Jurnalistdən cavab: “Mustafa Hacıbəyli həm də pis oxcudur”
Müsavat Partiyasının Divan üzvü, jurnalist Mustafa Hacıbəyli jurnalist Eynulla Fətullayevi ittiham edib. Mustafa Hacıbəyli “Facebook” səhifəsində jurnalistin Rusiya ilə bağlı yazdığı “Rusiya ilə hesablaşmalı…Qarabağı itirmək istəmiriksə” başlıqlı yazının Azərbaycana qarşı təhdid olduğunu yazıb: “Eynulla Fətullayev Azərbaycana qarşı təhdid dolu bir yazı yazıb. Yazınin məğzi belədir ki, Putin qəddar da olsa, onun hakimiyyəti az qala əbədidir. Hətta o, yazısında bildirir ki, Azərbaycan Putinə qeyd-şərtsiz itaət etməlidir. Əgər itaət etməsə, rus tankları nəinki Qarabağı, hətta Bakını da işğal edər. Jirinovski Eynulla Fətullayevin yanında yalan olub… Allah İbrahim Bayandurluya rəhmət eləsin. Əminliklə deyirdi ki, Eynulla Rusiya xüsusi xidmət orqanlarında xidmətdədir”.
Eynulla Fətullayev isə “Azadlıq”a açıqlamasında Mustafa Hacıbəylinin ittihamlarının əsassız olduğunu bildirib. ”Azərbaycanda elə jurnalistlər var ki, onlar öz yazıları, çıxışları ilə ictimai fikri cəlb edə bilmir. Qabiliyyətləri və istedadları buna çatmır. Əfsuslar olsun ki, bu bir reallıqdır. Ona görə də ictimai fikri cəlb etmək üçün bu və digər şəxslərə çamur atırlar. Adını çəkdiyiniz şəxs də həmin kateqoriyadan olan adamdır. Mənim Moskvadan olan reportajlarımı, məqalələrimi oxuyan hər kəs görə bilər ki, yazılarımda kifayət qədər sərt fikirlər səsləndirmişəm. Mustafa Hacıbəyli nəinki pis jurnalistdi, o həm də pis oxcudur”.