
İllərdir bu ölkədə tiranlıq edib özünü demokrat, böyük, alicənab göstərmək istəyənlərin də kimliyinə güzgü tutub onların gercək mahiyyətini üzə qoyan insanlar var. Fironlar nə qədər çabalasalar da, özlərini hətta 11 yaşlı uşağa belə təriflətsələr də alınmır, ölkədə az sayda da olsa güzgü-insanlar onların kimliyinə işıq tutur. İntiqam Əliyev kimi…
Son məhkəmə iclasında qızı Nərminə sual ünvanlayan, ata kimi qızının yaşayacağı çətinlikləri dilə gətirən insan-güzgü… Bu ölkədə tərbiyə və alicənablığın, təmizilik və heysiyyatın , qürurlu insan olmağın az qala simvoluna cevrilən İntiqam Əliyev qızının onunla qürur duyub-duymadığından əndişəlidir. Axı nə verib Nərminə? Nə villalalar, nə qızıl yataqları, nə bank hesabları, nə də bahalı hədiyyələr…
Ancaq şərəfli və ləyaqətli bir atanın övladı olmaq qürurunu verə bilib…
İdealizmin və idealistlərin kökü az qala quruyan bir ölkədə bu sözlər çox sönük səslənir bəlkə… Amma axı İntiqam bəy var – idealist bir ata və hüquq savaşçısı… Nərmin var – bir atanın kövrək sualına qürurla və idealistcəsinə cavab verə bilən bir xanım…
İntiqam bəy, Nərmin qızınız olmasından niyə peşiman olsun? Ona verdiyiniz sözü birinci sizmi pozdunuz? Axı Nərmin sizdən niyə utansın? Onu utandıracaq nə etdiniz ki? Başını önəmi əydiniz, güvənini qırdınızmı? Ah, Nərminin ad günlərində, hətta bəlkə Novruz bayramında onunla deyildiniz.Olsun, onu utandıracaq bir işlə məşğul deyildiniz ki, haqqı pozulmuş insanların haqqını qorumaq üçün hansısa ədələtsiz bir hökmü əngəlləməyə çalışırdınız. Yəqin ki, sizə küsdüyü anlar olub. Amma sizə qırğın deyil, sizinlə qürur duyduğundan, qızınız olmaqdan bir an belə utanmadığından əminəm. Bilirsinizmi niyə? Çünki məhkəmədə siz o sualı ona verəndə susmadı. İnanın, əgər Nərmin sizin qızınız olmasından peşiman olsaydı, susardı, hətta məhkəmədə ictimai rəyə hesablanmış o cavabı vermiş olsaydı belə, sabahı gün öz Facebook profilində sizin suala geniş-geniş cavab verməzdi. İçindəki qırğınlıq ona imkan verməzdi.
Dediyi sözlərin ictmai alqışa hesablanmış sözlər deyil, qəlbinin dərinliyindən, atəşindən qopan, sevgi ilə deyilən sözlər olduğuna inanın. İnsan haqlı olanda hər şeyə – çəkdiyi əzaba, acıya rəğmən qürurlu və güclü olur. Siz də qürurlu olmağı haqq edirsiniz. Bu gün məhbus halınızla gücü, azadlığı ilə öyünənlərə qafa tuta biləcək qədər qürurlu olmağa haqqınız var. Dünya sizlərin çiynindədir. Yalan danışıb, yalanı lənətləyənlərin deyil.
Dünya sizin kimi dəyanətli və əxlaqlı insanların gücü ilə məhvərindən qopmur. Əxlaqdan danışıb əxlaqsızlıq edənlərin gücü ilə fırlanmır. İqtidardakılar zənn edirlər ki, dünya ya onların başına fırlanır, ya da ayaqlarının altındadır. Özünü bir şey zənn edən, gücünü ya dəyənəyə, ya da həbsxanaya çevirib nümayiş etdirənlər hələ ki, susqun bir xalqın laqeyidliyindən bəslənir. Qanla bəslənib zülmətdən güc alan vampirlər kimi, Azərbaycan xalqının düşüncəsidəki qaranlıq zülmətdən güc alıb insanların qanı ilə bəslənənlərin zəif düşməsi üçün lazım olan günəş bir gün doğacaq mütləq…
Bu gün Azərbaycan həbsxanalarında zülmətlə savaşan insanların nümayəndələri var, demək ki, bu ölkədə günəş tamam batmayıb. Hamımız bu günəşin doğmasını yubadan xalqın indiki durumundan narazıyıq, amma səhərin gəlməsi də qaçlmazdır.
Qəlbini şeytana təslim etmiş, əməlləri ilə Allahı belə məyus edənlərin qarşısında dik dayana bilmək qürurunu yaşaya bildiyinizə görə nə qədər xoşbəxt olmalısınız. Qızınıza görə də rahatsız olmayın. Olsun, qoy Nərmin xaricdə təhsil ala bilməsin. Qoy onu vəkillər kollegiyasına da almasınlar. Amma bir gün gələcək, o xaricdə təhsil ala bilməyən Nərmin yaxşı bir vətəndaş və vəkil kimi yetişəcək, bu gün sizi saxta ittihamlarla həbsə atanların hökmünü oxuyacaq. O zaman da siz deyəcəksiniz ki, səninlə fəxr edirəm, qızım!
Nərmin xanım, sizi tanımıram, amma tanıyırmış kimiyəm də… Sizin öləcəyindən qorxduğunuz arzularınızın sızıltısını, ürəyinizdə qalacağından əndişə keçirdiyiniz ümidlərin bir gün solacağının həyacanı ilə yaşadığınızı hiss edirəm.
Amma nə olursa olsun, yaddaşınızı canlı tutun. Atanız, bu gün Azərbaycandakı zalım və yırtıcı iqtidarın kimliyinə, mahiyyətinə güzgü tutduğu kimi, siz də o alicənablığı və heysiyyatı ilə sakitcə meydan oxuyan bir insanın qızı olmaq adına dik durun.
Bu gün iqtidarda harınlıq edənlərin sabahkı məhkəməsində hakim olub ədalətli və haqq etdikləri qərarı onların üzünə oxumaq adına dik durun.
İçinizə kin yükləməyin, tərtəmiz saxlayın ruhunuzu… Bu günün cəlladlarına sabah hökm oxuyanda kinlə deyil, ədalət adına qərar oxumanız, səviyyəli və dəyanətli biri olmaq, onlar kimi qisasçı olmamaq adına ruhunuzu qəzəbə təslim etməyin. Onların gözünün içinə baxa bilmək, “mən İntiqam Əliyevin, sizin cinayətkar elan etmək istədiyiniz o adamın qızıyam” deyib sonra sükutunuzla onların qəlbində bəlkə də hələ hardasa qalmasına ümid etdiyimiz insanlığı xilas etmək adına dik durun…