Xəbər verildiyi kimi, Avropa Şurasının Çirkli Pulların Yuyulmasına qarşı Mübarizə üzrə Komitəsi (MONEYVAL) Azərbaycanı bu cinayət növünə, habelə terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizə üzrə səyləri fəallaşdırmağa çağırıb. Təşkilatın “Turan” agentliyinə göndərilmiş press-relizində deyilir ki, MONEYVAL-ın yaydığı hesabata pulların yuyulmasına və terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizə üzrə beynəlxalq və Avropa standartlarının təhlili daxildir.
Əsas hesabat növləri kimi qeyd edilib ki, terrorist aktivlərinin dondurulması ilə bağlı qanunvericilik bazasında böyük nöqsanlar aşkar edilib. Cinayət yolu ilə əldə olunan gəlirlərin müsadirə edilməsini tənzimləyən qanunvericiliyin möhkəmləndirilməsi üzrə addımlar atılsa da, cinayət yolu ilə əldə olunan vasitələr və əmlak müsadirə olunmayıb.
Maliyyə kəşfiyyatı şöbəsi Azərbaycanın maliyyə sistemində fəal alətdir, baxmayaraq ki, bu qurumun təsirdən və işinə müdaxilədən asılı olmaması üçün əlavə tədbirlər görülməlidir.
Hüquq-mühafizə orqanları maliyyə araşdırmaları həyata keçirmək və cinayət yolu ilə əldə edilmiş gəlirləri aşkar etmək, izləmək və onların üzərinə həbs qoymaq üçün kifayət qədər hazırlıqlı deyil. Hakimiyyət yalnız bank köçürmələrini diqqətlə izləyir.
MONEYVAL Azərbaycanın tövsiyələrin yerinə yetirilməsini izləməkdə davam edəcək və 2015-ci ilin dekabrına qədər Azərbaycan aşkar edilmiş nöqsanların həlli üçün görülmüş tədbirlər haqqında məruzə təqdim etməlidir.
Qeyd edək ki, Avropa Şurasının çirkli pulların yuyulmasına və terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizə tədbirlərinin qiymətləndirilməsi üzrə ekspertlər komitəsi milli hakimiyyət orqanlarının çirkli pulların yuyulmasına qarşı mübarizə tədbirlərinin beynəlxalq standartlara uyğunluğunu qiymətləndirən və tövsiyələr verən orqandır.
Məsələni şərh edən iqtisadçı-ekspert Nemət Əliyev söyləyir ki, indiyə qədər hökumət çirkli pulların yuyulması istiqamətində ciddi addımlar atmayıbsa, indən sonra da bunu gözləmək əhəmiyyətsizdir. Ekspertə görə beynəlxalq təşkilat olaraq Avropa Şurası ilə Azərbaycan arasındakı münasibətlərin daha da pisləşməsini istəmədiyi üçün hökumət bu məsələni yola verə bilər:
“Hökumət müəyyən məqamlarla bağlı hansısa bir hesabat da hazırlayıb üzə çıxara bilər. Lakin çirkli pulların yuyulmasıyla bağlı Azərbaycan hesabat verməli olsa, onda gərək buna qarşı ciddi şəkildə mübarizə də aparsın. Beynəlxalq təşkilatların qarşısında götürülmüş öhdəliklərə hökumətin əvvəlki reaksiyası indi də olacaq. Çirkli pulların böyük hissəsi ölkədən kənara çıxarılıb. Müəyyən təhlillər belə qənaətə gəlməyə əsas verir ki, xarici investorların Azərbaycana kapital yatırımı adı altında fəaliyyəti çirkli pulların ölkəyə qayıdışı formasıdır. Çox suallar ortaya çıxır. Əhatəli və reallığı 50 faiz özündə əks etdirən formada hesabatın hazırlanmasına inanmıram. Bu məsələyə hökumət cavab verməkdən imtina da edə bilər”.
Nigar