Rayon icra hakimiyyətləri başçılarının aqrar məsələlər üzrə müavin ştatı ləğv edilib
Vahid Məhərrəmov: «Dövlət strukturlarının birinin ləğv edilməsi və əvəzində başqasının yaradılması mahiyyətcə heç nəyi dəyişmir»
Azərbaycanda rayon icra hakimiyyətlərində daha bir struktur islahatı həyata keçirilib. Aprelin 1-dən etibarən rayon icra hakimiyyətləri başçılarının aqrar məsələlər üzrə müavin ştatı ləğv edilib. Buna səbəb isə rayonlarda kənd təsərrüfatı idarələrinin yaradılmasıdır.
Xatırladaq ki, icra başçılarının aqrar məsələlər üzrə müavinləri çalışdıqları rayonlarda kənd təsərrüfatı və torpaqla bağlı məsələləri koordinasiya edirdilər.
Icra hakimiyyətlərindən faktı təsdiqləyiblər.
Üstəlik o da bildirilib ki, IH-in aqrar məsələlər şöbəsi də ləğv edilib. Həmin şöbədə çalışan əməkdaşlar IH-in iqtisadiyyat şöbəsində işlə təmin olunacaqlar.
Xatırladaq ki, bir müddət əvvəl icra hakimiyyətlərində olan torpaq şöbələri də ləğv edilmişdi. Maraqlıdır ki, bu islahatlar kənd təsərrüfatına qayğının göstərilməli olduğu ildə baş verir. Çünki hökumət bu ili əvvəlcədən “kənd təsərrüfatı ili” elan etmişdi.
Bəs bu addımlar kənd təsərrüfatının inkişafına kömək edəcək, yoxsa tam əks-proses yaşanacaq?
Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov hesab edir ki, dövlət strukturlarının birinin ləğv edilməsi və əvəzində digərlərinin yaradılması mahiyyətcə heç nəyi dəyişmir. Hazırda kənd təsərrüfatında vəziyyətin gərgin olduğunu deyən V.Məhərrəmov vurğuladı ki, bu sahədə ciddi kadr problemi var. V.Məhərrəmov qeyd edib ki, bu sahədə çalışanların əksəriyyəti aqrar sahə üzrə mütəxəssis deyil: “Yerlərdə icra başçılarının aqrar sahə üzrə müavinləri ilə görüş zamanı onların bu sahədən xəbərsizliyinin şahidi olmuşuq. Əslində yeni institutun yaranması vəziyyəti dəyişməyəcək. Problem ondan ibarətdir ki, istər yerli, istər mərkəzi icra strukturunun yerdə nümayəndəsi olsun, bunlar eyni adamlar olmasa da, eyni səviyyəli kadrlar olacaq, mahiyyətcə heç nə dəyişmir. Bu gün həmin kadrların yenidən hazırlanmasına ehtiyac var. Onların bilgilərinin artırılması vacibdir”.
V.Məhərrəmov bildirdi ki, ölkəmizdə kənd təsərrüfatı sahəsində işləyənlər hələ də primitiv qaydada fəaliyyət göstərir: “Son 20 ildə aqrar elmdə inqilab baş verib. Yeni-yeni texnika və texnologiyaların tətbiqi əvvəlki yanaşmaları alt-üst edib, tamamilə dəyişib. Hazırda inkişaf etmiş ölkələrdə əkin yeni aqrotexniki qaydalara əsasən aparılır. Həmin ölkələrdə əkin, səpin, məhsulun yığımı prosesi tamamilə fərqlidir. Azərbaycanda isə, təəssüflər olsun ki, hələ də əkinçiliklə köhnə dədə-baba qaydası ilə məşğul olurlar. Eyni zamanda, mövcud kadrlar da müasir zamanın tələblərinə cavab verən bilgilərə sahib olmadıqları üçün bu sahənin inkişafında hər hansı rol oynaya, bu sahəyə yenilik gətirə bilmirlər.
Dediyim kimi, forma dəyişəcək, vəzifədəki adamların adı da dəyişəcək, amma məzmun, mahiyyət dəyişməyəcək. Yeni yaradılan struktur Kənd Təsərrüfatı Nazirliyinə tabe olacaq. Nazirlikdə bu sahəni idarə edə biləcək yüksək peşəkarlar varmı?! Ümumiyyətlə, nazirliyin strukturunda olan adamlar bu günün tələbinə cavab verirlərmi? Onların bu sahədəki bilgiləri nə dərəcədə yetərlidir? Nazirin özü, müavinləri, idarə rəisləri kənd təsərrüfatı sahəsində nə dərəcədə mütəxəssisdirlər? Fikrimcə, bu dəyişikliyin heç bir müsbət nəticəsi olmayacaq".
V.Məhərrəmov onu da bildirdi ki, hökumətin belə bir islahat aparması fikri uzun müddət idi vardı. Sadəcə olaraq bu addımın “kənd təsərrüfatı ili”nə təsadüf etməsi zərurətdən irəli gəlir. V.Məhərrəmovun fikrincə, amma atılan addımlar onu deməyə əsas verir ki, hökumət hələ kənd təsərrüfatında hansı problemin olduğunu anlaya bilməyib. “Müxtəlif institutların yaradılmasına heç bir ehtiyac yoxdur. Fermerin torpaqla məşğul olması üçün mühit yaradılmalı, aqrar siyasət aparılmalıdır. Əslində bu gün yerlərdə özəl məsləhətçilərə, yəni yerlərdə fermerlərə istiqamət verə biləcək məsləhətçilərə ehtiyac var. Bu sahədə hökumət müəyyən addımlar atmalı idi. Hər bir kənddə bir özəl məsləhətçinin olmasına, onun fermerlərlə davamlı iş qurmasına çalışmaq lazım idi. Yeni bir struktur yaradaraq, büdcə vəsaitlərinin həmin istiqamətə yönəltməkdənsə, belə bir addım atılmalı idi. Bunun hər hansı müsbət təsiri olmayacaq”, deyə V.Məhərrəmov vurğuladı.
Xəyal