft pulları hesabına formalaşdırıb. Uzun illər ərzində ölkəyə axan milyardları korrupsiya yolu ilə mənimsədi və xalqın rifahı üçün heç bir ciddi addım atmadı. Yaranmış büdcə kəsrlərini kompensasiya etmək üçün manatı 34 faiz ucuzlaşdırmaq xalqa qarşı növbəti təhqir hesab olunur. Onsuzda ağır sosial şərtlər altında yaşayan xalq manatın devalvasiyasından sonra daha da müflisləşdi. Manatın dəyərdən düşməsi birbaşa hökumətin yarıtmaz iqtisadi siyasətilə bağlıdır. İqtidar manatın ucuzlaşmasından sonra yaranan problemin ağırlıq yükünü xalqın çiyinlərinə atmaqla bir daha anti-xalq siyasəti yürütdüyünü nümayiş etdirdi. Pensiyalar, müavinətlər, maaşlar artmadı, əksinə, bahalaşma start götürdü.

İnsanlar düşünməlidirlər ki, hökumətin bu addımları hələ son deyil, növbəti devalvasiya qaçılmazdır. Gözləntilərə görə, hökumət yenidən 50 faiz devalvasiya etmək niyyətindədir. Bu da o deməkdir ki, insanlar daha da kasıblaşacaq. Hökumətin bu niyyətinin reallaşmasının qarşısını almağın tək yolu hamılıqla ayağa qalxıb, “dur” deməkdən keçir. İnsanlar artıq dərk etməlidr ki, hakimiyyət xalqın kütləvi etirazına şahidlik etməsə, xalqın maraqlarına uyğun davranmaq haqda düşünməyəcək. Aprelin 5-nə təyin edilmiş “Talana son” mitinqin məqsədi xalqın etiraz gücünü nümayiş etdirməkdir.. Milli Şura heç bir siyasi məqsəd güdmədən xalqın sifarişini, ağır durumunu nəzərə alaraq bu mitinqi təyin edib. Bu aksiyalar dinc şəkildə həyata keçirilir, icazəlidir. Vətəndaşlar heç bir narahatlıq hiss etmədən 5 aprel mitinqinə qatılaraq bu siyasətə, anti-xalq addımlarına son qoyulmasını tələb etməlidir“.