Allahla Məzahiri səhv salan deputat

xaqaniquzeyli@gmail.com
 
Yəqin bir çoxumuza “ən islami ölkə hansıdır” sualı verilsə, heç tərəddüd etmədən, islam dininin hakim olduğu ölkələrdən biri arasında seçim edərik. Kimi Türkiyə, kimi Səudiyyə Ərəbistanı, kimi isə Iran deyəcək. Hətta bu sual təsadüfən cənub bölgəsindən olan dini məmura verilsə, heç şübhəsiz, Azərbaycan deyəcək. Beyinlərə müxtəlif müqayisə kriteriyaları gələcək. Məscidlər, saqqallar, başörtüləri, islamın sərt qanunları, ərəb ölkələrindəki çoxarvadlılıq və s. amillərə görə seçim ediləcək. Ümid edirəm ki, ilahi ədalətə, Müqəddəs Kitabımız olan “Qurani-Kərim”dəki tövsiyələrə əməl edən toplumun yaşadağı bir ölkə də ağıllardan keçəcək. 
…Heç şübhəsiz “Qurani Kərim” Allah-Təla tərəfindən əta edilən ən mükəmməl təlimdir. Bunu qeyri müsəlmanlar da etiraf edirlər. Yer kürəsinin bütün insanları bu kitabın yazdıqlarına əməl etsəydilər, dünyada nə müharibə, nə  ədalətsizlik, nə aclıq, nə də cinayət olardı. Qurd quzu ilə otlardı, insanlar yeməyə çörək tapardılar, məzlumların haqqı tapdanmazdı. Rüşvət olmazdı, korrupsiya olmazdı, insanlar qabiliyyətinə görə qazanardılar. Söz azadlığı olardı, insanlar şərlənib tutulmazdı, qanun hamı üçün bir olardı. Lap kafir adlandırdığımız bir çox Qərb ölkələrindəki kimi… Yeri gəlmişkən…
Təxminən 7-8 ay öncə Türkiyənin Gediz Universitetinin müəllimi Əbdülqadir Civanin “Türkiyə islami bir ölkədirmi?” adlı çox maraqlı məqaləsini oxudum. Başlıqdakı Türkiyə asanlıqla bir başqa müsəlman ölkəsi ilə əvəz oluna bilərdi. Hətta mən deyərdim ki, müəllif digər müsəlman ölkələri ilə müqayisədə Türkiyəyə bir balaca “haqsızlıq” edib. Nə isə, gələk məqaləyə…
Abdülkadir hoca yazısında nüfuzlu “Global Economy Journal” dərgisindəki bir maraqlı araşdırmaya istinad edir. Beynəlxalq ekspertlər qrupu “Qurani-Kərim”in təməl tövsiyələrinə ən düzgün əməl edən islam və qeyri-islam  ölkələrin reytinq cədvəli ilə dünyanı heyrətə gətirirlər. Sən demə, bizim müsəlman bildiyimiz ölkələr heç də müsəlman ölkəsi(!) deyilmiş. Öyrənilən 208 ölkə arasında ilk 3 yeri Yeni Zellandiya, Lüksemburq və Irlandiya tutur. Ardınca Danimarka, Ingiltərə və Norveç gəlir. Hətta Israil belə “islamilik”də iki müsəlman ölkəsini qabaqlayır. Ilk 100-yə yalnız iki ölkə – Malayziya (38) və Küveyt (48) düşə bilib. Türkiyə 103-cü, Səudiyyə Ərəbistanı 131-cü, Iran isə 163-cü yerdədir. Sosial dayanışma və yardımlaşma, insan azadlığı, mülkiyyət hüququ, qanunun aliliyi, mənəvi iqlim, mərhəmət və müqəddəs kitabımızdakı digər insani çağırışlara indeksləşmiş bu reytinq cədvəli, nə yazıq ki, reallıqdır. Yəqin ki, sosial şəbəkə və telekanallardan Norveçdə çəkilmiş bir roliki izləmisiniz. Dyanacaqda soyuqdan titrəyən uşağa heç kim biganə qalmır. Insanlar heç fikirləşmədən əynindəki paltarı çıxarıb uşağa bürüyürdülər. Onun kim olduğunu soruşmadan belə…
Fikir verdinizsə, mən doğma vətənim, müsəlman ölkəsi sayılan Azərbaycandan, nə də onun yuxarıdakı araşdırmadakı yerindən  bəhs etmədim. Bunun əvəzinə mən Milli Məclisin Ismayıllıdan olan deputatı Növruzəli Aslanovun bugünlərdə mətbuata verdiyi müsahibəsindən bir hissəni nəzərinizə çatdırıram, buyurun: “Mən işə maşınla gedib-gəlirəm. Kimsə avtobusla gedib-gəlir. Avtobusla işə gedib-gələn insandan artıq deyiləm. Sadəcə, bu, yaradanın məsləhətidir. Deməli, avtobusdan istifadə edən insandan daha artıq iş görməliyəm. Burada onu qeyd edirəm ki, mənim üzərimə bu həyatda çox böyük bir məsuliyyət qoyulmuşdur.ÿVə bunun yerinə yetirilməsi üçün Yaradan mənə müvafiq şəraiti yaratmışdır”. 
Novruzəli müəllimin sözlərindən belə çıxır ki, seçki günü qutuların başında mələklər dolaşırmış və yarım saatdan bir vəziyyət haqqında müdiriyyətə məruzə edirlərmiş…
…Avropada çoxdan qadağan edilmiş bir məhzəb var, adına kalvinizm deyirlər. Bu dinin əsas qayəsi ondan ibarətdir ki, varlı insanlar Allahın sevimli bəndələridir, onlara itaət edilməlidir. Onları sorğulamaq, “bu var-dövləti hansı yolla qazanmısan” demək olmaz, bu bəndələr nəyə tamah salırsa, Allahın adından onlara əta edilməlidir və s. 
Avropalılar 3-4 əsr öncə imtina etdiyi bu iyrənc cərəyanı hələ də dəhşətlə xatırlayırlar və deyilənə görə, bu zaman onların “tükləri biz-biz durur”…
Qaldı, həmin o siyahıdakı yerimizə, onu da zəhmət çəkin siz tapın…