[color=red]5 aprel, saat 15:00, "Məhsul" stadionu, #talanasonƏbülfəz Qurbanlı: «Hər bir vətəndaş bu mitinqdə iştirak etməli və talançılığa «yox» deməlidir»
Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Milli Şuranın aprelin 5-nə təyin etdiyi mitinqlə bağlı müraciətinə cavab verib.
Mitinq komitəsinin sədri, AXCP sədrinin müavini Fuad Qəhrəmanlının verdiyi məlumata görə, Milli Şuranın müraciətinə baxılaraq, mitinqin aprelin 5-də saat 15:00-dan 17:00-a qədər “Məhsul” stadionunda keçirilməsinə razılıq verilib.
AXCP sədrinin müavini, mitinq komitəsinin üzvü Əbülfəz Qurbanlı “Azadlıq”a açıqlamasında bildirdi ki, mitinqlə bağlı hazırlıq işləri tamamlanmaq üzrədir və ölkə vətəndaşlarının bu mitinqdə kütləvi iştirakı vacibdir: “5 aprel mitinqi ilə bağlı bütün işlər yekunlaşmaqdadır. Mitinq Komitəsi mitinqin təşkili üçün nəzərdə tutulmuş bütün istiqamətlər üzrə geniş, təşkilat və təbliğat işləri görüb. Təşkilati-texniki işlər başa çatıb. Yalnız işlərimizin o hissəsi qalıb ki, bu da BŞIH-in razılıq məktubuna bağlı idi. Artıq bu gün (dünən – red.) icra hakimiyyəti mitinq müraciətimizə baxıb və razılıq verilib. Mitinq Komitəsi əhalinin məlumatlandırılması məsələsində 15 mart mitinqi ilə müqayisədə daha geniş dairələri əhatə edib. Həm AXCP-nin mövcud sturkturları, həm sosial şəbəkələr, həm də bizimlə eyni mövqeyi bölüşən tərəfdaşlarımız, könüllülərimiz vasitəsilə aksiyanın təbliğatını 100 minlərə çatdıra bilmişik. 5 aprel mitinqinin təbliğatında əhalinin ən müxtəlif təbəqələri hədəf qruplarına bölünüb, onlara mesaclarımızı vermişik. Təkcə ”facebook" vasitəsilə 100 minə yaxın vətəndaşa dəvət göndərilib. Sahibkarlara, gənclərə və digər sosial təbəqələrə mitinqin məqsədini çatdırmışıq. Hesab edirik ki, 5 aprel mitinqi daha çox vətəndaşı özündə birləşdirəcək. Ümumiyyətlə, bizim qənaətimizə görə, bu mitinqlər yüksələn xətlə davam edəcək və davam etməlidir də. Biz 15 martdan daha fərqli və kütləvi mitinq gözləyirik. Həm də keçirdiyimiz mitinqlər, orada səslənən şüarlar, nitqlər, mitinqin qətnaməsi – bütövlükdə hər bir azərbaycanlının mənafeyi naminədir. “Talana son” mitinqi Əliyev hakimiyyətinin uğursuz və xalqa düşmən siyasətinin dayandırılmasını, saysız-hesabsız sosial problemlərin həllini tələb edir. Güzəştlərin tətbiqini, manatın ucuzlaşması nəticəsində vətəndaşlara dəyən zərərin kompensasiyasını, milyonların lazımsız layihələrə xərclənməməsini tələb edirik. Artıq Mərkəzi Bankın rəhbərliyi növbəti devalvasiyanın anonsunu verib. Təbii ki, ölkəni idarə edənlər Azərbaycanı uçuruma apardıqlarını yaxşı bilirlər. Sadəcə, bu onların vecinə deyil. Onları vətəndaşın ağır yaşayışı maraqlandırmır. Çünki öz üzərlərində cəmiyyətin qınağını, təpkisini hiss etmirlər. Məhz, bu saymazyana münasibətə etiraz əlaməti olaraq, ölkə vətəndaşları “Məhsul” stadionuna gəlməlidir".
Azad



