Elçin Behbudov erməni əsgərlə görüşünə aydınlıq gətirdi

«Təəssüf ki, bəziləri mənim addımımı düzgün başa düşməyib»

 
Xəbər verildiyi kimi, Işgəncələrə Qarşı Komitənin sədri Elçin Behbudov köməkçisi ilə birlikdə bugünlərdə Azərbaycan tərəfə keçmiş erməni əsgəri Andranik Qriqoryanla görüşüb. Bu görüşdən şəkil də paylaşan Behbudov bildirib ki, əsgər onunla görüşdə saxlanma şəraitinin yaxşı olduğunu, vaxtı-vaxtında yemək verildiyini və heç bir şikayəti olmadığını deyib.
Hüquq müdafiəçisinin bu addımı birmənalı qarşılanmayıb. Bununla əlaqədar Elçin Behbudovun ünvanına bir sıra tənqidlər səsləndirilib.
Ünvanına səslənən tənqidlərə cavab verən Elçin Behbudov “Azadlıq”a açıqlamasında addımını belə əsaslandırıb: “Bəlli olduğu kimi, hazırda erməni əsirliyində bizim də vətəndaşlarımız var. Konkret olaraq, Kəlbəcərdəki ata-baba yurdunu ziyarət etməyə gedərkən girov götürülən Dəlqəm Əsgərov və Şahbaz Quliyevi götürək. Girovluqda onlara necə işgəncə verildiyi hamıya məlumdur. Girovlarımızın başına torba keçirilib sürüdülməsi və insanlığa sığmayan digər hərəkətləri hamımız internetdə yayılan videolardan izləmişik. Mən isə görüşdən o fotonu paylaşmaqla göstərdim ki, baxın, ermənilər bizim vətəndaşlarımıza necə işgəncə verir, biz onların vətəndaşı ilə necə davranırıq. Yəni, aramızdakı fərq budur. Təəssüf ki, bəziləri mənim addımımı düzgün başa düşməyib”.
Xatırladaq ki, Andranik Qriqoryan martın 22-də xidmət etdiyi hərbi hissəni tərk edərək Azərbaycan tərəfə keçib.
Aytən