Gənclərdən 5 aprel mitinqinə çağırış

 
«Gəlin haqqımızı birgə tələb edək!»

Milli Şuranın aprelin 5-də keçirəcəyi “Talana son” mitinqində də ölkə gəncliyi fəal iştiraka hazırlaşır. Azərbaycanın siyasi həyatında xüsusi rola malik gənc fəallar əhalini 5 aprel mitinqində aktiv iştirak etməyə, ölkənin taleyinə biganə qalmamağa səsləyirlər. 
 
Cəmil Hacıyev: 
– Ölkə gəncliyi də, bu yaramaz rejim də əmin olmalıdır ki, Azərbaycanda tez bir zamanda haqq-ədalət öz yerini tapacaq. Azərbaycan Konstitusiyası hər bir vətəndaşa dövlətin siyasətinə təsir etmək imkanı verir. Dövləti okeanda üzən bir gəmi kimi təsəvvür etsək, bu gəminin hərəkət kursu naməlum olarsa təbii ki, dağa-daşa çırpılacaq. Bu gün Azərbaycanı idarə edənlər sərxoş vəziyyətdədirlər. Onların bizi haraya apardıqları bəlli deyil. Azərbaycanın yeraltı və yerüstü sərvətlərini talan edənlər qarşılarında millətin gücünü görməlidirlər. Bu gün Azərbaycan xalqı, xüsusən də gənclik sosial qayğıdan məhrum vəziyyətdədir. Bu gün Azərbaycan gəncliyinin işsizliyinin, sosial-iqtisadi vəziyyətinin pisləşməsinin, ölkədə öz haqqını tapa bilməməsinin yeganə səbəbkarı mövcud rejimin başında duranların yanlış siyasətidir. 15 mart “Talana son” mitinqi zamanı xalqın mühüm bir hissəsi meydana toplaşaraq bahalaşmaya, yalana “son” dedi. 5 aprel aksiyasının da şüarı “Talana son” olacaq. Xalqın aparıcı qüvvəsi hesab olunan gənclər bu mitinqə biganə qalmamalıdırlar. Biz o gəncliyə müraciət edirik ki, onlar özlərinin, yaxınlarının, sevdiklərinin gələcəyinə biganə deyillər. Azərbaycan gəncliyi öz nicatını başqa ölkədə axtarmalı deyil. Allah bizə bu cür sərvətlərlə zəngin bir dövlət bəxş edibsə, bizim də borcumuz ölkəmizdə qalıb öz sərvətlərimiz, haqqımız uğrunda mübarizə aparmaq, ölkə taleyində fəallıq nümayiş etdirməkdir. Bu dövlət bizimdir bu hakimiyyət də bu millətə xidmət etməlidir! 
 
Nərmin Xəlil: 
– Bu gün ölkədə hökm sürən yarıtmaz siyasətin ağrısını Azərbaycan gəncliyi çəkir. Yüz minlərlə gənc işsizlik problemindən əziyyət çəkir, ölkəni tərk etmək məcburiyyətində qalıb. Minlərlə gənc təhsil haqqını ödəyə bilmədiyi üçün ali təhsil ala biilmir. Ümumilikdə, ölkə vətəndaşları ağır sosial-maddi duruma düçar edilib. Belə bir vəziyyətdə Azərbaycanın tanınıb-seçilən, təəssübkeşi hesab olunan Milli Şura aprelin 5-nə mitinq təyin edib. Mitinq BŞIH ilə razılaşdırılmış olduğundan, bu aksiyada iştirak etməmək üçün bir bəhanə yoxdur. Ölkə gəncliyi başda olmaqla, bütövlükdə millətimizi “Talana son” mitinqinə çağırıram. Gəlin haqqımızı birgə tələb edək! 
 
Aqil Məhərrəmov:
– Hakimiyyətin istər gənclərə, istərsə də bütövlükdə xalqa qarşı sayğısız münasibətinə göz yummaq mümkün deyil. 5 aprel Milli Şuranın “Talana son” mitinqidir. Məhv edilmiş təhsil naminə, oğurlanan milyardlar naminə, məhv edilən səhiyyə naminə, oğurlanan gələcəyimiz naminə 5 aprel mitinqində iştirak etməliyik. Bu, sadəcə bir mitinq deyil. Bu, həm də işsiz qalan Azərbaycan gəncinin öz haqqlarına sahib çıxması deməkdir. Bu, 150 manat əmək haqqı alan müəllimin öz peşəsinə qiymət verməsi deməkdir. Bu, qadınların belə, qul bazarının olduğu ölkədə səsini ucaltmaq deməkdir. Bu, evsiz, kirayələrdə yaşayan gənc ailələrin “artıq yetər”, “haqqımızı tələb edirik” deməsidir. Bu, büdcəsindən Olimpiadaya 8 milyard, futbol klublarına 70 milyon manat ayıran hökumətə qarşı xalqın “artıq yetər, dur” deməsidir. 5 aprel mitinqi ilə bizim olana sahib çıxaq. Meydan bizi gözləyir. 
Ilkin Ismayıllı:
– Vicdanımın səsinə qulaq asıb 5 apreldə talana son demək üçün “Məhsul” stadionunda olacam. Kölə yox, vətəndaş olduğumu sərgiləmək üçün meydanda olacam. Qeyrətli, vicdanlı Azərbaycan vətəndaşına müraciət edirəm. Yenə özünü aldatmağa davam edəcəksən? Bəhanələrlə silahlanıb zorakılığın, hüquqsuzluğun, talanın davam etməsinə göz yumacaqsan? Cavabın “xeyr”dirsə, 5 apreldə bizə qoşul!