Istanbul Prokurorluğuna şəhid prokurorun adı verildi
Martın 31-də Istanbul Prokurorluğunda terrorçular tərəfindən girov götürülən prokuror Mehmet Səlim Kiraz aprelin 1-nə keçən gecə xəstəxanada dünyasını dəyişib. Həkimlər başından və bədəninin bir neçə nahiyəsindən güllə yarası alan prokuroru xilas edə bilməyiblər. Dünən Istanbul Prokurorluğunda Səlim Kirazla vida mərasimi keçirilib. Sonra S.Kiraz dəfn olunmaq üçün Eyüp məzarlığına aparılıb. Olduqca izdihamlı keçən mərasimə baş nazir Əhməd Davudoğlu başda olmaqla, dövlət rəsmiləri, Türkiyənin 11-ci prezidenti Abdulla Gül, həmçinin prezident Rəcəb Tayyib Ərdoğanın qazı Süməyya da qatılıb.
Dəfndən sonra jurnalistlərə açıqlama verən baş nazir Əhməd Davudoğlu bildirib ki, bundan sonra Istanbul Prokurorluğu şəhid prokuror Məhməd Səlim Kirazın adını daşıyacaq. Onun sözlərinə görə, prokuror Kiraz vəzifə başında şəhid olub və Türkiyə hökuməti onun xatirəsini hər zaman əziz tutacaq: “Bundan sonra Istanbuldakı Çağlayan Ədliyyəsi Mehmet Səlim Kiraz Ədalət Sarayı adını daşıyacaq. Bu ad bütün digər ədliyyə orqanları üçün də bir simvol olacaq”.
Ə.Davudoğlu məlum terror olayının hərtərəfli araşdırılması üçün ölkənin xüsusi xidmət orqanlarına da lazımi tapşırıqlar verildiyini bildirib.
Davudoğlu açıqlaması zamanı mətbuatı və müxalifəti də sərt tənqid edib. Baş nazir bildirib ki, mətbuat orqanlarının prokurorun girovluqdakı şəkillərini yayması mədəniyyətsizlik və əxlaqsızlıqdır. Bunun söz azadlığına aidiyyətinin olmadığını deyən Davudoğlu qeyd edib ki, media həmin şəkilləri yayarkən prokurorun ailəsinin vəziyyətini nəzərə almalı idi: “Prokurorun başına silah dayadılmış şəklini yaymaq nə vaxtdan mətbuat əxlaqı saylır? Insanların matəminə hörmət etmək, ölkənin gələcəyini təhdid edən terrorçuların təbliğatına alət olmamaq mətbuat azadlığı qədər vacibdir. Bundan sonra hamı dediyi sözə, atdığı addıma diqqət edəcək. Buradan o media orqanlarının rəhbərlərinə də müraciət edirəm. Onların dəfn mərasiminə gəlməyə, o ailənin qarşısına çıxmağa, o uşağın şəklini çəkməyə haqqı yoxdur”.
Qeyd edək ki, “Cümhuriyet”, “Hürriyet”, “Sözcü”, “Taraf”, “Milat”, “Bu gün”, “Zaman” qəzetləri, “Doğan” və “Cihan” xəbər agentlikləri, CNN Türk, Kanaltürk, IMC TV əməkdaşları dəfn mərasiminə buraxılmayıb. Bu barədə təlimatın baş nazirlikdən gəldiyi bildirilir.
Türkiyə Qəzetçilər Cəmiyyəti etiraz bəyanatı yayaraq jurnalistlərin dəfn mərasiminə akreditasiya ilə buraxılmasını qınayıb.
Ə.Davudoğlu çıxışı zamanı müxalifətin, xüsusən də CHP lideri Kamal Kılıçdaroğlu və MHP başqanı Dövlət Baxçalının dəfn mərasiminə qatılmamasını sərt tənqid edib: “Belə həssas məqamda dəfndə bizimlə bir sırada olmalı, prokurorun övladını bağırlarına basmalı idilər. Terrora qarşı bir olmalı idik. Açıqlama vermək fikrim yox idi. Amma onları burada görməyəndə qərara aldım ki, danışacam”.
Baş nazirə cavab verən Kamal Kılıçdaroğlu isə Davudoğlunu tutduğu vəzifəyə yaraşan şəkildə davranmağa çağırıb: “Hər uğursuzluğun arxasında CHP-ni görməkdən əl çəksin. Bununla tutduğu kürsünün ona böyük gəldiyini göstərir”.
Türkiyə xalqına başsağlığı verən Kılıçdaroğlu prokurorun ailəsi ilə danışdığını, S.Kirazın xanımına üzüntüsünü çatdırdığını bildirib.
MHP lideri Baxçalının isə Davudoğlunun “terrora qarşı bir yerdə olmalı idik” iradına cavabı daha sərt olub: “Terrorçularla bir yerdə olan, qol-qola gəzən kimdir? Bu hökumət və onun baş nazirliyi”.
Gültəkin


