Zirədəki hərbi hissədə silahlı insident

Hərbçi silhasız sakini güllələyib öldürdü; Ölən şəhid qardaşıdır; Rəsmi açıqlama
 

Müdafiə Nazirliyi Bakıda hərbi hissədə baş verən silahlı insidentə aydınlıq gətirib. Nazirliyin mətbuat xidmətindən bildirilib ki, martın 31-də saat 13:30 radələrində 3 nəfər mülki şəxs əllərində soyuq silahla (bıçaq) Hərbi Dəniz Qüvvələrinin N saylı hərbi hissəsindəki silah-sursat anbarları yerləşən ərazinin 2 hasarını keçərək mühafizə olunan və qadağan olunmuş sahəyə daxil olublar.

Qarnizon və Qarovul Xidmətləri Nizamnaməsinin tələblərinə uyğun olaraq, görülən tədbirlər nəticəsində əraziyə qeyri-qanuni daxil olan şəxslərdən ikisi tələblərə tabe olaraq dayanıb. Üçüncü şəxs tələblərə tabe olmadığından və havaya xəbərdarlıq atəşindən sonra hərəkəti davam etdirdiyinə görə ona qarşı silah işlədilib.
 
Hadisə ilə bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

***

Martın 31-i günorta saatlarında Bakının Zirə qəsəbəsində yerləşən «N» saylı hərbi hissədə silahlı insident baş verib. Hərbi hissənin ərazisində çaşır (göyərti növü) yığan Xəzər rayon sakini Zəfər Şahverdiyev orada xidmət edən hərbiçi tərəfindən güllələnib. Hadisə zamanı Z.Şahverdiyevin yanında əmisi oğlu Yavər Şahverdiyev və yaxın qohumu Elnur Şirinov da (hər üçü Kəlbəcərdən məcburi köçkün düşüb) olub. Hərbiçi bunları görən kimi yerə yatmalarını əmr edib. Z.Şahverdiyevin yerə yatmadığını görəndə isə əlindəki silahla ona atəş açıb. Bu biri iki nəfər isə digər hərbiçilərlə birgə hərbi hissəyə aparılıb. Qohumları Zəfər Şahverdiyevin qan itirdiyini, ona kömək etmək istədiklərini desələr də, hərbiçilər onlara məhəl qoymayıblar. Hər iki şəxs sənədləri əllərindən alındıqdan sonra evə buraxılıb. 

Sonradan Z.Şahverdiyev Zirədəki xəstəxanalardan birinə aparılıb. Yaralının xəstəxanaya kim tərəfindən aparıldığı məlum deyil. Həkimlər vəziyyəti ağır olduğu üçün onun Sabunçu rayon xəstəxanasına köçürülməli olduğunu bildiriblər. Lakin çoxlu qan itirən Z.Şahverdiyev elə yoldaca keçinib. Onun sabah dəfn ediləcəyi bildirilir.
 
47 yaşlı Z.Şahverdiyevin qardaşı Qarabağ döyüşlərində şəhid olub. 
 
Məlumat redaksiyamıza gec daxil olduğundan Müdafiə Nazirliyinin mövqeyini öyrənə bilmədik.
 
"Azadlıq"