Eyyub Hüseynov: «Səhiyyə Nazirliyi qiymətlərin sabitləşdirilməsi barədə yalnız vəd verir»
Mətbuatda gedən məlumatlara görə Bakıda fəaliyyət göstərən apteklərdə dərman qıtlığı müşahidə olunur. Apteklərin bir çoxunda əksər dərman preparatları yoxa çıxıb. Əczaçılar bunu ölkədəki iqtisadi durumla əlaqələndirərək mövcud situasiyanın nədən qaynaqlandığını izah etməkdə çətinlik çəkir. Bir məsələ də var ki, adətən ölkədə qiymətlər qaldırılmazdan öncə bazar və marketlərdə əksər məhsullar qəhətə çəkilir və ya cüzi mal-məhsul müşahidə olunur. Apteklərdəki durum onu deməyə əsas verir ki, qiymətlərin qaldırılması labüd olsun.
Azad Istehlakçılar Birliyinin sədri Eyyub Hüseynov söyləyir ki, ölkədə qiymətlər yalnız yüksələn xətlə inkişaf edir. Yəni qiymətlərdə enmə heç bir vəchlə müşahidə olunmur. Eyyub bəy qeyd edir ki, dərmana tələbat yaradılaraq qiymətin bahalandırılmasına zəmin hazırlanır:
“Səhiyyə Nazirliyi Azad Istehlakçılar Birliyinin dərmanların qiymətinin sabitləşdirilməsi barədə müraciətinə yalnız vədlər verir. Lakin bu şifahi vədlər bir nəticə vermir. Təmsil etdiyimiz qurum dərmanların qiymətinin sabitləşməsi barədə nazirliyin qərarını gözləyir. Bu məsələyə tələbat olduqca böyükdür”.
Nigar