“Human Rights Watch”un nümayəndəsi ölkəyə buraxılmadı

Giorgi Qogia 31 saat aeroporta saxlanıb, geri göndərildi; "Aydındır ki, siyasi qərar verdilər"

"Ölkə daxilində tənqidi səsləri qəddarcasına susdurublar və indi də heç kəsi ölkəyə buraxmırlar ki, etdiklərinin şahidi olmasın"

«Human Rights Watch» hüquq-müdafiə təşkilatı Cənubi Qafqaz üzrə tədqiqatçısı Giorgi Qogianın martın 30-da Bakıya buraxılmaması ilə bağlı bəyanat verib. Bəyanatda deyilir ki,immiqrasiya rəsmiləri Qogianın pasportunu alıb, onu pasport zalında saxlayıb, 31 saatdan sonra pasportu Qogianı geriyə – Tbilisiyə aparan təyyarənin ekipajına təqdim ediblər. Heç bir izahat verilməyib.

Xatırladaq ki, Qogia Bakıya siyasi məhbuslar İntiqam Əliyev və Rəsul Cəfərovun məhkəmələrində iştirak etmək üçün gəlmişdi.

Şahidsiz
 
Avropa və Orta Asiya üzrə direktoru Hugh Williamson deyib ki (azadliq.org), Qogianın məhkəmələrdə iştirakını əngəlləmək hakimiyyətin insan haqları pozuntuları sahəsində necə irəli getdiyini göstərir.
 
«Onlar ölkə daxilində tənqidi səsləri qəddarcasına susdurublar və indi də heç kəsi ölkəyə buraxmırlar ki, etdiklərinin şahidi olmasın. Avropa Oyunlarına 3 ay qalmış, hökumətin dünyanı Bakıda qonaqladığı bir vaxtda ölkənin kənar tənqidi baxışlara bağlanması sarsıdıcıdır», – deyə Williamson bildirib.
 
Olay xarici mediada
 
Giorgi Qogianın Azərbaycandan deportasiyasına bir sıra xarici media orqanları da diqqət ayırıb. eurasianet.org-da Giorgi Lomsadze yazır ki, «Human Rights Watch» və Qogia Azərbaycanda avtoritar idarəçiliyi kəskin tənqid edib. eurasianet.org Azərbaycan Xarici İşlər Nazirliyindən məsləyə şərh ala bilməyib. 
 
«The New York Times» qəzetində David M.Herszenhorn yazır ki, Azərbaycanın veteran insan haqları işçisini ölkəyə buraxmaması artan siyasi repressiyasının son nümunəsidir. Yazıda Azərbaycanda ötən ilki həbslər dalğası narazılara təzyiqlər kimi qiymətləndirilir. Jurnalist Xədicə İsmayılın həbsi, dekabrda Azadlıq Radiosunun Bakı bürosunun möhürlənməsi xatırlanır.
 
Siyasi qərar
 
Gürcüstana çatan Qogia «The New York Times»a deyib ki, o, əvvəllər Azərbaycana daxil olmaqla bağlı problem yaşamayıb, eləcə də heç vaxt mübahisəli Dağlıq Qarabağ bölgəsinə getməyib (Müxbir xatırladır ki, Dağlıq Qarabağa gedənlərin Azərbaycana gəlməsinə qadağa qoyulur). «Aydındır ki, məni sonucda ölkəyə buraxmamaqla bağlı siyasi qərarlar veriblər», – deyə Qogia söyləyib.

***

"Human Rights Watch" beynəlxalq hüquq müdafiə təşkilatının nümayəndəsi Giorgi Qogia martın 31-də saat 17-də Bakı aeroportunda saxlanılıb.

Bu barədə Avropa Şurasının insan hüquqları üzrə keçmiş komissarı Tomas Hammerberq Twitterdəki mikrobloqunda yazıb.

"Turan"ın Azərbaycan XİN-ə sorğusuna cavabda bununla bağlı məlumata malik olmadıqlarını bildiriblər. Sərhəd Xidmətindən şərh almaq da mümkün olmayıb.

Qogianın mobil telefonu vasitəsilə əlaqə saxlamaq da mümkün olmayıb.

Təşkilatın Avropa və Mərkəzi Asiya bölməsinin müdir müavini Rachel Denber "Azadlıq" radiosuna deyib ki, Azərbaycan hakimiyyəti Qogianı ölkəyə buraxmayıb: «Giorgi İntiqam Əliyev və Rəsul Cəfərovun məhkəməsində iştirak etməyi planlaşdırırdı. Bugün isə onun hava limanında saxlanma xəbərini aldıq. Onu hava limanında saxlayıb, ölkəyə daxil olmağa icazə verməyiblər. İmmiqrasiya işçiləri onun pasportunu götürüblər. Giorgia dünən günorta 1.30-dan pasportsuz hava limanında gözləyir».

Rachel Denber deyib ki, Azərbaycan hakimiyyətini Qogianın pasportunu özünə qaytarmağa və ölkədən çıxmağına icazə verməyə çağırırırlar.

"Azadlıq" radiosu məlumatı dəqiqləşdirmək üçün Bakı Hava Limanına zəng edib. Nəqliyyat polisinin və daxili işlər nazirliyinin təmsilçiləri Gogia adlı şəxsin polis tərəfindən saxlanmadığını bildiriblər.

AZAL-ın mətbuat xidməinin rəhbəri Məhərrəm Səfərli isə "Azadlıq" radiosuna bildirib ki, bu haqda onda heç bir məlumat yoxdur, Sərhəd Xidməti ilə əlaqə saxlayın. Sərhəd Xidmətindən və Xarici İşlər Nazirliyindən məlumat almaq mümkün olmayıb.

“Gürcüstan vətəndaşı və “Human Rights Watch” təşkilatının əməkdaşı olan Georgi Qogianı Azərbaycan ərazisinə buraxmayıblar”. Bunu isə virtualaz.org saytına açıqlamasında Gürcüstanın Azərbaycandakı səfirliyinin I katibi Kaxa Abdaladze deyib. Gürcü diplomatın sözlərinə görə, Qogia hazırda Bakı aeroportundakı neytral zonadadır və tezliklə Azərbaycanı tərk edəcək.