Bir xəbər və üç xatırlatma

Xəbərdən başlayaq: “Ilham Əliyev Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevin ”Şöhrət" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. “Prezident.az” saytının məlumatına görə, R.Abdullayev Azərbaycan Respublikasında neft sənayesinin inkişafındakı xidmətlərinə görə təltif edilib" (2 aprel, 2015).
 
***
Indi isə keçək xatırlatmalara.
 
Xatırlatma 1.
“Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı Layihəsində Azərbaycanla bağlı növbəti araşdırma materialı hazırlanıb. Budəfəki araşdırma Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevin 21 yaşlı oğlunun dövlətin vəsaitindən öz şəxsi pulu kimi istifadə edərək, çoxsaylı şirkətlərə, restoran, istirahət mərkəzi və s. əmlaklara sahib olmasından bəhs edilir…
…Rəşad Abdullayev SOCAR-la əlaqəli bir neçə işə rəhbərlik edir: Məsələn, “The Alpha Roger Procect” (www.alpharoger.com.tr) daşınmaz əmlakla məşğuldur. Rəşad Abdullayevin sahiblik etdiyi digər müəssisələr tikinti, dəniz və hava daşımaları, insan resurslarının idarə olunması, konsultasiya, neft məhsullarının satışı ilə məşğul olur…
O, həmçinin  Türkiyədə qeydiyyatdan keçmiş və qeyri-kommersiya təşkilatı olan Azərbaycan Insan Kapitalının Inkişaf Mərkəzini (AZEDER) idarə edir. Rəşad Abdullayev yorulmadan Mərkəz üçün sosial tədbirlər həyata keçirir, bütün bunlar SOCAR-ın pulu ilə həyata keçirilir…" (noyabr 2014, “azadliq.info”, jurnalist Xalid Kazımovun araşdırmasından).
 
***
Xatırlatma 2.
“Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Araşdırmaları Layihəsi (Organized Crime and Corruption Reporting Procect – OCCRP) və ”Azadlıq" radiosu, Təhqiqatçı Jurnalistlərin Beynəlxalq Konsorsiumunun (International Consortium of Investigative Journalists) iştirakı ilə “Bahar Energy Limited” şirkətinin arxasındakı gizlinləri aşkara çıxarıb.
Əldə olunmuş sənədlər göstərir ki, dövlət adından nefti satmalı olan Dövlət Neft Şirkətinə – SOCAR-a bağlı 2 şəxs əlaqələrindən yararlanaraq saziş bağlayıblar. Bu sazişlər isə əslində nə dövlətə, nə də həmin yataqlarda çalışanlara sərf etmir. Bu sövdələşmədən kimin mənfəət götürdüyü uzun zaman sirr qalıb.
Bu sirrin arxasından SOCAR-ın indiki prezidenti Rövnəq Abdullayevin qayınatası Adəm Əliyev və SOCAR-ın Neft və Qaz Tədqiqatları və Dizaynı Institutunun rəhbəri Fəxrəddin Ismayılovun adları işarır. Onlar “Bahar Energy” şirkətinin həmtəsisçisi olan “Rafi Oil” şirkətinin ilk direktorları olublar" (17 sentyabr 2014, “azadliq.org”).
 
***
Xatırlatma 3.
“Türkiyənin ”Tekfen Inşaat ve Tesisat A.Ş" şirkəti Bakıdakı Olimpiya Stadionunun tikintisi ilə bağlı ARDNŞ-lə müqavilə imzaladığını bəyan edib. Türkiyənin ANKA agentliyi xəbər verir ki, “Tekfen Inşaat”ın Kamuyu Aydınlatma Platformuna (Ictimaiyyəti Məlumatlandırma Platforması – red.) verdiyi özəl durum açıqlamasına görə, şirkət 68 min nəfərlik stadionun tikintisi ilə bağlı tenderin qalibidir.
Açıqlamada layihənin ümumi dəyərinin təxminən 640 milyon dollar, icra müddətinin 24 ay olduğu, tikintinin 2015-ci ilin martında tamamlanacağı bildirilir…
Ilk baxışdan bu açıqlama meqa-layihə ilə bağlı hansısa korrupsiya şübhələri yaratmır. Lakin məsələ ondadır ki, “Tekfen Inşaat”ın səhmlərinin 50 faizi ARDNŞ-in nəzarətindədir. Yəni ARDNŞ dövlət vəsaitləri hesabına inşa ediləcək stadionunun tikintisini özünün nəzarətində olan şirkətə həvalə edir, nəticədə layihə ilə bağlı şəffaflıq ciddi şübhə altına alınır…
…ARDNŞ birinci dəfə deyil ki, bu cür böyük layihələri “öz adamlarına” – “Tekfen Inşaat”a verir. Bundan əvvəl onun Bakıda yeni göydələn ofisinin inşası layihəsi də bu şirkətə həvalə edilmişdi. Həmin binanın da layihəsini Cənubi Koreyanın “Heerim Architects & Planners Co. Ltd” şirkəti hazırlayıb. 200 metr hündürlüyündəki binanı hansı şirkətin tikəcəyi xeyli müddət sirr kimi saxlanılıb. Lakin daha sonra məlum olub ki, 235 milyon dollara başa gələcək binanın tikintisini “Tekfen Inşaat ve Tesisat A.Ş.” həyata keçirir. Rəsmi məlumata görə, “Tekfen-Inşaat” bu layihə ilə bağlı elan edilmiş tenderdə, açıq müsabiqə yolu ilə 8 nüfuzlu şirkət arasından seçilib.
ARDNŞ-in bir-birinin ardınca onunla bağlılığı və birbaşa asılılığı olan şirkətə bu cür iri layihələri verməsi qanunların açıq şəkildə pozulmasıdır. Belə ki, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi “Dövlət satınalmalarında maraqların ziddiyyəti” adlanır və onun birinci bəndinə görə, satınalan təşkilatdan hüquqi, maliyyə və ya təşkilati asılılığı olan malgöndərənlərin (podratçıların) həmin təşkilat tərəfindən keçirilən satınalma proseduralarında iştirakına yol verilmir. Bu qayda bütün növ tenderlərə aiddir" (1 mart 2013, “musavat.com”).
 
***
Sonuc:
Demək ki, nə imiş?
Illərdir topluma bəh-bəhlə təqdim edilən “korrupsiyaya qarşı mübarizə” ağlı başında olan hər kəsin taa öncədən bildiyi, yazdığı, söylədiyi kimi – şou imiş, tamaşa imiş, fars imiş, fiksiya imiş, gözdən pərdə asmaqmış.
Bu vətən torpaqlarında korrupsiyanın bədəli əsla və əsla cəzalandırılmaq deyilmiş, ödülləndirilməkmiş.
“Şöhrət” ordeni Rövnəq müəllimə xeyirli-uğurlu olsun.