Rusiya hüquq-mühafizə orqanlarının əməkdaşları bu gün səhər saatlarında «Roşen» şirkətinin Lipetsk vilayətindəki fabrikinə basqın ediblər. Onların arasında xüsusi təyinatlı polis dəstələri (OMON) və Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları da var. Üzlərində qara maska olan bu şəxslər fabrikin ərazisinə giriş-çıxışa qadağa qoyublar. Fabrikin hüquq şöbəsinin rəhbəri bildirib ki, əməliyyat yerli vaxtla 8.00-da başlayıb. Maskalılar bütün işçiləri akt zalına yığaraq fabrikdə əməliyyat başladıblar. Onların nəyi araşdırdığı hələ ki bəlli deyil. Qeyd edək ki, şirniyyat məhsulları istehsal edən «Roşen» Ukrayna prezidenti Pyotr Poroşenkoya məxsusdur. Lipetsk vilayətindəki məlum fabrik «Roşen»in Rusiyadakı törəmə şirkəti sayılır. Martın 31-də Poroşenko bəyan etdi ki, Krımdakı məlum olaylara görə bəzi Rusiya vətəndaşlarına qarşı sanksiyaları genişlənlirəcəklər. Sanksiyalar həmin vətəndaşların bank hesabları və səhmlərinə həbsi nəzərdə tutur. Görünür, bu bəyanatdan sonra Rusiya rəhbərliyi Poroşenkoya qarşı əks-hücuma keçməyə qərar verib. Bir neçə gün əvvəl Poroşenko açıqlama vermişdi ki, Rusiya hökuməti «Roşen»in səhmlərinin satışına mane olur.
Gültəkin


