Cahangir Hacıyevin istefası qəbul olundu; onun yerinə "Paşa Bank"ın sədrinin gətirildiyi xəbəri yayıldı Bu gün “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçirilib. Bankdan Trend-ə bildiriblər ki, yığıncaqda bankın kənar auditor tərəfindən təsdiqlənmiş və Audit Komitəsi tərəfindən tövsiyə edilmiş 2014-cü ilin maliyyə hesabatı təsdiq edilib, İdarə Heyətinin təklifinə əsasən 2014-cü ildə əldə olunmuş 25,5 milyon manat məbləğində mənfəətin bölüşdürülməmiş mənfəət hesabında saxlanılması, həmçinin bankın nizamnamə kapitalının 200 milyon manat artırmaqla 890 milyon manata çatdırılması barədə qərarlar qəbul edilib.
Yığıncaqda qeyd olunan məsələlərlə yanaşı, təşkilati məsələyə də baxılıb. Məlum olduğu kimi, bankın Müşahidə Şurasının 18 mart 2015-ci il tarixində keçirilmiş iclasında Cahangir Hacıyevin səhhəti ilə əlaqədar bankın İdarə Heyətinin sədri vəzifəsindən azad edilməsi barədə ərizəsi təmin edilib və o, tutduğu vəzifədən kənarlaşdırılıb. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən İdarə Heyəti sədrinin vəzifəyə təyin və azad olunması məsələləri səhmdarların ümumi yığıncağının səlahiyyətlərinə aid edildiyindən, bankın səhmdarlarının ümumi yığıncağının qərarı ilə İdarə Heyətinin sədri C.Hacıyev tutduğu vəzifədən azad edilib.
Hazırda İdarə Heyəti sədrinin vəzifəsini sədrin birinci müavini Emil Mustafayev icra edir.
***
Azərbaycan Beynəlxalq Bankına yeni rəhbər təyin olunub. Bu, barədə "Paşa Bank"ın sədri Fərid Axundovdur. Məlumatı "qafqazinfo" Beynəlxalq Bankdakı mənbəyə istinadla yayıb.
Fərid Axundov 23 may 1971-ci ildə anadan olub. Ali təhsilini 1987-1992-ci illərdə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun "Sənayenin planlaşdırılması" fakultəsində alıb.1993-cu ildə Nottinqem Trent Universitetinin (Bakı) Menecment kurslarını bitirib.1995-ci ildə Britaniyanın Mançester şəhərində yerləşən Salford Universitetinin "Biznesin administrasiyası" fakultəsini bitirib.

1996-2003-cü illərdə Yaxın Şərq Britaniya Bankında Maliyyə nəzarəti şöbəsinin meneceri, Müştəri xidmətləri şöbəsinin meneceri, baş icraçı direktorun müavini vəzifələrində çalışıb.
2003-2005-ci illərdə "Bank Standard"ın, 2007-ci ildən isə "Paşa Bank"ın İdarə Heyətinin sədri olub.
"Unibank"ın icraçı direktoru Cəlal Qasımov isə "Paşa Bank"ın İdarə Heyətinin sədri vəzifəsinə gətirilib. O, həmçinin Təhsil naziri Mikayıl Cabbarovun xalası oğludur.



