Bələdiyyədə şəhid anasına qarşı hörmətsizlik

Bu ölkədə 20 kvadrat metr yeri şəhid ailəsinə qıymırlar…

 
Sumqayıt şəhəri 11-ci mikrorayon, ev 8, mənzil 25 ünvanında məskunlaşan Sahibə Orucova şəhid anasıdır. O, dövlət başçısı Ilham Əliyevə ünvanladığı fəryad dolu məktubunun surətini “Azadlıq”a da göndərib. Şəhid anası yazır:
“Oğlum Rafiq Orucov 16 iyun 1993-cü ildə Qarabağ uğrunda gedən döyüşlər zamanı Füzuli rayonunda şəhid olub. Onun meyitini düşmən tərəfi verməyib və indiyədək itkin kimi rəsmiləşib.
Oğlum bir vaxtlar yaşadığımız evin arxa tərəfində dəmir budkada göyərçinlər saxlayırdı. Həmin göyərçinlər müharibəyə gedib qayıtmayan oğlumu çox gözləyəndən sonra uçub getdilər. Oğlumdan yadigar qalan dəmir budka qoyulmuş 20 kvadrat metr torpaq sahəsinin mənim adıma rəsmiləşdirilməsinə sərəncam verilməsi üçün etdiyim xahiş indiyədək reallaşmayıb. Şəhid ailələrinə edilən güzəştlərdən (şəhid pensiyası istisna olmaqla) zərrə qədər də olsun, yararlanmamışam. Həmin məsələ ilə bağlı prezidentə, dövlət və hökumət strukturlarına etdiyim rəsmi müraciətlər Sumqayıt şəhər Icra Hakimiyyətinə göndərilir. Sumqayıt Icra Hakimiyyətinin 10 fevral 2015-ci il tarixli məktubunda isə bələdiyyəyə müraciət etməyim tövsiyə edilib. Buna görə də mən Sumqayıt şəhər bələdiyyəsinə rəsmi qaydada müraciət etdim. Bələdiyyə sədri  Əbülfəz Babayev ərizəmə cavab vermədi və məni qəbul da etmədi. Deyirlər ki, bələdiyyə sədri bütün səlahiyyətlərini müavini Soltan Əsədova verib. Onun qəbuluna gedərkən məni çox etinasız qəbul etdi və müraciətimə rədd cavabı verərək  kobud şəkildə otağından qovdu. Otaqdan çıxarkən orada Soltan Əsədovun qəbuluna girmək istəyən çox adam vardı. Onlardan biri problemimi biləndə işin rüşvətsiz həll olunmayacağını dedi. Yəni şəhid anası olmağın heç bir əhəmiyyəti yox imiş.
Mənim oğlum kimi yüzlərlə igid oğlanlar düşmənə qarşı mərdliklə döyüşərək şəhid olmasaydılar, torpaqlarımızı əldə saxlamasaydılar, müraciətimə laqeyd yanaşan icra başçıları və bələdiyyə sədrləri nə edərdi? Dövlət başçısından xahiş edirəm, şəhidlər haqqında sərəncamı nəzərə almayan məmurlar haqqında tədbir görülməsini, oğlumdan yadigar qalan bir parça torpağa sahib olmağı və nəhayət, düşmənə qarşı vuruşaraq itkin düşən oğlumun cəsədinin mənə verilməsini təmin etsin".
Sosial şöbə